Bu gündən İctimai Televiziyanın «Böyük səhnə» layihəsinin seçim turlarına start verilir. Lent.az-ın İTV-nin rəsmi saytına istinadən məlumatına görə, qalib bu ilin mayında Danimarkada keçiriləcək «Eurovision-2014» də Azərbaycanı təmsil edəcək.
Layihənin ilkin dinləmə mərhələləri Azərbaycanın 8 böyük şəhərində olacaq. “Böyük səhnə” televiziya müsabiqəsinin bölgələr üzrə seçim turları yanvarın 9-dan 13-dək davam edəcək. Musiqi yarışmasında səs və səhnə imkanlarına inanan 16 yaşından yuxarı şəxslər iştirak edə bilərlər. Hər bir ifaçıdan ən azı iki mahnı ilə münsiflər qarşısında çıxış etmək tələb olunur. Mahnılardan birinin Azərbaycan dilində olması zəruri, digərinin isə ingilis dilində səsləndirilməsi arzu ediləndir.
Yarışmaçılar arasından 12 ifaçı seçilərək əsas şouya vəsiqə qazanacaqlar. “Böyük səhnə” tamaşaçılara fərqli, rəngarəng və dinamik yarımfinal və final şouları təqdim edəcək.
Qeyd edək ki, seçim turu Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Şəki, Quba, Yevlax və Bakı şəhərlərində olacaq.