Gilası qış üçün dondurmaq onun təbii rəngini, dadını və tərkibindəki vitaminlərlə faydalı maddələrin böyük hissəsini qorumağa kömək edir. Gilası həm çəyirdəyi ilə, həm də çəyirdəyi çıxarılmış şəkildə dondurmaq mümkündür.
Lent.az bu üsulları təqdim edir:
Dondurulmuş çəyirdəkli gilas kompot və kisel hazırlamaq üçün, çəyirdəksiz gilas isə piroq, pirojna, vareniki və digər şirniyyatların hazırlanmasında istifadə oluna bilər.
Gilası dondurmağa necə hazırlamaq lazımdır?
Əvvəlcə gilası axar suyun altında yaxşıca yuyun. Saplaqlarını qoparın, zədələnmiş və çürümüş gilasları ayırın. Daha sonra gilası süzgəcə qoyaraq suyunun süzülməsini gözləyin. Tam quruması üçün gilası ikiqat kağız dəsmalın üzərinə düzərək təxminən 25-30 dəqiqə saxlayın. Gilası dondurmaq üçün qida məhsulları üçün nəzərdə tutulmuş plastik qablar və ya zip-bağlanan xüsusi dondurucu paketlərdən istifadə etmək daha məqsədəuyğundur. Adi sellofan paketlər də istifadə oluna bilər.
Çəyirdəkli və çəyirdəksiz gilas necə dondurulur?
Çəyirdəkli və çəyirdəksiz gilas ayrı-ayrılıqda dondurulmalıdır. Çəyirdəksiz gilas hazırlamaq istəyirsinizsə, xüsusi çəyirdəkçıxaran alətdən və ya adi saç sancağından istifadə edərək çəyirdəkləri çıxarın. Sonra gilasları bir qat olmaqla siniyə və ya qaba düzün və 1-2 gün dondurucuda saxlayın. Bu üsul gilasların bir-birinə yapışmasının qarşısını alır və onların formasını qoruyur. Tam donduqdan sonra gilası qablara və ya dondurucu paketlərinə köçürün. Gilasları sıxmadan yerləşdirin və qarışdırmamaq üçün qabların üzərinə hazırlanma tarixi və növünü qeyd edin.
Şəkərlə gilas necə dondurulur?
Şəkərlə dondurmaq üçün əvvəlcə çəyirdəkləri çıxarın. Gilası qabın içinə qat-qat düzün və hər qatı 1 kiloqram gilasa 100–200 qram şəkər hesabı ilə şəkərlə səpin. Bu üsulla hazırlanan gilas qışda piroq və digər şirniyyatlar üçün hazır içlik kimi istifadə edilə bilər.
Öz şirəsində gilasın dondurulması
Gilası öz şirəsində saxlamaq üçün meyvələrin təxminən üçdə bir hissəsini blenderdə püre halına gətirin. İstəyə görə az miqdarda şəkər əlavə edə bilərsiniz. Qabın yarısını bütöv gilasla doldurun, üzərinə hazırladığınız püredən əlavə edin və dondurucuya yerləşdirin. Bu üsulla hazırlanan gilas sonradan blinçik, pankek və müxtəlif desertlər üçün sous kimi istifadə oluna bilər.
Gilası şərbətdə necə dondurmaq olar?
Şərbət hazırlamaq üçün su və şəkəri 1:1 nisbətində götürün. Suyu qaynadın, şəkəri əlavə edib tam həll olana qədər qarışdırın. Daha sonra şərbəti soyudun və bir neçə saat soyuducuda saxlayın. Çəyirdəyi çıxarılmış gilası qabın üçdə iki hissəsinə qədər doldurun və üzərinə soyumuş şərbəti əlavə edin. Sonra qabı dondurucuya yerləşdirin. Bu üsul gilasın şirəli qalmasına kömək edir və onu desertlərdə istifadə etmək üçün ideal seçim sayılır.