Kulis dünya incəsənətində antik dövrlərdən başlamış bu günə kimi öpüşün əks olunduğu ən maraqlı əsərləri təqdim edir.
1. “Ayn Sahrili sevgililər”
(eramızdan 10 000 il əvvəl )
Bu, böyük olmayan daş fiqur, Fələstinin Betlehəm şəhəri yaxınlığında mağaradan tapılıb. Bu, cismani sevgini əks etdirən ilk heykəl hesab olunur. Bir-birinə möhkəm sarılmış cütlüyün sifəti yoxdur və onlardan hansının qadın, hansının kişi olduğunu müəyyənləşdirmək çətindir. Onların daşda həkk olunmuş öpüşü, qucaqlaşması min illərdən keçib gəlib. Natufian mədəniyyətinə aid olan (mezolit dövrünün arxeoloji mədəniyyəti, Aralıq dənizinin şərq hissəsində mövcud olub) əsər hazırda Londonun Britaniya muzeyindədir. Mütəxəssislərin fikrincə 10,8 sm hündürlüyündə olan heykəl məhsuldarlığı ifadə edir.
2. “Attikadan olan qırımızı fiqurli kasa”
(eramızdan əvvəl 480 cü il )
Qədim Yunanıstanda yaşayan rəssamlar tez-tez vazalarda öpüşən cütlüyü təsvir edirdilər. Yeri gəlmişkən, qadınla kişinin öpüşməsinə antik keramik məhsullarda nadir hallarda rast gəlinir. Çünki o vaxt heteroseksual sevginin təzahürü etik xarakterli problemlər doğura bilərdi. Halbuki, o vaxt yaşlı kişi ilə gənc kişi arasındakı ehtirasa məziyyət kimi baxılırdı. Bu kasa Luvr muzeyində saxlanılır. Burda təsvir olunan öpüş iki eyni hüquqlu sevgilinin simvolu deyil. Yaşlı saqqallı kişi sevgilisinin saçlarından tutaraq onu özünə tərəf dartır.
3. Fransua Buşe “Herkules və Omfala”
(1735)
İntibah dövründə öpüşən cütlüklərin təsvirinə az rast gəlinir. Bu dövrdə çəkilən rəsmlərdə daha çox İsa Məsihi qucaqlayan İudanı görmək olar, nəinki sevgililəri. XVIII əsr Avropa incəsənətinə rokoko üslubunun hakim olması ilə hissiyyatlı səhnələr ambisiyalı rəssamları daha çox ruhlandırmağa başladı. Nümunə kimi Fransua Buşenin “Herkules və Omfalka” əsərini götürək. Tabloda qədim yunan qəhrəmanı Herkules Lidiya çariçası Omfalanın yatağında təsvir olunur. Əsər Puşkin adına muzeydə saxlanılır.
4. Antonio Kanova, “Amur və Psixeya”
(1787 - 1793 illər)
Venesiya rəssamı Antonio Kanova Avropada neoklassizmin ən görkəmli heykəltəraşlarından biri sayılır. Mərmərdən düzəldilmiş heykəl insan cismini çox zərif təsvir edir. Heykəlin məzmunu yunan mifologiyasına əsaslanır. Burda Psixeyan sevgi allahı Amurun öpüşündən ayılması təsvir olunur. Əsərdə Kanovanın üslubuna xas eleqantlıq və zəriflik nəzərə çarpır. Bu heykəlin iki versiyası var, biri Luvrda, digəri Ermitajdadır.
5. Utamaro Kitaqva, "Yastıq poeması"
(1788 ci il)
Açıq erotizm XVII-XIX əsrin ortaları yapon qravüra epoxasının əsas mövzularından biridir. Kitaqava ukiyo-e üslubunun ən parlaq nümayəndələrindən biridir, onun yaradıcılığına sevgi və seksual səhnələr xasdır. Qravüranın süjeti rəssamın bu mövzuda işlədiyi 12 əsərdən biri “Yastıq poeması”dır. Digər 11 işdə bu qədər seksual ehtiras yoxdur. Sonradan qərb rəssamları Eduard Mane, Anri Tuluz-Lotrek özlərinin açıq əsərlərində yapon nümunələrinə müraciət ediblər. Ukiyo-e üslubunun mənası dəyişən dünyanın obrazları deməkdir.
6. Ogyüst Roden, “Öpüş”
(1882 – 1889)
Bu əsər qərb mədəniyyətində romantik sevgini ifadə edən əsərlərdən biridir. Mərmərdən hazırlanmış qadın və kişi qucaqlaşaraq ehtirasla öpüşürlər. Bu heykəl məşhur ərli qadın, italyan Françeska da Rimini və sevgilisi Paolo Malatestu təsvir edilir. Onları əri bir yerdə tutur və sevgililəri öldürür.
Roden bu əsəri "Cəhənnəm adası" kompozisiyasına daxil etmək istəyirdi. Amma süjet o qədər məşhur idi ki, heykəltəraş “Öpüş”ü müstəqil əsər kimi saxlamağa qərar verir.
7. Jan-Leon Jerom, “Piqmalion və Qalateya”
(1890)
Jerom Piqmalionun mövzusunda çox işləyib. Yunan mifologiyasında özünün “Qalateya” əsərinə vurulmuş heykəltəraşdır. Rəssam əsərində bu sevgini təsvir edib.
8. Qustav Klimt, “Öpüş”
(1908 – 1909)
Başqa əsərlərində olduğu kimi burda da qucaqlaşan cütlüyü qızılı, bəzəkli parça ilə bürüyür.
9. Rene Magritt, “Sevgililər”
(1928)
Magritin bu kult tablosunda sevgililərin üzü örtülüb. Örtülmüş üzləri onun başqa əsərlərində də görmək olar. Bu obrazın mənbəyini rəssamın bioqrafiyasında axtarmaq lazımdır. Yeniyetmə olanda anası gecə köynəyi ilə üzünü qapadaraq suda batıb. Deyilənə görə özü belə eləmişdi ki, kimsə onun eybəcər hala düşmüş sifətini görməsin. Ömrünün son illərində rəssam deyirdi ki, bu sürreal kompozisiyada dəqiq fikir yoxdur.
10. Zanele Muxoli, “LiTer II”
(2012)
Cənubi Afrikanın tanınmış foto rəssamlarından biri Zanele Muxoli Afrika lesbilərini çəkir. Onun yaradıcılığı homofob zorakılığa qarşı kampaniyadır. 2012-ci ildə onun Keyptaundakı mənzilinə hücum edilmiş, fotoları məhv edilmişdi. Bu foto isə salamat qalmışdı.
Sevda Sultanova