Meksikadakı səfirliyimiz Xocalı faciəsi ilə bağlı tədbir keçirib - FOTO
18 fevral 2011 11:11 (UTC +04:00)

Meksikadakı səfirliyimiz Xocalı faciəsi ilə bağlı tədbir keçirib - FOTO

Səfirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı faciəsinin nəticələrindən bəhs edən məlumat xarakterli prezentasiya ilə çıxış edib.

Qeyd edilib ki, Xocalıda baş vermiş soyqırım nə qədər dəhşətli olsa da, bu Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qeyri-insani və qəddar cinayətlər sırasında yalnız biridir. İlqar Muxtarov bu xüsusda Azərbaycan torpaqlarının, o cümlədən Zəngəzur ərazilərinin işğalı tarixindən danışıb. Azərbaycanda mövcud olan dini və milli mənsubiyyət baxımından tolerantlıqla müqayisədə ölkəmizin işğal edilmiş ərazilərində xalqımızın mədəniyyət irsinə qarşı Ermənistan tərəfindən həyata keçirilməkdə davam edən cinayətlər, məscidlərin və digər dini və tarixi abidələrin məhv edilməsi faktları tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Eyni zamanda Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən 2010-cu ilin fevral ayında Xocalı faciəsi haqda ilk dəfə olaraq ispan dilində hazırlanıb istifadəyə verilmiş “www.justiciaparajodyali.org” internet səhifəsi barədə görüş iştirakçılarına məlumat verilib. Nümayiş etdirilmiş prezentasiyada Azərbaycanın tarixi, iqtisadiyyatı, ümumi inkişaf istiqamətlərindən də bəhs edilb.

Meksika parlamentinin deputatı, Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Markos Peres Xocalıda baş vermiş hadisələrin Meksika ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində öz tərəfindən gələcəkdə də mümkün olan dəstəyin veriləcəyini söyləyib. Tədbir zamanı Meksika–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun digər üzvləri də çıxış edib, nümayiş etdirilmiş dəhşətli görüntülərin insan hüquqlarının ən kobud şəkildə pozulmasının bariz nümunəsi olduğunu vurğulayıblar. Bildirilib ki, təcavüzün sərhədi və milliyyəti yoxdur və işğalçılıq siyasəti, insan hüquqlarının pozulması və digər qeyri-insani cinayətlərin dayandırılması üçün Meksika Konqresi də daxil olmaqla, beynəlxalq ictimaiyyət öz səylərini birləşdirməlidir.

Tədbirdə Meksikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Meksika Konqresinin üzvləri və kütləvi informasiya vasitələri nümayəndələri iştirak ediblər. Xocalı faciəsi haqda Meksika ictimaiyyətinin məlumatlandırılması istiqamətində “Xocalıya Ədalət” beynəlxalq kampaniyası çərçivəsində tədbirlər silsiləsi davam etdiriləcək.
# 485

Oxşar yazılar