Lent. az-ın müsahibi Bakı Bələdiyyə Teatrının Baş rejissoru Xalq artisti Mərahim Fərzəlibəyovdur. Onunla unudulmuş xalq teatrları ənənəsi barədə danışırıq.
- Əvvəllər xalq teatrları var idi və bu teatrlardan sənətdə ad qoymuş möhtəşəm sənətkarlar çıxırdı. Xalq teatrları indi niyə yoxdur?
- Çox mühüm məsələyə toxundunuz. SSRİ məkanında hər bir böyük təşkilatın dərnəkləri var idi. Heyf ki, 30 ildən çoxdur xalq teatrları məvhumu aradan çıxıb, onlar daha fəaliyyət göstərmirlər və xalq teatrlarının olmaması üzdə olan, böyük sənətkarların yetişməməsi kimi bir problemi ortaya çıxarıb. Siyavuş Aslan, Yaşar Nuri, Həsənağa Turabov, İlham Namiq Kamal, onun qardaşı Cəfər yəni bu gün adı məşhur olan aktyorların demək olar ki, hamısı xalq teatrlarının yetişdirmələri idilər. Dərnək böyük səhnəyə çıxmaq üçün tramplin, cığır rolunu oynayırdı. Lütfü Məmmədbəyovun 26-lar adına mədəniyyət sarayında dərnəyi var idi və bu dərnəyi zarafatla Mirzağa Əliyev adına Teatr İnstitutunun bazası adlandırırdılar. Çünki orda çalışan həvəskarların hamısı bu institutun tələbələri olurdular. Bu gün dərnəklərdə yetişib gələn aktyorlar yoxdur və mənə belə gəlir ki, bu təhlükəli tendensiyadır. Ali məktəblərin nəzdində dərnəklər açılmalıdır. Bu teatr sənətinin inkişafına dəstək olardı, istedadı olanlar üzə çıxardı.
- Bir zamanlar mədəniyyət sarayları, klublar fəaliyyət göstərirdilər. Hər rayonda, hətta hər kənddə. Təəssüf ki indi adları var, özləri yoxdur. Mədəniyyət saraylarındakı bu tamaşaları kim maliyyələşdirirdi?
- Mədəniyyət sarayına dövlət müəyyən büdcə ayırırdı. Həmçinin bu xalq teatrlarında məşğul olan aktyorlar teatrlardan sadə dekorasiyalar, paltarlar gətirib, tamaşanı oynadıqdan sonra qaytarırdılar. Mədəniyyət saraylarında kinoseanslar olurdu. Pullu dərnəklər fəaliyyət göstərirdi və bunun sayəsində tamaşalara xərc çəkilə bilirdi. Böyük təşkilatlardakı dərnəklərin üzvləri bəzən özləri evdən nələrsə gətirib dekor kimi istifadə edirdilər. Maraqlıdır ki, bu teatrlara tamaşaçı axını güclü idi. Bir neçə xalq teatrı var idi. Bakıda 26-lar, Şaumyanın adını daşıyan və Tofiq İsmayılovun rəhbərliyi altında olan xalq teatrı məşhur idi.
- Siz də xalq teatrından çıxmışdınız...
- Bəli. Səhnəyə orta məktəbdən maraq göstərirdim. O zamanlardan 26-lar adına Mədəniyyət Sarayının xalq teatrında hazırlanan tamaşalarda epizod rollar oynamağa başladım. Ancaq rejissor sənətinə marağım daha çox idi. Lütfi Məmmədbəyov bunu hiss eləmişdi. Müəyyən məşqləri mənə tapşırırdı. Hardasa 17 yaşım olanda Lütfü müəllim mənə Nazim Hikmətin “Domokl qılıncı” pyesini hazırlamağı tapşırdı və bu mənim rejissor kimi yetişməyimdə təkan oldu. 60-70-ci illərin sənətkarları hamısı xalq teatrlarının yetirmələri idilər. İndi böyük sənətkarlar “Qırmızı kitab”a düşüb, sayları azalıb. Hazırda hər teatrda az sayda çox mə.hur aktyorun adını çəkə bilərik. Halbuki truppada bəzən 60 aktyor olur. Xalq teatrlarına gələn aktyorlar 13-14 yaşlarında gəlir, bişir, yetişirdilər. Bu vacib idi. Gimnastikaya uşağı hazırlaşdıranda 6 yaş artıq gec sayılır, 4-5 yaşda qoyurlar, baletə, digər idman növlərinə də həmçinin. Aktyorluq da belədir. İlk gənclikdən yetişərək gələn adamlar, xalqın içindən çıxan istedadlar bir başqa cür olurlar. Xalq teatrlarının yenidən yaradılması zəruridir.
