Kiyevdə “Xocalı harayı”
25 fevral 2011 10:29 (UTC +04:00)

Kiyevdə “Xocalı harayı”

Kiyevin “ART Qalereya” sərgi salonunda Ukrayna Rəssamlar İttifaqının üzvü Rasim Seydimovun əsərlərindən ibarət “Xocalı harayı” adlı rəsm sərgisinin açılışı olub.

Lent.az-ın verdiyi məlumata görə, martın 2-nə qədər davam edəcək sərgi İslam Konfransı Gənclər Forumu, Ukrayna Azərbaycanlı Gənclər Birliyi və Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşəbbüsü, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.

Gənc rəssamın Xocalı harayı mövzusunda çəkdiyi 26 rəsm əsərində ermənilərin Xocalıda uşaqlara, qadınlara, qocalara həyata keçirtdikləri bəşəri cinayət əksini tapıb və avanqard cizgilərlə düşmənin vəhşilik obrazını özündə əks etdirir. Əsərlərində zülmətdən işığa yol açan rəssam xeyrin şər üzərində qələbə çalacağı ilə bağlı fəlsəfi düşüncələrini çatdırır.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin mədəniyyət və informasiya departamentinin rəhbəri İlhamə Allahverdiyeva erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında sərgilərin nümayiş etdirilməsinin müstəsna əhəmiyyət daşıdığını bildirib. Ukrayna Azərbaycanlıları Konqresi adından beynəlxalq təşkilatları və dünya birliyini Xocalı soyqırımına hüquqi siyasi qiymət verməyə səsləyən diaspora rəhbərlərindən İlqar Abbasov və Akif Gülməmmədov Ermənistan dövlətinin Xocalı soyqırımına görə tarix qarşısında cavab verməli olduğunu vurğulayıblar.

Milli Məclisin deputatı Musa Qasımlı çıxışında ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirtdikləri işğalçılıq və soyqırım siyasətinə beynəlxalq ictimaiyyəti biganə yanaşmamağa çağırıb: “Azərbaycanlılara qarşı həyata keçirilən soyqırım siyasətində Ermənistan prezidenti Serj Sərkisyan da iştirak edib. Təəssüf ki, beynəlxalq təşkilatlar bu fakta göz yumurlar və ikili siyasət yürüdürlər”.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə Xocalı soyqırımından 19 il ötməsinə baxmayaraq, beynəlxalq təşkilatların və dünya birliyinin hələ də bu faciəyə hüquqi-siyasi qiymət verməməsini tarixi ədalətsizlik kimi dəyərləndirib: “Xocalı faciəsi təkcə 50 milyonluq azərbaycanlının deyil, bütün dünyanın faciəsidir. Hesab edirəm ki, dünya birliyi ermənilərin belə bir dəhşətli soyqırım siyasətinə göz yummaqla tarix qarşısında bu faciəni törətmək qədər bir məsuliyyəti öz üzərinə götürüb”.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov isə deyib ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində Ukraynanın əyalət və şəhərlərində silsilə tədbirlər həyata keçirilib: “İnanıram ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynayacaq. Bu kampaniyada dünyada yaşayan bütün azərbaycanlı gənclər xüsusi fəallıq nümayiş etdirməklə vətəndaşlıq borcunu yerinə yetirməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1377

Oxşar yazılar