Ədəbiyyat adamlarının xatirələrini Qəşəm Nəcəfzadə danışdırır. “Sandıq iç”ini bu dəfə şair Oqtay Rza tökəcək.
- Oqtay müəllim, necəsiniz?
- Mirzə (adətən adamlara belə müraciət edir), son vaxtlar uğursuzluğa düçar olmuşam, gah kardiologiya, gah Neftçilərə, hətta Mərkəzi Klinikaya qədər gedib çıxdım, müalicə olundum, indi dostlar deyir ki, çox yaxşı görünürəm.
- Səni həmişə “Natavan” klubunda odlu-alovlu çıxış edən görmüşəm...
-1951-ci ildən “Natavan”da çıxış edirəm. O günü klubda 1001-ci çıxışımı elədim. Hələ Salyanda 10-cu sinifdə oxuyurdum, həmin bu klubda gənc yazıçıların müşavirəsi keçirilirdi. O vaxt Lənkərandan Firudin Ağa, Naxçıvandan Əkrəm Naib (Əkrəm Əylisli), Arif Səfi, Şamil Salman, Yaşar Qara gəlmişdi.
Orda bölmələrə bölündük, bölmələrin rəhbərləri Rəsul Rza, Məmməd Rahim, Osman Sarıvəlli, Süleyman Rüstəm idi. Ümumi rəhbər isə Səməd Vurğun. Mən Məmməd Rahimin bölməsinə düşdüm. İlk dəfə “Domnaçı” şeirimi oxudum, xoşlarına gəldi. Qubalı bir şair vardı, Mövlud Qonaq, durub dedi ki, gərək bu uşaqdan nümunə götürək.
“Yaşasın Stalın, yaşasın bir may”
- Bayramlara çox şeir yazmısınız...
- Hamısına yazmışam, Yeni ilə də, 28 aprelə də. Ürəyimdən gəlib. “Bir may” seirim vardı, dərnəkdə oxudum. Əliağa Kürçayli, Xəlil Rza Ulütrk, Ağacavad Əlizadə şeiri çox bəyəndilər. Axırıncı misrası belə idi: “Yaşasın Stalin, yaşasın bir may”. O şeirlər mənim uşaqlığım, gəncliyimin ən gözəl xatirəsidir, baxmayaraq ki, Stalin məni yetim qoymuşdu. Atamı 40-cı ildə tutmuşdular, həbsxanada ölmüşdü.
- Ədəbi mühitlə lap erkən yaşlarında gəlmisiz. Bu, nə ilə bağlıdı?
- Mən 1950-ci ildə, 10-cu sinifdə oxuyanda respublilka olimpiadasında iştirak elədim. Puşkinin 150 illiyi münasibəti ilə yazdığım şeirə görə, birinci yeri tutdum. O vaxt bu məsələlərə Mircəfər Bağır (Bağırov) şəxsən baxırdı. Təqdimetmə mərasimi Opera və Balet Teatrında keçirilirdi. Ondan sonra yaradıcılıq üfüqlərim genişləndi.
- Sərbəst şeir niyə yazmırsınız? Yaza bilmirsiniz, yoxsa?
- Yox, yazıram, niyə yazmıram. Heca şeiri ilə sərbəst şeiri üz-üzə qoyanları xoşlamıram. Məmməd Rahimin sərbəst şeirdən acığı gəlirdi. Heca şeirinə üstünlük verirdi. 1970-ci ildə ilk kitabım çıxdı. Həmin kitabda 20 sərbəst şeirim vardı. Bir dəfə Məmməd Rahim dedi ki, mən iki Oqtay tanıyıram, bir Oqtay Rza, biri Oqtay Şamil. Biri mücərrəd, biri aydın. Xoşuma gəlmədi bizi bir-birimizə qarşı qoymağı.
Haşiyə. Həmişə Oqtay Rza tədbirin sonunda çıxış eləyir, özü də çıx möhtəşəm nitq söyləyir. Bir dəfə tədbiri mən aparırdım, dedim bu dəfə ilk çıxışı ona verəcəyəm, görək nə olur? Dediyim kimi elədim, o, əvvəl tərəddüd elədi, gəldi tribunaya bir-iki cümlə deyəndən sonra üzünü mənə tutub dedi ki, Mirzə, sən qaydanı niyə pozursan? Mən altmış ildir axırıncı çıxış edirəm. Qayıdıb yerində oturdu, tədbirin sonunu-öz çıxışının vaxtını gözləməyə başladı.
Əli Kərim şeirlərimi itirib
- Əli Kərimi tanıyırdınız?
- Mirzə, Əli Kərim gözəl şair idi. Amma ona verilən şeirləri tez-tez itirirdi. Bir dəfə Natəvan klubunda Məmməd Rahimə və Süleyman Rüstəmə təzə şeirlərimi oxudum, bəyəndilər, dedilər apar ver Əli Kərimə. Əli Kərim o zaman “Azərbaycan” jurnalının poeziya şöbəsinin müdiri işləyirdi, Qılman İlkin redaktor, Əliağa Kürçaylı müavin, Yusif Səmədoğlu şöbə müdiri idi. Sevinə-sevinə şeirləri gətirib verdim Əli Kərimə. Düz altı ay çapını gözlədim. Hər ay köşklərdə jurnala baxıram, şeirlərim yox. Sonra gəldim Əli Kərimin yanına , baxdı ora-bura, dedi şeirlərin itib, yenidən gətir. Bərk əsəbləşdim, pilləkənləri düşəndə gördüm rəhmətlik Xəlil Rza pilləkənləri qalxır. Dedi nə olub, Oqtay?
