“Saakyan sayıqlamaların dozasını daha da artırıb”
07 yanvar 2011 17:08 (UTC +04:00)

“Saakyan sayıqlamaların dozasını daha da artırıb”

Separatçı Dağlıq Qarabağ rejiminin başçısı Bako Saakyan müsahibələrinin birində potensial düşmənin istənilən hücumunun qarşısını almaqla yanaşı, ona sarsıdıcı əks zərbə vurmağa və istənilən an hərbi əməliyyatlara başlamağa hazır olduqlarını bildirib.


Bununla bağlı APA-nın sualını cavablandıran Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu qondarma qurumun qondarma başçısının belə sərsəm fikirləri ilk dəfə səsləndirmədiyini bildirib: “O, son zamanlar sayıqlamaların dozasını daha da artırıb. Bu, təsadüfdürmü?! Çox böyük ehtimala görə, hədələrin arxasında məhz Ermənistanın hakim dairələrinin özü durur, Bako Saakyan da oradan gələn sifarişə əsasən tez-tez danışmağa başlayıb”.


E.Sabiroğlunun fikrincə, Ermənistanın bunda məqsədi beynəlxalq təzyiqdən yayınmaq, Azərbaycanla müharibəni guya onun deyil, məhz qondarma qurumun apardığını diqqət mərkəzinə gətirməkdir: “Bir az da obrazlı ifadə etsək, Ermənistan zəlzələnin episentrinin Dağlıq Qarabağda olduğunu dünyaya nümayiş etdirmək istəyir. Belə «fərasət» Ermənistanın ənənəvi hiyləgərliyinə söykənsə də, çox ucuz yoldur. Müharibənin hansı ölkə tərəfindən başlandığı bu gün heç kimə sirr deyil. Bunu gizlətmək olmaz. Əslində, heç Ermənistanın özü də bunu təkbaşına bacara bilməzdi. Düşmənin müvəqqəti nəticə əldə etməsində hansı səmtdən kömək və imkan yaradıldığı bütün dünya üçün aydındır. Qondarma başçı israr edir ki, guya vuruşan onlardır. O bununla yalnız özünü aldada bilər. Qarabağlılar vuruşmurlar, vuruşsalar da, onlar çox-çox azlıq təşkil edirlər. Çünki orada demək olar ki, yerli əhali qalmayıb. O zaman sual meydana çıxır. Ermənistan vətəndaşı olan şəxsləri Dağlıq Qarabağda əsgəri xidmətə vadar edən nədir? Nümunə üçün ötən ilin ortalarında baş verən bir hadisəyə diqqət yetirməyi vacib sayıram. Həmin vaxt bir tutarlı müqavimət nəticəsində ermənilərin verdiyi itkilər və bundan keçirdikləri çaşqınlıq hələ də yaddan çıxmayıb. Döyüşdə həlak olan və yaralanan düşmənin yüzdə doxsan doqquz faizi Ermənistan vətəndaşı idi. Onlar burada nə gəzirdilər?”


Polkovnik-leytenant düşmənə özünə çox da güvənməməyi məsləhət görüb: “İndi düşmən Azərbaycan Ordusu qarşısında olduqca acizdir. Bunu özləri də gözəl bilirlər. Sadəcə xox gəlməyə adətkardırlar. İndi başlayacaq hərbi əməliyyatlar əvvəlkilərdən xeyli fərqli olacaq. Azərbaycanın Silahlı Qüvvələri hazırda düşmənin də təsəvvür etmədiyi gücə malikdir. İstənilən hədəfi məhv etmək imkanımız var. Ermənistan birinci müharibə zamanındakı səmt küləyinə bel bağlamasın. Azərbaycan bütün hallarda münaqişənin dinc şəkildə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi məsələsində beynəlxalq vasitəçilərin səylərinə inamını itirməyib. Ancaq hər şeyin də bir sərhədi olur”.
# 425

Oxşar yazılar