- Yaxşı aktyor və ya rejissor olmaq üçün ali təhsil vacibdir?
- İstedad Tanrı tərəfindən verilir. Səsi Tanrı verməsə, sən ha oxu. Rejissor sənəti cavan sənətdir, hardasa 150-200 yaşı var. Seneka, Esxil, Evripil yüz illər öncə özləri həm aktyorluq, həm də rejissorluq edirdilər. Duyğu, hissiyyat yoxdursa, rejissor ola bilməzsən. Rejissorluq bir qədər asılı sənətdir. İstedad yoxdursa, aktyor yükdaşıyan olacaq. Dramaturqun və rejissorun fikirlərini daşıyan.
- Sizcə hansı daha asandır, rejissorluq etmək, yoxsa kütlənin qarşısına çıxmaq - aktyorluq. Anidən fövqəladə vəziyyət yaranarsa, aktyoru səhnədə əvəz edə bilərsiniz?
- Fövqəladə vəziyyət yaranarsa, aktyora nəsə olarsa, tamaşanı təxirə salmaq olar. Aktyorluq və rejissoruq doğma sənətlərdir amma fərqlidir. Aktyorda müəyyən sənət vərdişləri var, o sürətlə dəyişə, başqalaşa bilir. Rejissor tamaşanı bir dəfə qurur, aktyor bir rolu yüz dəfə oynayır. Mən səhnəyə çıxıb heç balaca bir epizod da oynaya bilmərəm. Etiraf edirəm. Məndə o vərdiş yoxdur, onu kənardan görüb aktyordan tələb edirəm. Oynasam gülməli görünər.
- Bir zamanlar teatra böyük maraq var idi, sonra tənəzzül yaşandı. Pandemiyadan sonra isə müəyyən axın var…
- Bu sosiallaşma istəyindən irəli gəlir. Hələ göstərici sayılmaz. Yaxşı tamaşaçı məhz ssenaristə, məhz baş rolda oynayan aktyora, məhz rejissora görə tamaşaya gələndir. Bekarçılıqdan önünə çıxan tamaşaya gedən yox. 40 il Akademik Milli Dram Teatrında işləmişəm, hazırda orda 5 tamaşam gedir. Bütün teatrlarda 2 illik pandemiyadan sonra kassalardan bilet alınır. Amma bu yeni intibah başlayıb demək deyil.
- Teatrların tənəzzülə uğrama səbəbi nədir?
- Bayaq da dedim, bu sənətlə erkən yaşdan məşğul olmalısan, ancaq oxumaqla olmur. Böyük sənətkarların yetişməsi üçün dərnəklər və xalq teatrları bərpa olunmalıdır.
- Sanki rejissorlar da bir az “tənbəlləşiblər”, eyni aktyoru dəfələrlə eyni tip rollara çəkirlər. Eyni aktyoru daima sərxoş, davakar, komik, hərbiçi, polis və ya kral rolunda görürük…
- Bu aktyoru tənbəlləşdirməkdir əslində. Bəli rejissorlar var ki, əziyyət çəkmək istəmir, bu xüsusən kinoda belədir, vaxt gedir, tutaq ki, polis roluna adam axtarır, bu rolu əvvəllər ifa etmiş adamı tapır. O da artıq öz möhürünü vurub. Rahat ifa edir, gedir. Teatrda bu təcrübə yaramır. Mən heç vaxt eyni ştampdan istifadə etmirəm. Dediyiniz indiki teleseriallara, filmlərə daha çox aid edilir. Yaxşı iş deyil bu.
- “Gənclərə yer verilmir” şikayətləri çox eşidilir. Özünü təsdiq etmiş müəlliflərlə işi nəzərdə tutmuram, gənc bir müəllif gəlib əsərini təqdim etsə, oxuyarsınız? Dəstək olarsınız?
- Əgər istedadlıdırsa bəli, dəstək olaram, yol açmağa çalışaram. 20 il olar gənc dramaturqlar mənə əsər təqdim etməyiblər. Yaxşı rejissor yaxşı əsərə yox deməz. Cəfər Cabbarlı “Vəfalı Səriyyə”ni 14 yaşında yazıb, hətta çar rejimi ona yox deməyib. İstedad özünə yer tapır, onu qapamaq olmaz. Bir nəfər ən istedadlı dramaturqa da yox deyə bilər. Amma bu o demək deyil ki, o əsər pisdir.
- Teatrların inkişafı, yeni-yeni istedadların kəşfi üçün nə etmək olar?
-Teatrlarda müsabiqə keçirmək olar. Necə ki, səs yarışmaları, müğənni müsabiqələri keçirilir, teatrlara da eləcə aktyor müsabiqələri keçirə bilərlər. Əminəm ki, yüzlərlə istedadı kəşf edəcəklər.