“Azərbaycanda Türkiyə həftəsi”
26 sentyabr 2012 12:15 (UTC +04:00)

“Azərbaycanda Türkiyə həftəsi”

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Azərbaycanda Türkiyə həftəsi”-nin yekunlarına dair mətbuat konfransı keçirilib.

SAM-dan Lent.az-a verilən məlumata görə, mətbuat konfransında 23 – 28 sentyabr tarixlərində “Azərbaycanda Türkiyə həftəsi” zamanı Türkiyə və Azərbaycan beyin mərkəzlərinin nümayəndələri, millət vəkilləri, universitet müəllimləri və media işçilərindən ibarət nümayəndə heyəti Gəncə, Lənkəran və Ağdamda rəsmi səfərləri barədə Azərbaycan və Azərbaycanda fəaliyyət göstərən türk mediasının nümayəndələrinə məlumat verib.

Mətbuat konfransında bildirilib ki, Gəncədə “Tarixdən günümüzə: Türkiyə-Azərbaycan Münasibətləri” mövzusunda konfransda Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, APA informasiya agentliyinin direktoru Vüsalə Mahirqızı, Milli Məclis Aparatı, Analitik İnformasiya Şöbəsinin müdir müavini Hatəm Cabbarlı, Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Prof. Dr. Bülent Aras, Beynəlxalq Antalya Universitetinin rektoru professor Cihat Göktepe, Yalova Universitetinin müəllimi Nevra Esentürk, Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Sərkan Razi, “Today’s zaman” qəzetinin müxbiri Lamiyə Adılqızı iştirak ediblər. Bundan başqa, Türkiyənin Gəncədəki baş konsulu Haluk Ağca və Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədovla da görüşlər keçirilib.

Lənkəranda keçirilən “Azərbaycan-Türkiyə Münasibətləri Regional Kontekstə” mövzusunda konfransda millət vəkili Fazil Mustafa, SAM-ın aparıcı elmi işçisi, Türkiyə üzrə koordinator Cavid Vəliyev, AKP Ankara millət vəkili Tülay Salamoğlu, USAK direktor müavini professor Kamer Kasım, Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi və Uludağ Universitetinin müəllimi Ferhat Pirinççi, SETA-nın eksperti Ufuk Ulutaş, Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Özcan Gültekin iştirak ediblər. Eləcə də Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Lənkəran Dövlət Universitetinin rektoru, professor Asəf İsgəndərovla görüşlər keçirilib, Türkiyənin Lənkərandakı fəxri konsulluğunun binası ziyarət edilib.

Nümayəndə heyəti sentyabrın 25-də Ağdama səfər edib, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla və Ağdamda yaşayan məcburi köçkünlərlə görüşlər keçirilib. “Azərbaycanda Türkiyə həftəsi” bu gün Bakıda keçiriləcək rəsmi görüşlər və sentyabrın 27-də Naxçıvan səfəri ilə yekunlaşacaq. Bakı görüşlərində iştirak etmək üçün Türkiyə Respublikası Baş Nazirliyi Xalq Diplomatiyası koordinatoru Cəmaləddin Haşimi, Xaricdə Yaşayan Türklər və Qohum Xalqlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gürsəl Dönməz və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədri Mehmet Sürəya Ər Bakıya səfər ediblər. Bu görüşlərin və müzakirələrin keçirilməsinin əsas məqsədi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına dəstək vermək, qarşılıqlı olaraq Azərbaycan və Türk ictimaiyyətini Türkiyə və Azərbaycan məsələləri haqqında məlumatlandırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar