Qlobal istiləşmə astma xəstələrinə mənfi təsir göstərir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Tənəffüs Araşdırmaları Dərnəyi (TÜSAD) alimi Levent Cem Mutlu danışıb.
O, astma xəstəsi olan şəxslərin həddindən artıq istidə çölə çıxmamağı və gündəlik məşğuliyyətlər üçün sərin saatlara üstünlük verməyi tövsiyə edib.
Astma əlamətlərini ağırlaşdıran maddələrlə yanaşı, hava istiliyinin də astma tutmalarına təsirindən danışan Mutlu bu məlumatları verib: “Soyuq hava kimi, isti hava da astma tutmalarına səbəb ola bilər. Bundan əlavə, tənəffüs edilən havada bitki tozu kimi allergenlərin nisbətinin artması, temperatur və rütubətin mövsüm normalarının üzərində olması səbəbindən astma tutmalarında artım müşahidə edilir. Günəş işığı ilə atmosferdə ozonun miqdarının artması astma xəstələri üçün başqa bir riskdir. Artan ozonun tənəffüs yollarını stimullaşdıraraq astma tutmalarına səbəb olur”.
Astma xəstələrinin həddindən artıq istidə diqqət etməli olduqları şeylər:
- Temperatur və rütubətin yüksəldiyi dövrlərdə mümkün qədər çölə çıxmayın, rütubətin yüksək olduğu ərazilərə səyahət etməyin.
- Hovuz yerinə dənizə üstünlük verin, çünki hovuzun dezinfeksiyasında istifadə olunan xlor və ya digər kimyəvi dezinfeksiyaedicilər astma tutmalarına səbəb ola bilər.
- Səyahət zamanı polen tutucu hava filtri olan nəqliyyat vasitələrinə üstünlük verin, tozcuq filtrlərini vaxtında dəyişdirin.
- Daxili mühitlərdə istifadə olunan kondisionerlərə müntəzəm texniki qulluq edin və polen filtrləri olan cihazları seçin.
- Dərmanlarınızı kifayət qədər dozada və düzgün texnika ilə qəbul edin.
- Siqaretdən çəkinin.
- Məşqlərinizi günün sərin vaxtlarında edin.
- Əgər simptomlarınız artarsa, dərhal həkiminizə müraciət edin.