Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin
20 iyul 2021 22:02 (UTC +04:00)

Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin

İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib-YENİLƏNİB

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gəlib.

Lent.az xəbər verir ki, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında Prezident İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşıladılar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş olub.

Rusiya Prezidenti Vladimir Putin deyib:

-Qurban bayramınız mübarək! Sizi təbrik edirəm, ən xoş arzularımı bildirirəm.

Prezident İlham Əliyev: Çox sağ olun.

Prezident Vladimir Putin: Gələn il bizim böyük bayramımız olacaq – diplomatik münasibətlərin yaradılmasının 30 illiyi. Moskvaya gəlməyə razılıq verdiyiniz üçün Sizə təşəkkür edirəm. Allaha şükür, koronavirusdan sonra münasibətlərimiz bərpa olunur, ilk növbədə, iqtisadiyyatı nəzərdə tuturam. Keçən il müəyyən azalma olmuşdu, indi inamlı artım, bərpa gedir.

Rusiya iqtisadiyyat sahəsində inamla lider yerlərdən birini tutur və bizim hökumətlərarası komissiya fəal işləyir, orada əməkdaşlıq istiqamətləri çoxdur.

Biz yaxın vaxtlarda sizə nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırırıq, bu nümayəndə heyəti həmin məsələlərlə artıq Bakıda məşğul olacaq. Onlar müxtəlif məkanlarda müntəzəm surətdə görüşürlər. Bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq. Həm sənaye, həm nəqliyyat, həm infrastruktur və bəzi başqa məsələlər nəzərdə tutulur.

Biz indi koronavirusa qarşı mübarizədə get-gedə daha fəal əməkdaşlıq edirik. Məncə, artıq 100 min doza vaksin göndərilib.

Prezident İlham Əliyev: Hətta daha çox.

Prezident Vladimir Putin: Azərbaycan ərazisində birgə istehsalın genişləndirilməsi üzərində işləyirik.

Aydındır ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm.

Sizi yenidən görməyimə çox şadam. Xoş gəlmisiniz.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

-Sağ olun. Sağ olun, Vladimir Vladimiroviç. İlk növbədə, dəvətə görə sağ olun. Mən də Sizi görməyimə çox şadam. Bizim qarşılıqlı fəaliyyətimizlə bağlı mühüm məsələləri yenidən müzakirə etmək üçün yaxşı imkandır. Təbriklərə görə sağ olun. Fürsətdən istifadə edib Rusiyanın bütün müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etmək istərdim. Bu, həmrəylik bayramı, birlik bayramıdır.

Əlbəttə, ikitərəfli gündəlik barədə Sizinlə tam razıyam ki, biz çox inamla irəliləyirik. İlin birinci yarısında əmtəə dövriyyəsi artıb. Bu, çox vacibdir, çünki keçən il bizdə 10 faizdən çox azalma olmuşdu. Nəqliyyat-tranzit münasibətləri məsələsində də əməkdaşlığı fəal surətdə genişləndiririk. Mənə verilən məlumata görə, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb. Beləliklə, bu dəhliz artıq işləyir, demək olar ki, geniş həcmdə.

Koronavirusa qarşı mübarizədə köməyə görə təşəkkür etmək istərdim. Biz Rusiyadan 200 min dozadan artıq “Sputnik V” vaksini almışıq və bu vaksinin yenə göndərilməsi gözlənilir. Bilirəm ki, onu almaq istəyənlərin sayı lap çoxdur. Ona görə ki, bu vaksin öz effektivliyini sübut edib və əlbəttə, yəqin ki, hamını təmin edə bilmək də çox çətindir. Lakin Sizin dostlarınız, tərəfdaşlarınız kimi bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz vaksini alanlar arasında ilk sıralardayıq.

Sizə onu da bildirmək istərdim ki, bu il Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının birinci buraxılışı oldu. Bu, əlamətdar hadisədir. Zaman sürətlə keçir. Bizim iki filialda – MDU-nun və Seçenov Universitetinin filiallarında mindən çox tələbə təhsil alır. Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı 15 mindən çoxdur. Azərbaycanda isə 16 min tələbə rus dili bölməsində təhsil alır. Beləliklə, Azərbaycan gənclərinin belə bir böyük dəstəsi artıq Rusiya ilə dil, ünsiyyət və təhsil vasitəsilə bağlıdır. Düşünürəm ki, bizim təcrübəmizi böyüməkdə olan nəslə əməli surətdə ötürmək çox vacibdir.

Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq.

Dəvət üçün bir daha təşəkkür edirəm və əlbəttə, qarşılıqlı fəaliyyətin, regional problemlərin mühüm məsələlərini müzakirə edəcəyik.

Prezident Vladimir Putin: Sağ olun.

***

Saat 19:58

Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfərə gedib.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib.

Lent.az-ın xəbərinə görə, Moskvanın Vnukovo-2 beynəlxalq hava limanında Prezident İlham Əliyevi Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3597
avatar

Oxşar yazılar