Vilayət Quliyev: “Bu, bizim ASALA-ya qarşı ən güclü silahımızdır...”
25 sentyabr 2012 16:50 (UTC +04:00)

Vilayət Quliyev: “Bu, bizim ASALA-ya qarşı ən güclü silahımızdır...”

“Ramil Səfərov səkkiz ildən çox idi ki, Macarıstan həbsxanasında cəza çəkirdi və bir sıra macar hüquqşünaslarının özlərinin də etiraf etdikləri kimi, törətdiyi əməl müqabilində ona həddən artıq ağır hökm çıxarılmışdı”.

Lent.az-ın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev söyləyib.

Vilayət Quliyev həmin ədalətsiz addımın ilk növbədə erməni diasporunun təzyiqi altında atıldığını bildirib: “Ona görə də gizlətmirəm ki, Azərbaycan öz vətəndaşına münasibətdə yol verilən ədalətsizliyi aradan qaldırmağa can atır, bu istiqamətdə təşəbbüslər göstərirdi. Son bir neçə ay ərzində bu iş daha intensiv xarakter almışdı. Ramil Səfərovun ekstradisiyası əvvəldən sona qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin müvafiq hakimiyyət qurumları tərəfindən həyata keçirilib. Burada hansısa nüfuzlu iş adamlarının, oliqarxların iştirakı ilə bağlı səslənən fikirlər onların özlərinin uydurmalarından başqa bir şey deyil. Eyni sözləri müxalifətin guya işin əvvəlindən prosesdən xəbərdar olması, hökumətə müəyyən zəmanətlər verməsi haqqında da demək olar. Təbii ki, müxalifət də Ramil Səfərovun ekstradisiyasından yalnız o, Bakı hava limanında yerə endikdən sonra xəbər tutmuşdu. Dediyim kimi, dövlət dövlətlə anlaşıb, həmin işi isə yalnız dövləti, hakimiyyəti təmsil edən rəsmi şəxslər yerinə yetirə bilərdilər. Heç bir macar məmuru, xüsusən də ədliyyə və təhlükəsizlik sistemində çalışanlar pulunun miqdarından, yaxud əlaqələrinin genişliyindən asılı olmayaraq küçədən gələn hər hansı bir iş adamı, yaxud oliqarxla dövlətlərarası münasibətlərin predmeti olan belə bir məsələni müzakirə etməzdi”.

Vilayət Quliyev deyib ki, Azərbaycanın Macarıstandakı səfirliyi əvvəldən sona qədər bu prosesin içərisində olub. Onun sözlərinə görə, hazırlıq mərhələsi kifayət qədər uzun çəkib: “Biz ilk növbədə ciddi maarifçilik fəaliyyəti ilə məşğul olduq. Macar cəmiyyətində ilk növbədə və bir qayda olaraq Ramil Səfərovun törətdiyi cinayətdən danışılırdı. Bu cinayəti ortaya çıxaran səbəb və amillər isə cəmiyyətə məlum deyildi, yaxud onların üzərindən sükutla keçilirdi. Əgər Azərbaycan torpaqları, ilk növbədə isə Ramilin kiçik vətəni sayılan Cəbrayıl işğal olunmasaydı, minlərlə həmvətənimiz, eləcə də Ramilin yaxınları və doğmaları erməni zülmünə məruz qalmasaydılar, o, gəncliyini, həyatını, bütün gələcəyini riskə ataraq belə bir iş görərdimi? Təbii ki, yox. Bu sadə, lakin prinsipial həqiqəti macar cəmiyyətinə açıqlamaq üçün biz macar jurnalistlərinin Azərbaycana səfərlərini təşkil etdik. Burada onlar qaçqınların həyatı ilə tanış oldular, Ermənistanın elan olunmamış müharibəsinin ölkəmizə vurduğu ağır yaraları gözləri ilə gördülər, Ramilin atası və digər yaxınları ilə görüşdülər. Nəticədə, təkcə son bir il ərzində nüfuzlu macar qəzetlərində 2004-cü ilin fevralında baş vermiş dəhşətli hadisənin pərdə arxasını açan 10-a yaxın obyektiv ruhlu, gerçəyi əks etdirən məqalə çap olundu. Bir il əvvələ qədər macar mətbuatı Ramili sadəcə “baltalı adam” kimi təqdim edir, ermənilərin təsiri altında onun intellektual potensialının məhdudluğu, əqli səviyyəsinin aşağılığı haqqında əsassız nağıllar uydururdu. Biz bu mifi də dağıda bildik. Hazırlıq və istedadını nəzərə alaraq onu yaradıcı işə təşviq etdik, macar dilindən çevirdiyi və milli ədəbiyyatın diqqətəlayiq nümunələri sayılan “Qapı”, “Pal küçəsinin oğlanları” kitablarının Bakıda nəşrinə, ictimaiyyətin iştirakı ilə təqdimatına nail olduq. Eyni zamanda bu kitabları Macarıstanda geniş təbliğ etdik. Macar həbsxanasında cəza çəkən azərbaycanlı zabitin macar ədəbiyyatını tərcümə və təbliğ etməsi öz effektini verdi. Nəticədə qısa müddət ərzində “baltalı adam” mifi də dağıldı, macar ictimai fikrində Ramil özü də, hətta onun affekt vəziyyətində əl qaldırdığı erməni zabiti Markaryan da Ermənistan rəhbərliyi tərəfindən həyata keçirilən daha böyük və dəhşətli cinayətin qurbanları kimi qəbul olunmağa başladılar”.

