Boynunuz daha tez yaşlanır  - gənc və elastik dərini necə qorumaq  olar?
09 iyul 2026 15:29 (UTC +04:00)

Boynunuz daha tez yaşlanır - gənc və elastik dərini necə qorumaq olar?

0

Bir çox insan üz dərisinə müntəzəm qulluq etsə də, boyun nahiyəsini diqqətdən kənarda qoyur. Halbuki yaşlanma əlamətləri ən əvvəl məhz boyun dərisində özünü göstərir. Mütəxəssislər bildirirlər ki, gündəlik sadə qulluq vərdişləri bu prosesi ləngitməyə kömək edə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, kosmetoloqların fikrincə, boyun dərisi daha nazik olduğu və piy vəziləri az olduğuna görə kollagenin azalmasına, həmçinin günəş şüalarının təsirinə daha həssasdır.

Nəticədə bu nahiyədə qırışlar, sallanma və dərinin solğun görünməsi daha erkən müşahidə olunur. Mütəxəssislər boyun dərisinin hər gün üzlə birlikdə təmizlənməsini tövsiyə edirlər. Gün ərzində toz, makiyaj qalıqları və digər çirklər bu nahiyədə də toplandığı üçün miselyar su və ya yumşaq təmizləyici toniklərdən istifadə etmək faydalıdır.

Boyun dərisinin günəşdən qorunması da xüsusi əhəmiyyət daşıyır. Günəş şüaları kollagen liflərini zəiflədir və piqment ləkələrinin yaranmasına səbəb olur. Bu səbəbdən hər gün ən azı SPF 30 qoruyucu krem çəkmək, açıq havada uzun müddət qalındıqda isə onu 2-4 saatdan bir yeniləmək məsləhət görülür.

Səhər qulluq rutininə antioksidant tərkibli serumların əlavə edilməsi də dərini sərbəst radikalların zərərli təsirindən qorumağa kömək edir. Mütəxəssislərin sözlərinə görə, boyun nahiyəsinə cəmi bir neçə saniyə ayırmaq belə dərinin daha uzun müddət gənc görünməsinə dəstək ola bilər.

Axşam saatlarında isə yumşaq təsirə malik retinoidlərdən istifadə etmək tövsiyə edilir. Retinoidlər kollagen istehsalını stimullaşdırsa da, boyun dərisi həssas olduğundan daha yüngül tərkibli məhsullar seçmək və ya onları nəmləndirici kremlə birlikdə tətbiq etmək daha məqsədəuyğundur.

Bundan əlavə, boyun üçün xüsusi hazırlanmış kremlər daha qatı və qidalandırıcı tərkibə malik olur. Onların gündə iki dəfə aşağıdan yuxarı istiqamətdə çəkilməsi dərinin elastikliyinin qorunmasına kömək edir.

Mütəxəssislər bildirirlər ki, boyun dərisində sallanma və elastiklik itkisi artıq nəzərə çarpırsa, peşəkar kosmetoloji prosedurlar da faydalı ola bilər. Nəmləndirici və oksigenləşdirici qulluq prosedurları dərinin teksturasını yaxşılaşdırır, mikroneedlinq və radiotezlik terapiyası kollagen sintezini artıraraq dərini daha gərgin göstərir. Lazer prosedurları isə günəş şüalarının yaratdığı piqment ləkələri və qızartıların azalmasına kömək edə bilər.

Mütəxəssislər vurğulayırlar ki, boyun dərisinə gündəlik bir neçə dəqiqə vaxt ayırmaq onun daha uzun müddət sağlam, elastik və gənc görünməsinə şərait yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 304

Oxşar yazılar