Azərbaycan və türk diasporları Konqresdən xahiş etdi
11 yanvar 2011 11:04 (UTC +04:00)

Azərbaycan və türk diasporları Konqresdən xahiş etdi

ABŞ-dakı Azərbaycan və türk diasporları yeni kampaniyaya start veriblər. Onlar Azərbaycanda Sovet hakimiyyətinin sonunun başlanğıcı olan “Qara Yanvar”ın ildönümünə diqqəti çəkmək üçün Konqres üzvlərinə yüzlərlə məktub göndərirlər.

APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, diaspor Konqresdən faciənin qurbanlarını bir dəqiqəlik sükutla yad etməyi və rəsmi bəyanat verməyi xahiş edir.

Məktublarda deyilir: “1990-cı il Yanvarın 19-dan 20-ə keçən gecə 26 000 nəfərlik Sovet qoşunu suveren Azərbaycanı zəbt etdi, fövqəladə vəziyyət elan olundu. Azərbaycanlıların Sovet işğalına qarşı mətanətli müqaviməti fevral ayına kimi davam etdi. Nəticədə 170 azərbaycanlı öldürüldü, 321-i itkin düşdü (onların meyitləri heç vaxt tapılmadı), 700-dən çox adam yaralandı, yüzlərlə adam tutuldu. “Azərbaycanda Qara Yanvar” adlı hesabatında Human Rights Watch təşkilatı yazırdı ki, “Sovet qoşunlarının yanvarın 19-dan 20-ə keçən gecə törətdikləri zorakılıqlar azərbaycanlıların müqaviməti ilə bir ölçüyə sığmırdı, bu, kollektiv cəzalandırma idi”.

Məktub müəllifləri bildirirlər ki, Azərbaycanda günahsız dinc adamlara qarşı Sovet qoşunlarının hücumundan əvvəl digər Sovet respublikalarında da qətliyamlar baş verib. 1986-cı ildə Qazaxıstanda, 1989-cu ildə Gürcüstanda baş vermiş faciəli hadisələr sonra Litvada təkrarlandı, amma “Qara Yanvar”ın amansızlıği Kommunist Partiyasının irticaçı qüvvələri tərəfindən həyata keçirilən kollektiv cəzanın ən böyük nümunəsi idi.

“Bu amansız, dəhşətli hadisə həm də gələcəkdə müstəqilliyə və azadlığa qovuşmaq üçün bir ümid yaratdı. İllər ötür, amma bu hadisə yaddaşlardan silinmir. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il Yanvarın 20-də Azərbaycan paytaxtındakı Şəhidlər Xiyabanına gələrək, ölkənin müstəqilliyi uğrunda qurban gedənlərin xatirəsini yad edir. Şəhidlərin məzarı üstünə gül qoyulur və millətin istiqlal, demokratiya və azadlıq yolunda vəzifələrinin unudulmadığı bir daha sübut olunur”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 594

Oxşar yazılar