Qənirə Paşayeva türkiyəli jurnalistlərlə görüşüb
19 fevral 2011 17:39 (UTC +04:00)

Qənirə Paşayeva türkiyəli jurnalistlərlə görüşüb

Lent.az-ın məlumatına görə, qardaş ölkə jurnalistləri bildiriblər ki, səfərlərində əsas məqsəd, Azərbaycan haqqında, Dağlıq Qarabağ münaqişəsi və ümumiyyətlə Azərbaycan həqiqətləri barədə televiziya proqramı və sənədli film çəkmək, habelə, nüfuzlu dərgi və qəzetlərdə yayımlanacaq məqalələr hazırlamaqdır. Millət vəkili Azərbaycan həqiqətlərini sənədli filmlər və proqramlar vasitəsi ilə qardaş Türkiyə ictimaiyyətinə daha geniş miqyasda çatdırılmasının çox vacib olduğunu vurğulayıb.



Q.Paşayeva jurnalistlərə Ermənistanın, işğal altında saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri və qəbiristanlıqları dağıtmaları, Xocalı soyqırımı da daxil olmaqla dinc azərbaycanlılara qarşı törədilən soyqırım aktları, həmçinin, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verilməməsi barədə ətraflı məlumatların əks olunduğu müsahibə verib.



Jurnalistlərə Azərbaycan həqiqətlərinə dair çoxlu sayda kitab, sənədli film və videomateriallar təqdim edən millət vəkili Qənirə Paşayeva, müsahibəsində, Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmasını tələb edən beynəlxalq təşkilatların qətnamə və sənədləri barədə də onları bilgiləndirib. O, eyni zamanda ermənilərin tarixi Azərbaycan torpaqlarına 19-cu əsrdən başlayaraq, Rus imperiyası tərəfindən məqsədli şəkildə köçürülməsi, bunun arxasında dayanan maraqlar və buna etiraz edən azərbaycanlılara qarşı edilən təzyiq və təqiblərdən də danışıb. Xanım millət vəkili bildirib ki, bugünkü Ermənistan dövlətinin yerləşdiyi ərazilər tarixi Azərbaycan torpaqlarıdır və ermənilərin bu torpaqlara köçürülməsi ilə yanaşı azərbaycanlıların zorla öz torpaqlarından çıxarılması, deportasiya olunması prosesi də aparılmış və bu bədnam siyasət həm Rus imperiyası həm də SSRİ rəhbərliyi tərəfindən məqsədli şəkildə həyata keçirilib.


Millət vəkili Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması istiqamətində prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlərdən də danışıb. O, deyib ki, qardaş ölkələr olan Azərbaycan və Türkiyə, o cümlədən hər iki ölkənin xaricdəki diasporları, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması, tanıdılması istiqamətində birlikdə daha sıx çalışmalıdır və bu, hər iki ölkə üçün çox önəmlidir.


Sonra millət vəkili jurnalitləri Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törədilmiş soyqırım və vandalizm aktlarının canlı şahidləri olmuş, ev-eşiklərini itirmiş qaçqın və məcburi köçkünlərlə görüşdürüb.


Jurnalistlər millət vəkilinə sənədli filmin və proqramların mümkün olan ən qısa zamanda araya-ərsəyə gətirəcəklərini və yayımını təşkil edəcəklərini bildiriblər.


Qeyd edək ki, bu silsilədən ilkin proqramlar və məqalələr yaxın günlərdə nümayiş olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570

Oxşar yazılar