ABŞ-ın Nyu York şəhərində Sultan Əyyub Mədəniyyət Mərkəzində “Cavad xan” filminin nümayişi keçirilib. Lent.az-ın verdiyi məlumata görə, Nyu York-Azərbaycan Assosiasiyasının sədri Ercan Yerdələnli qonaqları salamlayaraq film haqqında danışandan sonra söz mərasimə Azərbaycandan qatılan qonaqlara verilib. “Cavad xan” filminin quruluşçu rejissoru Rövşən Almuradlı, filmin ssenari müəllifi Sabir Rüstəmxanlı və təqdimatın təşkilatçılarından biri, Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin rəhbəri Gəray Əlibəyov çıxış ediblər. Çıxışlardan sonra filmə baxış keçirilib.
Qeyd edək ki, 2009-cu ildə lentə alınan “Cavad xan” filmi 19-cu əsrin əvvəllərində öz oğlanları ilə birlikdə Vətən uğrunda rus qoşunlarına qarşı mübarizə aparmış və mərdliklə həlak olmuş cəsur sərkərdə Cavad xan haqqındadır.
“Cavad xan” filmini maraqla izləyən qonaqlar arasında Azərbaycanın ABŞ-da fəaliyyət göstərən diplomatik nümayəndələri, Azərbaycanın BMT-dəki nümayəndəliyinin əməkdaşları, türk dövlətləri səfirliklərinin təmsilçiləri və Nyu-York şəhərində yaşayıb çalışan həmyerlilərimiz də olub.
Filmə baxışdan sonra Nyu York Azərbaycan Assosiasiyasının rəhbəri Ercan Erdərənli və Nyu York Mədəniyyət Mərkəzinin rəhbəri Telman Cəlil filmin yaradıcılarını təşkilatın fəxri diplomu ilə təltif ediblər.