“Azərbaycanda cinsi yetişkənlik yaşı cavanlaşıb” -  Ginekoloqla maraqlı MÜSAHİBƏ
28 noyabr 2022 15:03 (UTC +04:00)

“Azərbaycanda cinsi yetişkənlik yaşı cavanlaşıb” - Ginekoloqla maraqlı MÜSAHİBƏ

Ginekoloq Ləman Əliyevanın Lent.az-a verdiyi müsahibəni təqdim edirik.

- Tez-tez azyaşlı qızların hamilə qalmasının şahidi oluruq. Azyaşlının hamilə qalması onun üçün nə dərəcədə təhlükəlidir?

- İndiki dövrdə cinsi yetişkənlik yaşı biraz cavanlaşıb. Əvvəl 13-14 yaş idisə, indi 12 yaşa düşüb. Bu cür hallarla tez-tez rastlaşırıq. Erkən yaşda qızın hamiləliyi çox vaxt patologiya ilə sonlanır. Çünki ananın yaşı az olduğuna görə, həkimə müraciət etməyə qorxurlar. Bu yaxınlarda 12 yaşlı ananın doğuşdan sonra vəfat etdiyini də eşitdik. Bunun səbəbi həmin ananın orqanizminin tam şəkildə yetişməməsidir. Elə orqanlar var ki, onun funksiyalarının fəaliyyəti müəyyən bir yaşdan sonra tam şəkildə yekunlaşır. 12 yaşında uşağın orqanizmi necə tam şəkildə formalaşa bilər axı? Onun dünyaya gətirdiyi uşaq nə dərəcədə sağlam ola bilər ki?

Profilaktik müayinə üçün azyaşlı qızlarını həkimə gətirən analar da var. Bu həqiqətən təqdirəlayiq bir addımdır. Amma doğuş və ya abort üçün müraciət edənlər də olur. Bu zaman mütləq şəkildə polisin bundan xəbəri olmalıdır.

- Ləman xanım, doğuş zamanı uşağın və ya ananın ölməsi ilə bağlı hadisələri tez-tez eşidirik. Sizcə, bunun səbəbi nədir?

- Bunun bir çox və hətta bilinməyən səbəbləri var. Bu hallar daha çox ucqar rayonlarda baş verir. Maarifləndirilməmiş, məlumatsız hamilə qadınlar doqquz ay boyunca həkimə müraciət etmirlər. Elə hamilə qadınlar var ki, heç ginekoloq müayinəsindən belə keçməyiblər. Belə olduqda əlbəttə ki, ana bətnindəki dölün hansı patologiya ilə doğulacağını və ya doğuş zamanı hansı patologiya ilə rastlaşacağını nə həkim, nə də ki, xəstə bilir. 

Doğuş zamanı ana ölümünün baş verməsi isə hamiləliklə yox, orqanizmdə olan hər hansı bir xəstəliklə bağlı ola bilər. Ana əsasən doğuş zamanı qanaxmadan, damarlarda hər hansı bir trompun yaranmasından vəfat edə bilər.

- İlk hamiləliyin abortu hansı təhlükələrə yol aça bilər?

- Bir qadın, bir ana kimi abortun əleyhinəyəm. Amma keçmiş zamanlardan belə bir fikir formalaşıb ki, ilk uşağı abort etdirsəniz, sonradan uşağınız olmayacaq. Məncə bu məsələ elə keçmiş dövrə daha aiddir. Çünki əvvəllər texnologiya o qədər də inkişaf etməmişdi. Yəni abort dəmir alətlərlə, küretaj ilə həyata keçirilirdi. İndi isə hər şey o qədər inkişaf edib ki, bütün prosedurlar daha müasir üsullarla və rahat şəkildə həyata keçirilir. Bu baxımdan nə ilk, nə sonrakı abortun heç bir fəsadı olmur. 

- Hamiləliyin qarşısının alınması üçün bəzi dərmanlardan istifadə edirlər. Bu dərmanlar təkcə hamiləliyin qarşısını almaqla yanaşı özü ilə başqa fəsadlar da yaradır?

- Təbii ki, hamiləliyin qarşısının alınması üçün istifadə edilən bütün dərmanlar hormonaldır. Nə qədər “ziyansızdır” desək də hər bir halda hormonal dərman orqanizmin normal hormonal fəaliyyətinə təsir göstərir. Bu dərmanlar əsasən, menstruasiya vaxtında düzənsizlik yaradır.

- Hamiləlik dövründə hansı aylar daha risklidir?

- Hamiləlikdə ilk üç ay və son 3 ay daha risklidir. Çünki bəzi hamilə qadınlarda ilk aylarda düşük təhlükəsi daha çox olur. Son 3 ayda isə vaxtında əvvəl doğum təhlükəsi ilə qarşılaşa bilərik. 

- Bir çox həkimlər 3 dəfədən artıq qeysəriyyə əməliyyatı olmağı məsləhət görmürlər. Qeysəriyyə əməliyyatının təhlükəli və ziyanverici iddia olunur...

