Küveyt Azərbaycanın namizədliyini dəstəkləyəcək
11 yanvar 2011 15:02 (UTC +04:00)

Küveyt Azərbaycanın namizədliyini dəstəkləyəcək

Yanvarın 10-da Azərbaycan Respublikası hökuməti və Küveyt Dövləti hökuməti arasında əməkdaşlıqla bağlı yaradılmış Birgə Komissiyanın birinci iclası keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclas zamanı siyasi və diplomatik, iqtisadiyyat və ticarət, investisiya və maliyyə, sənaye və energetika, hərbi, ali təhsil və elmi tədqiqatlar, nəqliyyat, rabitə və informasiya texnologiyaları, turizm, informasiya və mədəniyyət, səhiyyə və ekologiya, gənclərlə iş və idman sahələrində Azərbaycan ilə Küveyt arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.


Tərəflər iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsini vacib sayıblar. Küveyt tərəfi Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb. İslam Konfransı Təşkilatının (İKT) Zirvə Görüşünün 2014-cü ildə Bakıda keçirilməsi ilə bağlı Azərbaycanın təklifi Küveyt tərəfindən dəstəklənib. Eyni zamanda Azərbaycanın 2013-cü ildə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvlüyünə namizədliyinin Küveyt tərəfindən dəstəkləyəcəyi bildirilib.

Birinci iclasın sonunda Azərbaycan və Küveyt arasında aşağıdakı sənədlər imzalanıb:

- Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın birinci iclasının Protokolu;

- Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında iqtisadi və texniki əməkdaşlıq haqqında Saziş;

- Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında diplomatik / xüsusi pasportlara malik olan şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında Saziş.

Tərəflər əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədi ilə qarşılıqlı maraq doğuran müxtəlif mövzular ətrafında məsləhətləşmələr və müzakirələrin aparılmasının davam etdirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, iclasda Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov, Küveyt nümayəndə heyətinə isə xarici işlər naziri Şeyx Məhəmməd əl-Sabah rəhbərlik ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 547

Oxşar yazılar