Dedim nə olacaq, Əli Kərim şeirlərimi itirib. Düz altı aydı gözləyirəm. Qayıtdı ki, neçə şeir idi? Dedim üç. Güldü ki, ayə, Əli Kərim camaatını romanını itirir, heç səni kimi eləmir.
- Əli Kərimi işdən niyə çıxardılar?
- Yazıları itirməyə görə. Bir əhvalat danışım. Bir dəfə Əli Kərim İsgəndər Çoşqunla gedirlər kafeyə. Yedikcə də salfet kağızı əvəzinə Əli Kərimin qovluğunda olan kağızlardan istifadə edirlər. Bir də görürlər ki, artıq kağızlar tükənir. Diqqətlə baxıb görürlər ki, Osman Sarıvəllinin şeirləridir. Əlini onun üstündə işdən çıxardılar. Əli ilə İsgəndər Coşqunun həmin hərəkəti Birliyin Rəyasət Heyətində müzakirə olundu.
- Səninlə münasibəti necə idi?
- Çox yaxşı. Bir dəfə Əli Kərim, məşhur bir şair dostu ilə (adını deməyəcəyəm, dünyasını dəyişib, məşhur vuranlardan olub) mənə rast gəldi. Mən də cavan müəlliməm. Qayıtdı ki, alim də oldun, kitabın da çıxdı, bir dəfə qeyd eləmədin. Dedi, nə qədər pulun var? Dedim, 150 manat. Getdik vağzala. O biri şair dedi ki, gəl arağı dükandan al, pul çox çıxmasın.
Dükandan iki araq aldım. Oturduq, kabab gəldi, arağın ikisi də getdi, Əli dedi ki, bir araq da al. Bir araq da yeməkxanadan aldıq, onu da vurub çıxdıq “beşmərtəbə” tərəfə. Birdən Əli dedi ki, burda yaxşı qırmızı çaxır olur. İki çaxır da burda içdilər. “Beşmərtəbə”yə çatdıq, Əli dedi ki, Oqtay, bizim evdə təmir gedir, yoxsa səni evə aparardım. Dedim Əli müəllim, sağ ol, evə getməliyəm, rayondan qohumlar gəliblər, məni gözləyirlər. Amma o biri şair əl çəkmədi, son manata kimi içdik.
“Şair var, heç evində tanımırlar”
- Oqtay müəllim, necə bilirsiniz, Azərbaycan xalqı Oqtay Rza adlı şair tanıyır?
- Mirzə, sözünə qüvvət, bir dəfə Rusiyada “Peredilenko” istirahət evinə getmişdim. Elektrik qatarı işləmədi, yol boyu “Literaturnaya qazeta”nın mixbiri ilə sohbət edə-edə piyada getdik. Özümü təqdim etdim ki, şairəm, Oqtay Rza. Dedi sizdə Rəsul Rza var, onun qohumusan? Dedim yox, bizdə “Rza”lar çoxdu. Şair Rəsul Rza var, onu bütün Afrika, Avropa tanıyır. Xəlil Rza var, onu da İran, Türkiyə tanıyır. Sonra Şəmşad Rzadı, Ənvər Rzadı, onları Azərbaycanda tanıyırlar. Mən də Oqtay Rzayam, məni də bir az tanıyırlar. Mənə dedi ki, sən yaxşısan, şair var, heç evində tanımırlar. Sonra bu hadisəni Rəsul Rzaya danışdım, dedi gərək deyəydin qohumuyam.
- Oqtay müəllim, sizə ən çox kim kömək eləyib?
- Osman Sarıvəlli. Bir dəfə məndən ötrü “Bakı” qəzetinin şöbə müdiri ilə dalaşdı. Qəzetdə şeirlərin xülasəsi çıxmışdı. Orda yazılmışdı ki, neftçi-şair Oqtay Rza. Osman Sarıvəlli demişdi ki, ayə, şairə nə neftçi, şairə nə alim. Osman Sarıvəlli ağır xəstə idi, Xeyrulla Camalla gedib ona dəydim. Dedi Oqtay, bir şeyə görə çox kədərliyəm, bir şeirimdə yazmışam:
Hər kim yüz il yaşamasa,
Günah onun özündədir.
Dedi, camaatın gözündə yalançı çıxıram, özüm yüz il yaşaya bilmədim. Heç 85 yaşa çata bilməyəcəm.
Məmməd Rahimin xeyli pulu batdı
- Deyirlər Məmməd Rahim pullu olub.
- Hə, pulu çox olardı. Borc verirdi, amma sonra qəpiyinəcən alırdı. Öləndə onun nə qədər şairdə pulu batdı? Mirzə, Məmməd Rahimdən bir əhvalat danışım. Bir dəfə dedilər ki, indiki İqtisad Universitetində Məmməd Rahimlə görüş var. Məmməd Rahim Hüseyn Arif, Məmməd İsmayıl, Nüsrət Kəsəmənli və mən getdik universitetə.
Məmməd Rahim bombardmançı, biz də yan-yörəsində qırıcı təyyarələr... Görüşdə Məmməd Rahim dedi, mən zalda boş yerlər görürəm, rektorluq görüşü yaxşı təşkil eləməyib. Gələnlərə “çox sağ ol”, deyirəm. İndi lap təzə şeirlərimi oxuyacam, qoy gəlməyənlərin “dızzağı” çıxsın...
Süleyman Rüstəmlə APİ-də (indiki Pedaqoji Universitet) görüş vardı. Mən bir şeir oxudum orda; “Bölünməz vətən adlı nəğməsi var, şairin...”
Rəsmi hissədən sonra qonaqlıqda Süleyman Rüstəmin hönkür-hönkür ağladı. Dedi mənə kommunist şair deyirlər, amma bilmirlər ki, Təbrizdən ötrü yanıb-yaxılıram.
Qəşəm Nəcəfzadə