Mətbuat Ombudsmanı səlahiyyətləri də İnsan Hüquqları Müvəkkilinə verilə bilər
08 dekabr 2010 16:48 (UTC +04:00)

Mətbuat Ombudsmanı səlahiyyətləri də İnsan Hüquqları Müvəkkilinə verilə bilər

Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclası keçirilib.

Lent.az-ın məlumatına görə, iclasda Ombudsmanın səlahiyyətlərinin artırılmasını nəzərdə tutan “İnsan hüquqları üzrə müvəkkil haqqında” konstitusiya qanununa əlavə və dəyişikliklər müzakirə edilib. Qanununa əlavə və dəyişikliklərdən danışan Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri Lətif Hüseynov deyib ki, layihəyə əsasən, Ombudsman BMT-nin “İşgəncə və digər qəddar, qeyri insani rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ protokolunda nəzərdə tutulan milli preventiv mexanizmin funksiyalarını yerinə yetirməlidir. Bu məqsədlə Ombudsman aparatında Milli preventiv qrup yaradılmalıdır. Qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən cəzaçəkmə müəssisələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına və saxlanılan şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə daxil olmaq, həmin yerlərdə saxlanılan şəxslərlə görüşmək və digər hüquqlara malikdir.

Lətif Hüseynov onu da bildirib ki, sənədə əsasən, Müvəkkil informasiya sahibi olan dövlət orqanları və ya vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” qanundan irəli gələn vəzifələri yerinə yetirmələri üzərində nəzarəti həyata keçirməlidir. Onun sözlərinə görə, parlamentin 2005-ci ildə qəbul etdiyi həmin qanunda mətbuat üzrə ombudsman institutunun yaradılması nəzərdə tutulurdu. Lakin indiyədək belə bir institut yaradılmayıb. Təklif edilən layihə isə bu səlahiyyətin indiki ombudsmana verilməsini planlaşdırır.

Xatırladaq ki, Milli preventiv qrupun üzvü öz funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar ona məlum olan faktlar barədə ifadə verməyə məcbur edilə bilməz. Müzakirələr zamanı millət vəkilləri həmin qrupun müstəqilliyi üçün şəffaf prinsiplərlə formalaşdırılmasının vacibliyini də önə çəkiblər. Millət vəkili Aytən Mustafayeva deyib ki, bu qrupun Ombudsmandan kənar formalaşdırılması zəruridir. Digər millət vəkili Fazil Mustafa isə Milli preventiv qrup üzvlərinin özlərinin də məsuliyyətinin qanunda əksini tapmasını təklif edib.

Millət vəkillərinin fikrincə, indiki ombudsmana bu sahədə də səlahiyyətlər verilməsi onun işini kifayət qədər mürəkkəbləşdirəcək. Müzakirədə iştirak edən ATƏT-in Bakı ofisinin nümayəndəsi Monika Meltes informasiya azadlığı üzrə ayrıca ombudsman institutunun yaradılmasını məqsədəuyğun sayıb. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə bildirib ki, ombudsman Elmira Süleymanova indiyədək informasiya azadlığı üzrə fəaliyyət göstərib. İndiki dəyişiklik isə onun səlahiyyətlərini dəqiqləşdirilir.

İclasın sonda qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 623

Oxşar yazılar