BMT Təhlükəsizlik Şurasına sədrlik Bosniya-Herseqovinaya keçib
06 yanvar 2011 15:15 (UTC +04:00)

BMT Təhlükəsizlik Şurasına sədrlik Bosniya-Herseqovinaya keçib

Lent.az-ın “trt.net.tr” saytının Azərbaycan versiyasına istinadən verdiyi məlumata görə, Bosniya-Herseqovinanın BMT-dəki daimi nümayəndəsi İvan Barbaliç BMT-də keçirdiyi mətbuat konfransında Təhlükəsizlik Şurasının bu ay üçün proqramı ilə bağlı məlumat verib.

Təhlükəsizlik Şurasının bu gün Kot-D-İvuardakı (Fil Dişi Sahili) siyasi böhranı müzakirə etdiyini deyən İvan Barbaliç bu ölkədəki vəziyyətdən narahat olduqlarını, prosesləri yaxından izlədiklərini, Afrika Birliyi ilə Qərbi Afrika ölkələrini bir araya gətirən ECOWAS təşkilatının problemin həlli istiqamətindəki səylərini dəstəklədiklərini bildirib.

Təhlükəsizlik Şurası bu ay Somali, Haiti, Yaxın Şərq və Qırğızıstandakı vəziyyəti müzakirə edəcək. İvan Barbaliç yanvarın 21-də “İxtilafdan sonra sülhün təsisi” mövzusunda toplantı keçiriləcəyini, bu çərçivədə Bosniya-Herseqovinanın təcrübələrinin bölüşüləcəyini vurğulayıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasında bu il 5 daimi üzvlə yanaşı (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) 10 müvəqqəti üzv (Bosniya-Herseqovina, Braziliya, Qabon, Livan, Nigeriya, Almaniya, Portuqaliya, Cənubi Afrika, Hindistan və Kolumbiya) fəaliyyət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 912

Oxşar yazılar