Ümumiyyətlə qeysəriyyə əməliyyatının təbii doğuşdan fərqi nədir?

- Təbii doğuş dölün uşaqlıqdan təbii yolla xaric olması deməkdir. Amma qeysəriyyə əməliyyatdır. Qadın burada narkoz alır, uşaq kəsikdən çıxarılır. 

Ginekoloq olaraq normal doğuşun tərəfdarıyam. Çox insan qeysəriyyəyə üstünlük verir. Amma təbii doğuş alınırsa, niyə qeysəriyyə əməliyyatına üstünlük verək? Çünki qeysəriyyə əməliyyatı zamanı biz dəridən uşaqlığa qədər fizioloji orqanların strukturunu kəsiklə pozuruq. Əlbəttə ki, qeysəriyyə əməliyyatının fəsadları olur. Qeysəriyyə əməliyyatının sayına gəldikdə isə biz bu gün elə xəstələr var ki, onun 5-ci qeysəriyyə əməliyyatını edirik.

- Əgər, ana bətnində uşaq zədələnərsə, uşağın müalicəsi necə həyata keçirilir?

- Anaya heç bir müalicə olunmur. Bu zaman doğuş vaxtına az qalıbsa, vaxtından əvvəl uşaq götürülür. Uşaq dünyaya gəldikdən sonra isə ona müəyyən müalicələr edilir.

- Əkiz və ya üçəm uşaqların birində hər hansı bir qüsur olduğunu eşidirik. Əkiz və ya üçəm dünyaya gətirmək təhlükəlidirmi?

- Biri var ananın orqanizmi bir döl yetişdirə, biri də var ki, iki və ya üç döl yetişdirsin. Təbii ki, döllərin sayı artdıqca ananın orqanizmi də bir o qədər gücə düşür. 

Qalxanvari vəzi bir döl üçün hormon ifraz edir. Bu səbəbdən dölün biri inkişafdan geri qalır. Əkiz və üçəm hamiləliklərdə orqanizm buna tab gətirə bilmədiyi üçün vaxtından əvvəl doğuş olur. 

- Bəs, anadangəlmə eşitmə, görmə qabiliyyətinin olmaması nə ilə əlaqədardır?

- Uşaqların eşitmə, görmə qabliyyətinin olmaması doğuşdan asılı deyil. Bu genetik bir problemdir. Uşaq hələ ana bətnində olarkən biz genetik testlərimizi edirik. Əgər, şübhəli bir vəziyyət varsa və vaxtında aşkarlanıbsa, həmin döl vaxtında götürülməlidir.

- Hamilə qadınlar əsasən nələrə diqqət etməlidir?

- Bəzi qadınlar hamilə olduğunu bildiyi halda həkimə müraciət etmirlər. Evdə oturub 3 aydan sonra həkimə müraciət edənlər var. Qadın hamilə olduğunu bildiyi an həkimə müraciət etməlidir. Səhiyyə Nazirliyinin protokolu ilə hamilə qadının hər ay keçəcəyi təhlillər tərtib olunub. Bildiyimiz kimi hər insanın orqanizmi eyni deyil. Bu baxımdan protokoldan əlavə başqa təhlillər də edilir. Hamiləlik dövründə mütləq şəkildə sağlam və zamanında qidalanmaya riayət etməlidir. Əsasən evdə hazırlanan yeməklərə, meyvə və tərəvəzlərə üstünlük verilməlidir. Çöldə hazırlanan, “fast food” qidalardan uzaq durmalıdırlar. 

Hamilə qadınlar üçün xüsusi idman hərəkətləri var. Bu idman hərəkətləri doğuşun normal şəkildə həyata keçməsinə, əzələlərin elastik olması və doğuşda travmaların yaranmaması üçün çox yaxşıdır. 

 

# 4536
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Xərçəngdən qorunmağın SADƏ YOLU

Xərçəngdən qorunmağın SADƏ YOLU

20 aprel 2024 , 15:43
Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR

Bu yağlarla qızartma etməyin - ZƏRƏRLİDİR

20 aprel 2024 , 14:47
Niyə hər gün darçın istehlak edilməlidir?

Niyə hər gün darçın istehlak edilməlidir?

20 aprel 2024 , 14:14
Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT

Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT

20 aprel 2024 , 13:42
Dondurma sağlamlığa zərərlidir?

Dondurma sağlamlığa zərərlidir?

20 aprel 2024 , 11:19
 Öskürək və köpün   dərmanı - Razyana

Öskürək və köpün dərmanı - Razyana

20 aprel 2024 , 10:13
Çay necə zəhərə çevrilir?  - Bu içkini nə zaman içməlisiniz?

Çay necə zəhərə çevrilir? - Bu içkini nə zaman içməlisiniz?

20 aprel 2024 , 09:41
 Sabunla yuyunmanın   təhlükəsini AÇIQLANDI

Sabunla yuyunmanın təhlükəsini AÇIQLANDI

19 aprel 2024 , 17:50