Vilayət Quliyev prinsipial qərarın Macarıstanın baş naziri Viktor Orbanın bu il Bakıya 30 iyun-1 iyul tarixli səfəri zamanı qəbul edildiyini açıqlayıb: “Bundan sonra iki ölkənin Ədliyyə Nazirlikləri fəal şəkildə prosesə qoşuldular. Nəticədə avqustun 6-da Macarıstanın ədliyyə naziri Tibor Nuvroçiç tərəfindən Ramil Səfərovun ekstradisiyası ilə bağlı müvafiq sənəd imzalandı. Macar dostlarımızın və ölkəmizin müvafiq qurumlarının səyi nəticəsində ekstradisiya prosesi avqustun 31-də son dərəcə böyük məxfilik şəraitində və yüksək professionallıqla həyata keçirildi. Macarıstan bu addımı atarkən beynəlxalq hüquqa, ilk növbədə isə 1983-cü ildə imzalanan “Məhkum edilmiş şəxslərin verilməsi haqqında” Strasburq konvensiyasına əsaslanmışdır. Məlum olduğu kimi, Azərbaycan da, Macarıstan da həmin konvensiyaya qoşulmuşdur. Digər tərəfdən, Ramil Səfərovla bağlı Macarıstanın Ermənistan qarşısında heç bir öhdəliyi yox idi. Azərbaycan Prezidenti isə ölkə qanunvericiliyi və Konstitusiya ilə ona verilmiş hüquqdan istifadə edərək Ramil Səfərovun əfvi ilə bağlı qərar qəbul etdi. Bütünlükdə bu çətin və mürəkkəb proses Azərbaycan Prezidentinin qətiyyəti, ölkəmizin beynəlxalq miqyasda artan nüfuzu, nəhayət Azərbaycan dövlətinin özünün hər bir vətəndaşına sahib çıxmaq əzmi və qətiyyəti sayəsində uğurla nəticələndi”.

Vilayət Quliyev Ramil Səfərovun ekstradisiya olunması və Prezident İlham Əliyev tərəfindən əfv edilməsindən sonra erməni terrorçu təşkilatlarından təhdid məktubları almalarına da toxunub. O qeyd edib ki, bu, ilk növbədə terrorun erməni siyasətbazlarının başlıca silahı kimi indi də öz aktuallığını saxlamaqda olduğunu göstərir: “Ötən əsrin əvvəllərindən başlayaraq onlar sui-qəsd və terroru öz məqsədlərinə çatmaq, cəmiyyətdə qorxu və xof əhval-ruhiyyəsi yaratmaq üçün əsas vasitələrdən birinə çeviriblər. Osmanlı imperiyası və Azərbaycan Demokratik Respublikasının dövlət xadimlərinə qarşı çevrilmiş “Nemezis” əməliyyatı, yaxud 1973-1991-ci illərdə türk diplomatlarına qarşı çevrilmiş terror aktları bunun sübutudur. Aparıcı erməni terror təşkilatlarından biri kimi tanınan ASALA indi də eyni üsula əl atır, Azərbaycan diplomatları, xarici ölkədə yaşayan Azərbaycan vətəndaşları arasında xof yaratmağa çalışır. Çünki indiki məqamda terror onların siyasi, ideoloji, iqtisadi və humanitar sahələrdə uğradıqları məğlubiyyətləri pərdələmək üçün bir vasitədir. Digər tərəfdən, erməni ideoloqları hələ də özlərinin “istisna təşkil etmələri” haqqındakı mifdən xilas ola bilməyiblər. Belə çıxır ki, onlar erməni əsilli ən qatı cinayətkarları da Ermənistana gətirə, əfv edə, milli qəhrəmana çevirə bilərlər. Başqa dövlətlər və xalqlar isə özlərinin situasiyanın qurbanı olmuş vətəndaşlarına münasibətdə eyni humanizm və şəfqət göstərə bilməzlər. Bu erməni iddialarının cəfəngliyini bir daha bütün çılpaqlığı ilə göstərir.

