Azərbaycan XİN-i 2010-cu il üçün yekun mətbuat buraxılışını açıqladı
07 yanvar 2011 17:19 (UTC +04:00)

Azərbaycan XİN-i 2010-cu il üçün yekun mətbuat buraxılışını açıqladı

“Azərbaycan 2010-cu ildə ölkənin ərazi bütövlüyünün bərpasında irəliləyişin əldə edilməsi, habelə ölkənin mövqeyi və nüfuzunun güclənməsi, beynəlxalq aləmdəki etimadının artması və əməkdaşlıq əlaqələrinin genişlənməsi istiqamətində apardığı xarici siyasət fəaliyyətini daha da artırıb”. APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti tərəfindən hazırlanan 2010-cu il üçün yekun mətbuat buraxılışında deyilir.

Hesabatda bildirilir ki, il ərzində davam etmiş danışıqlar 2009-cu ilin dekabrında Minsk Qrupu həmsədrləri tərəfindən təqdim edilmiş yenilənmiş Madrid prinsipləri əsasında aparılıb: “Aparılan danışıqlarda Azərbaycan ölkənin ərazi bütövlüyü və suverenliyinin bərpası, işğalçı qüvvələrin bütün işğal olunmuş ərazilərdən çıxarılması, yurdundan didərgin düşmüş məcburi köçkünlərin öz evlərinə qayıtması, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmasının sülh şəraitində birgə yaşayışının təmin edilməsi, ərazilərin bərpası, kommunikasiyaların açılması və sonrakı mərhələdə hər iki icmanın iştirakı ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ bölgəsinin statusunun müəyyənləşməsi mövqeyindən çıxış edib. İl ərzində Rusiya prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında üç görüş keçirilib. Son görüş nəticəsində tərəflər ATƏT-in Minsk Qrupu və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə hərbi əsir və girovların, həmçinin atəşkəs rejiminin pozulması nəticəsində həlak olmuş şəxslərin cəsədlərinin qaytarılmasına dair birgə bəyanat qəbul ediblər. Bunun nəticəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov və şəhid Fərid Əhmədovun cəsədlərinin vətənə qaytarılaraq torpağa tapşırılması mümkün olub”.

Sənədə əsasən Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının başlıca prinsiplərinin razılaşdırılması istiqamətində atılmış ən mühüm addımlardan biri ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin başçılarının ötən ilin 26 iyun tarixində Kanadanın Muskoka şəhərində verdiyi birgə bəyanat olub: “Sözügedən bəyanatda dövlət başçıları tərəfindən münaqişənin həlli üçün işğal olunmuş ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılması və digər prinsipləri nəzərdə tutan mərhələli həllinin zəruriliyi vurğulanıb. 2010-cu ilin 19-20 noyabr tarixlərində Lissabonda keçirilmiş NATO-nun zirvə görüşünün yekun Bəyannaməsində regional ölkələrin, o cümlədən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi dəstəklənərək regional münaqişələrin məhz bu prinsiplər nəzərə alınmaqla həllinə çağırılıb. 1-2 dekabr tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilmiş ATƏT-in 7-ci sammiti çərçivəsində qəbul edilmiş Astana Bəyannaməsində ATƏT məkanında həlli uzanan münaqişələrin BMT Nizamnaməsi və ATƏT-in Helsinki Yekun Aktında təsbit olunmuş normalar əsasında həlli öz əksini tapıb. Eyni zamanda sammit çərçivəsində ATƏT Minsk Qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin başçıları, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən qəbul olunmuş birgə bəyanatda Ermənistan-Azərbaycan münaqişəsinin Minsk Qrupunun həmsədr dövlət başçılarının 2009-cu il İtaliya və 2010-cu il Kanadada keçirilmiş G-8 zirvə toplantıları çərçivəsində qəbul edilmiş prinsiplər əsasında həllinin vacibliyi bir daha vurğulanıb. Ümumilikdə qeyd edilməlidir ki, 2010-cu ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar beynəlxalq hüquq və normalar, bu çərçivədə qəbul edilmiş sənəd və qərarlar əsasında davam etdirilib. Bu da 2008-ci ildə Moskvada Rusiya, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən imzalanmış bəyanatda əks olunub”.

Açıqlamada xatırladılır ki, Azərbaycan tərəfi işğal edilmiş ərazilərdə təbii sərvətlərin və mədəni irsin talan edilməsi, qeyri-qanuni məskunlaşma və mülkiyyət hüquqlarının pozulması ilə bağlı vəziyyətin araşdırılması və müvafiq qiymətləndirilməsi məqsədilə işğal olunmuş ərazilərə ATƏT-in Minsk Qrupu həmsədrlərinin rəhbərliyi altında beynəlxalq dəyərləndirmə missiyasının səfərinin təşkilinə nail olub. Dəyərləndirmə missiyasının hesabatının 2011-ci ilin yanvar ayında yayılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505

Oxşar yazılar