Böyük Britaniyadan olan ekspert-nutrisioloq Liberti Mills kərəviz şirəsini qanda xolesterinin miqdarının və arterial təzyiqin tənzimlənməsinə kömək edən yaşlanma əleyhinə içki adlandırıb.
Lent.az "AZƏRTAC"a istinadən xəbər verir.
Ekspert xatırladır ki, yüksək qan təzyiqi və xolesterinin yüksək səviyyəsi ürək-damar xəstəlikləri riskini artırır. Xolesterin düyünlərinin və kalsiumun toplanması səbəbindən damarlar bərkiyir və sıxılır, iltihaba məruz qalır ki, bu zaman qanı ötürmək ürək üçün getdikcə çətinləşir. Kərəviz şirəsi A, B, C və K vitaminləri üçün yaxşı mənbədir. Mütəxəssis hesab edir ki, fitokimyəvi maddələrin və antioksidantların birləşməsindən əmələ gələn şirə iltihabı əhəmiyyətli şəkildə azaldır.
Millsin sözlərinə görə, kərəvizin tərkibində olan yüksək miqdarda kumarinlər – orqanizmdə stress hormonlarının miqdarını azaltmaq qabiliyyətinə malik birləşmələr yüksək qan təzyiqinin aşağı salınmasına öz təsirini göstərir. Bundan başqa kumarinlər immun sisteminin dəstəklənməsi və sağlamlığı üçün həlledici rol oynayan ağ qan hissəciklərinin fəallığını da artırır.
Kərəvizin daha bir komponenti olan ftalidlər damarların divarlarındakı toxumaları zəiflədir və bu da qan təzyiqinin aşağı salınmasına təsir edir.
Kərəvizdən istifadə steroidli turşuların və öd kisəsi sekresiyasının təsirini gücləndirir, nəticədə xolesterinin miqdarı aşağı düşür.
Kərəviz şirəsi həddən artıq aşağı qlikemik indeksə malikdir, bu səbəbdən qanda şəkərin sağlam səviyyəsini dəstəkləyə bilir. Onun tərkibindəki antioksidantlar və vitaminlər də qanda şəkərin miqdarını tənzimləməyi bacarır, bu da, öz növbəsində, insulinə həssaslığı artırır və qlükozanın metabolizmini yaxşılaşdırır.
Liberti Millsin sözlərinə görə, kərəviz şirəsindən istifadə dərinin teksturasını yaxşılaşdırır, tərkibindəki K və C vitaminləri sayəsində yaşlanma əleyhinə xüsusiyyətləri təmin edir. Kərəviz şirəsinin tərkibində olan elektrolitlər dərinin nəmləndirilməsini dəstəkləyir. Həmçinin bir fincan kərəviz şirəsi dəriyə cavanlıq bəxş edən kollagen sintezi üçün zəruri olan tövsiyə edilən sutkalıq C vitamininin 16 faizini təşkil edir.