İosif Şaqal: “Xocalı soyqırımı dinc insanlara qarşı törədilmiş ən qanlı cinayətlərdən biridir”
25 fevral 2011 18:09 (UTC +04:00)

İosif Şaqal: “Xocalı soyqırımı dinc insanlara qarşı törədilmiş ən qanlı cinayətlərdən biridir”

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Xocalı soyqırımı qurbanlarının anım gününü “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının prezidenti İosif Şaqal açıb. İosif Şaqal deyib ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə erməni silahlılarının keçmiş Sovet Ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum etməsi dinc insanlara qarşı törədilmiş ən qanlı cinayətlərdən biridir: “Həmin faciədən 19 il keçsə də Azərbaycan vətəndaşları və əslən Azərbaycan Respublikasından olanlar Xocalı qətliamının adı gələndə hələ də ürək ağrısını unuda bilmirlər. Heç bir şübhə doğurmur ki, bu tək hərbi cinayət yox, həm də erməni millətçiləri tərəfindən xüsusi qəddarlıqla həyata keçirilən etnik təmizləmə idi”.


Bu anım mərasimində iştirak etmək üçün bir günlüyünə İsrailə gəlmiş Milli Məclisin deputatı Qənirə Paşayeva İsraildəki Azərbaycan diasporunun bu tədbirin təşkil olunması və keçirilməsindəki rolunu yüksək qiymətləndirib. Xocalı soyqırımına toxunan deputat bəyan edib ki, Xocalıda ermənilər tərəfindən insanlıq əleyhinə cinayət törədilib: “Dinc Azərbaycan əhalisi yalnız azərbaycanlı olduqları üçün amansızlıqla qətlə yetirilib. Ermənilərin vəhşiliyini bütün dünya bilməlidir və cinayətkarlar beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər. Yəhudi xalqı Xocalı soyqırımı ilə nəticələnmiş erməni faşizmini hamıdan yaxşı anlaya bilər. Azərbaycanlılara qarşı həyata keçirilmiş bu soyqırımı insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən biridir və dünya ictimaiyyətinin buna öz münasibətini açıqlaması vacibdir”.


“İsrail-Azərbaycan” Parlamentlərarası komissiyasının sədri deputat Robert İlatov qeyd edib ki, Xocalıdakı faciə Azərbaycan xalqının dəhşətli faciəsidir. İsrail deputatı ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Xocalı soyqırımı qurbanlarının anım günündə iştirak edən İsrail Knessetinin keçmiş deputatı, İsrailin müdafiə nazirinin sabiq müavini və Netanya Universiteti yanında Strateji Dialoq Mərkəzinin sədri, general Yefraim Sne Xocalı faciəsi ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verib: “Bu Azərbaycan xalqına qarşı əsl cinayət idi və dünya, təəssüf ki, hələ ki bu faciə barədə çox az bilir. Beynəlxalq münasibətlərin müasir durumunda biz ikili standartların şahidi oluruq. Misirlə sülh naminə İsrail Sinay yarımadasını tərk etdi, fələstinlilərlə sülh əldə etmək ümidi ilə Qəzza sektorundan çıxdı. Son sülh danışıqlarında İsrail işğal etdiyi ərazilərin 93-96%-ni qaytarmağa hazır idi. Buna görə məndə sual yaranır: Bəs niyə görə BMT Təhlükəsizlik Şurasının hörmətli üzvləri və dünya birliyi BMT üzvü olan Ermənistandan işğal etdikləri 20% Azərbaycan torpaqlarından çıxmağı tələb etmirlər? Niyə görə dünya onun təcavüzü nəticəsində Azərbaycanın hər yeddini vətəndaşının öz doğma torpağında qaçqın olmasına səbəb olan Ermənistandan Azərbaycana qarşı təcavüzün dayandırılmasını tələb etmir? Niyə görə İsraildən güzəşt tələb olunur, Ermənistandan isə bunu tələb edən yoxdur? Niyə görə heç kəs Ermənistandan sülh naminə addım atıb öz silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmasını tələb etmir?”.


