Professor Adil Qeybulladan bəyanat: “Sadəcə ayıbdır!”
12 sentyabr 2012 18:20 (UTC +04:00)

Professor Adil Qeybulladan bəyanat: “Sadəcə ayıbdır!”

Lent.az-ın məlumatına görə, açıqlamada zabitin tərcümeyi-halın diqqəti çəkən A. Qeybull qeyd edib ki, Ramil Səfərov Türkiyənin Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirərək Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib: “Budapeşt məhkəməsi 2006-cı ildə hökm çıxararkən Qurgen Markaryanın Azərbaycan bayrağını təhqir etməsi, Ramil Səfərovun şəxsiyyətini, yüksək təhsilli sabit olmasını, əvvəllər cinayət törətməməsini, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, sivil dünyanın gözü qarşısında XX əsrin ən böyük qətliamını – Xocalı soyqırımını törətməsi, R.Səfərovun yaxınlarının öz yurd-yuvasından qovulması, onun yaxınlarının xatirəsinə hörmətsizlik edilməsi kimi mənəvi-psixoloji affekt vəziyyəti qətiyyən nəzərə almayıb. R.Səfərova çıxarılan hökm orta əsrlər inkvizisiya məhkəmələrinin hökmləri ilə analogiya təşkil edir. Budapeşt Məhkəməsinin qərarının nasist erməni lobbiçilik təzyiqi ilə verilən siyasi qərar olduğunu sübut etməyə ehtiyac qalmır. Ramil Səfərovun öz vətəninə ekstradisiyası Azərbaycanın da 2000-ci ildə qoşulduğu və 1983-cü ildə imzalanmış “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasının şərtləri əsasında, tam qanuni olaraq həyata keçirilib. Bu, bütövlükdə Macarıstan məhkəməsinin haqsız qərarının korreksiyası idi. Konvensiyada məhkum olunmuş şəxsin cəza çəkməsi üçün başqa ölkəyə verilməsinin şərtləri, bu hüquqi tədbirin həm hökm çıxarmış dövlət, həm də şəxsin verildiyi dövlət üçün nəticələri təsbit olunmuş, müvafiq sorğuların verilməsi və onların cavablandırılması qaydasını tənzimləyən müddəalar öz əksinin tapıb. Macarıstan baş nazir aparatının xarici iqtisadi fəaliyyət üzrə dövlət katibi Peter Siyarto Macarıstan hökumətinin məhkumların təhvil verilməsinə dair beynəlxalq Konvensiyaya uyğun hərəkət etdiyini söyləyib. O qeyd edib ki, bu, adi beynəlxalq-hüquqi prosesdir və Macarıstan il ərzində orta hesabla 10-12 məhbusu təhvil verir. 21 avqust 2012-ci il saat 13.40-da R.Səfərov “Azərbaycan Hava Yolları” Şirkətinin xüsusi reysi ilə Bakıya gətirilib və elə həmin gün də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əfv edilib”.
A. Qeybulla bu məsələdə Azərbaycana ikili standartlarla yanaşan qüvvələri qınayıb: “Türkiyənin Los-Ancelesdə baş konsulu Mehmet Beydur və vitse-konsul Bahadur Demiri Santa-Barbaradakı “Baltimor” mehmanxanasına dəvət edərək güllələyib öldürən, məhkəmədə türk düşməni olduğunu bəyan edən və tutduğu əməldən qətiyyən peşmançılıq keçirmədiyini bildirən və 1973-cü ildə ömürlük həbs cəzasına məhkum edilən erməni terroristi Qurqen Yanikyanın Türkiyənin protestlərinə baxmayaraq 1984-cü ildə ABŞ məhkəməsi tərəfindən azadlığa buraxılması qarşılığında Vaşinqtonun R.Səfərov faktına sərt münasibəti ABŞ kimi demokratiya beşiyi olan ölkənin reputasiyasına zərbə və ikili standart deyilmi? 1983-cü ilin 15 iyulunda Parisin Orli aeroportunda 8 adamın ölümü (2 türk, 4 fransız, 1 isveçli, 1 amerikalı), 55 adamın yaralanması ilə sonuclanan terror aktının törədicisi ASALA üzvü Varujan Karapetyan Fransa məhkəməsinin 3 mart 1985-ci il hökmü ilə ömürlük həbs cəzasına məhkum edilir və 2001-ci ildə həmin Fransa məhkəməsi tərəfindən azad edilir və Ermənistana deportasiya edilir. 2001-ci ilin 4 mayında V.Karapetyanla görüşən Ermənistanın Baş naziri Andranik Markaryan, Silva Kapitukyan, Zori Balayan kimi faşist təfəkkürlü erməni millətçiləri onu milli qəhrəman kimi qarşıladılar. Bu cür misalları saysız hesabsız çəkmək olar. Avropa Şurası Baş katibinin həmyerlisi, 77 adamı qətlə yetirən, törətdiyi əməldən peşmançılıq keçirməyən Breyviq adlı bir caniyə 21 il iş verilir, hamı susur. Erməni lobbistləri və onların ASALA başda olmaqla hərbi-siyasi dəstək verdiyi, himayə etdiyi terror örgütü sivil dünyanın terrorla mübarizə apardığı bir dövrdə bizi hədələyir, dünya isə müəmmalı şəkildə susur! Erməni lobbisinin silah ticarətindən, narkobiznesdən əldə etdiyi maliyyəsi ilə ömür sürən, riyakar və əqidəsini satmış, korrupsiyalaşmış senatorların dünyanın korrupsiya ilə mübarizə aparan demokratik ölkələrində Azərbaycana qarşı əsil düşmənçilik siyasətinə niyə biganə yanaşılır? Sanki hamının bir problemi var: Ramil Səfərov problemi. Ayıbdır sadəcə! Ramil Səfərov məsələsinə yalnız bir kontekstdən yanaşılmalıdır: Azərbaycan öz zabitini Vətənə qaytarıb! Deməli biz də güc oluruq və olmalıyıq. Azərbaycan Türkiyə ilə birgə dünyada güc olmalıdır – siyasi və iqtisadi güc. Bizim hədəfimiz həm də özümüzü təsdiq etməkdir, çünki bizim torpağımız işğal olunub, heysiyyatımız təhqir olunub. Vətən əxlaqı hər şeydən yüksəkdir!”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1927

Oxşar yazılar