Biz hədə məktubları almışıq və alırıq. Hətta müəyyən təxribat əməllərinin həyata keçirilməsini istisna etmirik. Lakin bu, bizi qorxutmur. İlk hədə məktubu alındıqdan sonra mən səfirliyimizin kiçik kollektivini topladım, onlara son dərəcə diqqətli və ehtiyatlı davranmaları ilə bağlı ətraflı təlimat verdim. Eyni zamanda tərəddüd hissi keçirənlərin, mürəkkəb situasiyada Budapeştdə qalıb fəaliyyətini davam etdirmək istəməyənlərin ən qısa zamanda Bakıya qayıtmalarına şərait yaradacağımı bildirdim. Lakin heç kim qayıtmaq fikrini yaxın belə buraxmadı. Azərbaycan dövləti öz vətəndaşlarını qorumağa qadirdir. Bu da ASALA-nın və digər erməni terror təşkilatlarının təhdidləri qarşısında bizim ən güclü silahımızdır”.

Vilayət Quliyev vurğulayıb ki, Azərbaycanın son illərdə nail olduğu yüksək inkişaf, beynəlxalq miqyasda nüfuzunun artması, onun Cənubi Qafqazın aparıcı ölkəsinə çevrilməsi Ermənistan rəhbərliyində böyük həsəd və paxıllıq hissləri doğurur. Məlum ekstradisiya hadisəsindən sonra bu çağırışlar daha geniş vüsət alıb və açıq hədələrə çevrilib: “Ona görə də Azərbaycanın diplomatik nümayəndəliklərinin, eləcə də xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının müdafiəsi və mühafizəsi daha yüksək səviyyədə təşkil olunmalıdır. Təbii ki, biz digər ölkələrdəki həmkarlarımızla təhlükəsizlik məsələsini müzakirə edirik, əlimizdəki mövcud informasiyaları onlarla bölüşürük. Eyni zamanda onlardan da bəzi məlumatlar alırıq. Amma bütünlükdə bu işin mərkəzləşdirilmiş qaydada təşkili son dərəcə vacibdir”.

Vilayət Quliyev onu da bildirib ki, hələlik səfirliyin mühafizəsi ilə bağlı təhlükəsizlik tədbirləri yalnız Macarıstan tərəfindən görülür: “Ekstradisiyasının həyata keçirilməsindən bir neçə gün əvvəl bu ölkənin Daxili İşlər Nazirliyi Azərbaycan səfirliyinin binası və səfirin iqamətgahı qarşısında 24 saatlıq mühafizə təşkil edib. Hazırda bu mühafizənin daha uzunmüddətli olması ilə bağlı danışıqlar aparırıq. Macar polisi eyni zamanda həm də səfirlik əməkdaşlarının yaşadıqları binaları nəzarətə götürüb. Bizə daxil olan hədə xarakterli elektron məktublar və zənglər barəsində dərhal Macarıstan tərəfini məlumatlandırırıq. Bütün belə təsadüflərdə onların reaksiyası son dərəcə professional və operativ olur. Erməni terror təşkilatları Azərbaycanın yalnız Macarıstanda deyil, digər ölkələrdəki səfirliklərini də hədəfə götürə bilərlər. Ona görə də xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin bu günlərə öz işini başa çatdıran toplantısında diplomatlarımızın təhlükəsizliyinin təmin olunması məsələsi bir qədər epizodik şəkildə də olsa, müzakirə edildi. İnanmaq istərdik ki, vəziyyətin ciddiliyi nəzərə alınaraq, bu istiqamətdə ən qısa zamanda operativ və səmərəli tədbirlər hazırlanacaq və həyata keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2852

Oxşar yazılar