İsrailli generalın sözlərinə görə, təəssüflər olsun ki, dünya bu gün ətraf mühit probleminə qarşı daha diqqətlidir: “Lakin niyə görə dünya erməni hərbi birləşmələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində dəymiş ekoloji zərər və bəlkə də genosidlə bağlı susur?”



Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut Xocalı faciəsinin tarixi barədə ətraflı danışıb. İsrailli ekspertin fikrincə, müharibənin özünün amansız məntiqi var və bu məntiqə görə, Xocalı işğal olunmağa məhkumdu: “Faciənin baş verdiyi gecəyə qədər Xocalıda qalmış sakinlər (təqr. 2500 nəfər) hücum başlandıqdan sonra yaxınlıqdakı əsasən azərbaycanlıların məskunlaşdıqları yaşayış məntəqəsinə gedərək xilas olunmaq ümidi ilə evlərindən çıxmaq məcburiyyətində qaldılar. Lakin onların bu planı baş tutmadı. İşğalçılar Xocalını yerlə yeksan etdilər, şəhərin dinc sakinlərinə görünməmiş amansızlıqla divan tutdular. Onlar nə qocalara, nə qadınlara, nə də uşaqlara aman verdilər”.


Ekspertin sözlərinə görə, Ermənistanın günahkar olduğunu tək Azərbaycanın hüquq-mühafizə orqanlarının əlində olan tutarlı faktlar deyil, həm də çoxsaylı müstəqil mənbələr, faciə şahidlərinin ifadələri və Xocalının alınmasında iştirak etmiş erməni hərbçilərinin özlərinin söylədikləri də təsdiqləyir: “Bu faktlar təsdiqləyir ki, Xocalının dinc sakinlərinin bilərəkdən qırılması yalnız onların azərbaycanlı olması ilə bağlı olub. Xocalı şəhəri Azərbaycan ərazilərinin etnik təmizlənməsinin bir mərhələsi idi. Günahsız uşaqlara, qadın və qocalara qarşı bu barbar qəddarlığının heç bir izahı yoxdur. İsraildəki Azərbaycan diasporunun nümayəndələri bu dəhşətli faciəni heç vaxt unutmamalıdırlar. Biz erməni faşistlərinin insanlığa qarşı nifrətlərinin pik nöqtəyə çatdığı bu günün xatirəsini nəsildən-nəsilə ötürməliyik. Biz bunu Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsi naminə, bir daha analarını görməyəcək uşaqların naminə etməyə borcluyuq”.


İsrailli ekspertin sözlərinə görə, dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, Xocalıda faciəsi kim soyqırımı aktlarını ittiham edir, bunun yolverilməz olduğunu bəyan edir: “Dünya bilməlidir ki, bu cinayət tək Azərbaycan xalqına qarşı deyil, bütün insanlığa qarşı bir cinayət idi. Hazırda Ermənistanda yüksək vəzifələr tutan şəxslər – Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Koçaryan və başqaları, həyata keçirilmiş soyqırımının iştirakçıları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməli, cinayət cəzasız qalmamalıdır”.


Tədbirdə yekun sözü ilə çıxış edən Azərbaycan Mədəni Mərkəzinin direktoru Yeganə Salman Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə, Heydər Əliyev Fonduna və “Xocalıya Ədalət naminə” Fonduna tədbirin yüksək səviyyədə təşkil olunması və keçirilməsinə görə təşəkkürünü bildirib.


Qeyd edək ki, Xocalı soyqırımı qurbanlarının anım mərasimində İsraildə akkreditə olunmuş Türkiyə, Özbəkistan, Şimali Kipr Türk Cümhuriyyətinin diplomatik nümayəndəliklərinin nümayəndələri, Knessetin deputatları, siyasi və ictimai təşkilatların liderləri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 670

Oxşar yazılar