Kəlbəcərin işğalından 17 il ötür
02 aprel 2010 16:45 (UTC +04:00)

Kəlbəcərin işğalından 17 il ötür

Bu gün Azərbaycanın daha bir rayonunun – Kəlbəcərin işğal olunmasının ildönümüdür. Lent.az-ın xatırlatmasına görə, rayonun işğal olunmasından 17 il ötür. Kəlbəcər 1993-cü il aprel ayının 2-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edilib. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

Ermənistan Respublikasının münaqişədə, o cümlədən Kəlbəcər rayonunun işğalında iştirakı qeyri-hökumət təşkilatı olan "Human Rights Watch/Helsinki" "Azərbaycan. Dağlıq Qarabağda münaqişənin 7 ili" (Nyu-York, 1994-cü il, səh. 67-73) məcmuəsində də təsdiq olunub. Bundan əlavə, 1998-ci ildə Ermənistanda keçirilən seçkilər zamanı səyyar səsvermə qutuları Kəlbəcər rayonunda yerləşdirilən erməni əsgərlərinin səsini toplamaq üçün Ermənistan Respublikasının dövlət sərhəddindən keçirilib ki, bu da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Ermənistanda 1998-ci il 16 və 30 mart tarixlərində keçirilən prezident seçkilərinə dair 1998-ci il 10 aprel tarixli yekun hesabatında öz əksini tapıb.

Kəlbəcər rayonunun Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kədində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət vei, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı işğal zonasında qalaraq, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb.

Hələ 1990-cı ildə, iyul ayının 11-də erməni separatçıları tərəfindən “Tərtər-Kəlbəcər” sərnişin avtobusu partladılıb, dinc əhali olan maşın karvanına qarşı terror aksiyası həyata keçirilib və nəticədə 14 nəfər qətlə yetirilib, 35 nəfər yaralanıb.

1993-cü il aprel ayının 1-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından (“QSM-7”) Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya (“Uraqan”) bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdi. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Ermənilər azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərini həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətməyə nail olmuşdular. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan Respubilkasının Milli Təhlükəsizlik Nazirliyinin radioəkskəşfiyyat xidməti tərəfindən lentə alınıb.

1993-cü ilin qiymətlərinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulub, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb. Kəlbəcərdə doğulub boya-başa çatmış 3 nəfər ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 632

Oxşar yazılar