Pivə Partiyası  parlament seçkilərinə   gedir
03 may 2024 00:49 (UTC +04:00)

Pivə Partiyası parlament seçkilərinə gedir

2015-ci ildə əsasən zarafat məqsədilə qurulan Avstriyanın Pivə Partiyası hazırkı parlament seçkilərində iştirak edəcək. 

Lent.az “Reuters”a istinadən xəbər verir ki, bunu partiyanın lideri Dominik Vlatsnıy deyib.

Həkim və rok musiqiçisi Dominik Vlatsnıy tərəfindən qurulan partiya indi digər partiyaların, xüsusən də solçuların səslərini əlindən almaq üçün real təhlükə yaradır. Bu, ultrasağların seçkilərdə aşkar üstünlüyə malik olduğu bir vaxta təsadüf edir.

“Bəli, Pivə Partiyası qarşıdan gələn parlament seçkilərində iştirak edəcək. Aldığımız dəstək çox böyükdür. Bu, bizə motivasiya verir”, - 37 yaşlı Vlatsnıy mediaya açıqlamasında deyib.

Yanvarda o, yarışa girməyin kifayət qədər vəsait toplamaqdan asılı olacağını söyləyib. O, 2023-cü ilin sonuna kimi 1300-ə yaxın aktiv üzvdən 20.000-ə qədər üzvlüyünü artırmaqla vəsait toplamağı planlaşdırırdı. O, etiraf edib ki, bu, hələ çox uzaqdadır, seçkilərin oktyabrdan əvvəl keçiriləcəyi gözlənilir.

“Maliyyələşdirmə məqsədimizin yarısından çoxunu yerinə yetirmişik. Bizim qədəhimiz, belə demək mümkünsə, yarı doludur və daha çoxu daim tökülür”, - Vlatsnıy deyib.

Partiya 2019-cu ildə keçirilən son parlament seçkilərində iştirak edib və cəmi 0,1 faiz səs toplayıb, lakin Vlatsnıy 2022-ci il prezident seçkilərində 8,3 faiz səslə üçüncü olub.

Son rəy sorğuları 5 faiz ilə 7 faiz arasında dəstək göstərib. Parlamentə düşmək üçün bir partiyaya 4 faiz lazımdır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4965
avatar

Oxşar yazılar