İordaniya və Mərakeşdə Xocalı faciəsi anılıb
28 fevral 2011 16:42 (UTC +04:00)

İordaniya və Mərakeşdə Xocalı faciəsi anılıb

Ermənistanın Azərbaycana təcavüzü, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün şəraitinə düşməsi, ermənilər tərəfindən törədilmiş terrorçuluq əməlləri və soyqırımı cinayəti barədə həqiqətlərin çatdırılması və insanlığa qarşı cinayət olan Xocalı faciəsinin 19-cu ildönümü ilə əlaqədar «Xocalıya Ədalət» kampaniyası çərçivəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İordaniya Haşimilər Krallığında və Mərakeş Krallığında bu ölkələrdəki Azərbaycan Respublikasının səfirlikləri ilə birgə silsilə tədbirlər keçirib.


Lent.az-ın məlumatına Azərbaycanın İordaniyadakı səfirliyi və Dövlət Komissiyasının birgə təşkilatçılığı ilə Oman şəhərində bir neçə tədbir təşkil olunub. Tədbirlərdə İordaniyada akkreditə olunmuş bir sıra xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri, həmçinin ölkəmizin dostları olan xeyli sayda xarici vətəndaş iştirak edib.


Tədbiri giriş sözü ilə açan səfir Elman Araslı ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş terrorçuluq əməlləri və insanlığa qarşı cinayət olan Xocalı faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və «Xocalıya Ədalət» kampaniyası çərçivəsində il ərzində silsilə tədbirlərin davam etdiriləcəyini bildirib. Dövlət Komissiyasının katibi Şahin Sayılov çıxış edərək tədbir iştirakçılarına faktlar əsasında ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırım, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətləri çatdırıb. Tədbirlərin iştirakçılarına Xocalı faciəsini və erməni terrorçuluğunun fəsadlarını əks etdirən sənədli film, kitablar, şəkillər və digər faktoloji materiallar təqdim olunub. Tədbirlər İordaniyanın «əl-Ğad», «əl-Rəy» «əl-Arab» qəzetləri və «Əmira nyus» internet səhifəsində geniş işıqlandırılıb.


Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Mərakeş Krallığındakı səfirliyi, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası birlikdə anım mərasimi təşkil edib.
Tədbirə Mərakeşin dövlət rəsmiləri, Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, İSESKO-nun, akkreditə olunmuş diplomatik korpusun, KİV və yerli ictimaiyyətin nümayəndələri qatılıblar. Ölkəmizin Mərakeşdəki səfiri Sabir Ağabəyov Azərbaycan xalqının azadlıq mübarizəsi, müstəqillik yolunda qarşılaşdığı çətinliklər, erməni terrorçuları tərəfindən törədilmiş Xocalı qətliamının mahiyyətindən danışıb. Mərakeş-Azərbaycan Dostluq Cəmiyyətinin Baş katibi M.əl-Fəqiri, keçmiş SSRİ ali məktəb məzunları cəmiyyətinin sədri M.Lhbus, Mərakeş-Rusiya Dostluq Cəmiyyətinin sədri A.əl-Bəhravi çıxış edərək, Azərbaycana qarşı erməni təcavüzünü pisləyiblər.


Şahin Sayılov Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və soyqırım siyasəti, təcavüz nəticəsində ölkəmizə dəymiş maddi-mənəvi zərər, mədəniyyət abidələrinin dağıdılması, beynəlxalq hüquq normalarına zidd olaraq əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib.
Tədbir iştirakçılarına Xocalı faciəsini və erməni terrorçuluğunun fəsadlarını əks etdirən kitablar, kompakt disklər, fotoşəkillər və digər əyani vəsaitlər təqdim edilib, həmçinin “Erməni terroru” adlı sənədli film nümayiş olunub. Mərasim Mərakeşin müxtəlif kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1186

Oxşar yazılar