Parlament partiyalarının ölkə prezidentinə müraciəti hazırlanır
26 fevral 2011 17:44 (UTC +04:00)

Parlament partiyalarının ölkə prezidentinə müraciəti hazırlanır

Bu barədə APA-ya parlamentdəki mənbələrdən məlumat verilib.

Məlumata görə, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri ölkədə aparılan siyasi və iqtisadi islahatların davamı olaraq siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi ilə bağlı sənəd imzalamağı xahiş edirlər.

Məlumatda o da bildirilir ki, artıq bir neçə siyasi partiya rəhbəri bu müraciəti imzalayıb. Müraciətin gələn həftənin çərşənbə axşamı prezidentə göndərilməsi qərara alınıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev APA-ya açıqlamasında faktı təsdiqləyib. O bildirib ki, siyasi partiyaların maddi vəziyyətinin həddən artıq ağır olduğu bir vaxtda onlar siyasi islahatların davamı olaraq prezidentə belə bir müraciət ünvanlamağa qərar veriblər. Q.Həsənquliyev deyib ki, bu müraciətdə onlar ümumilikdə ölkədə fəaliyyət göstərən siyasi partiyaların maliyyələşməsini xahiş ediblər: “Biz bu müraciətdə xüsusi kriteriya seçməmişik. Amma mənim fikrimcə, parlamentdə təmsil olunan siyasi partiyaların maliyyələşməsindən söhbət gedə bilər. Çünki dünyada da partiyaların büdcədən maliyyələşməsində götürülən əsas kriteriya onların parlament seçkilərində əldə etdiyi nəticədir. Bunun əksinə - ölkədə yaradılmış bütün siyasi partiyaların maliyyələşdirilməsi tendensiyasına dünyada rast gəlinmir. Belə bir şey siyasi sistemə ciddi zərər vura bilər və bu prosesdən bəhrələnmək istəyənlər ola bilər”.

Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Qəzənfəroğlu isə APA-ya bildirib ki, prezidentə müraciətdə “Siyasi partiyalar haqqında” qanunun dövrün tələblərinə uyğunlaşdırılması və demokratikləşdirilməsi üçün addımlar atılmasının zəruriliyini diqqətə çatdırıblar: “Prezidentin özü də Milli Məclisdə çıxış edərkən bildirmişdi ki, siyasi sistemdə islahatların aparılması vacibdir. Bu baxımdan partiyaların fəaliyyət imkanlarının genişləndirilməsi, onların seçkilərdə maliyyələşməsi probleminin həlli və seçkilərdə aktiv iştirakının təmin olunması üçün belə bir addımın atılması vacibdir. Qanun 1992-ci ildə qəbul olunub. O vaxtdan siyasi reallıqlar dəyişib, Konstitusiyaya bir çox dəyişikliklər edilib. Prezidentin siyasi sistemdə islahatların aparılmasının vacibliyini vurğulaması da sübut edir ki, bu qanuna yenidən baxılmalı, siyasi partiyaların siyasi sistemdə və dövlət idarəçiliyində rolu artırılmalı, partiyalar dövlət büdcəsindən maliyyələşdirilməlidir. Prezidentdən xahiş olunur ki, bu prosesdə öz dəstəyini əsirgəməsin”.

Qeyd edək ki, Azərbaycan Milli Məclisində Yeni Azərbaycan, Sosial Rifah, Ana Vətən, Böyük Quruluş, Ədalət, Ümid, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyaları təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 553

Oxşar yazılar