“Nazir teatrın yubileyinə gəlmədi” - Direktordan SƏRT İTTİHAM
25 iyul 2022 13:49 (UTC +04:00)

“Nazir teatrın yubileyinə gəlmədi” - Direktordan SƏRT İTTİHAM

"Bəzən  bizim Kukla Teatrına qarşı ögey münasibətin şahidi oluruq. Bəlkə də şəxsi münasibətlərdən irəli gəlir". Bu fikirləri Lent.az-a Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə səsləndirib.

"Amma bu teatr dövlətindir, bu xalqındır, mənim deyil, mənə acığı tutub bu böyüklükdə kollektivi cəzalandırmaq olmaz. Teatrımızın 90 yaşı var, mərkəz bizik, ona akademik status verilməlidir, amma Mədəniyyət Nazirliyi yada salmır. Mən bu barədə hələ ötən il onlara əsaslı şəkildə müraciət ünvanlanmışdım. Bu teatrın statusunun qalxması avtomatik digər 4 teatrın da əmək haqlarından fəaliyyətinədək təsir edəcək. Ögey münasibət demişkən, teatrın 90 illiyi keçirildi, bu ölkə üçün, mədəniyyətimiz üçün hadisə hesab olunmalıdır. Amma nazir bu tədbirə gəlmədi. Bu nonsensdir, dünyada belə bir şey yoxdur. Hansısa bir premyeraya 3 dəfə gedirsiniz, amma bizim, dövlətin peşəkar teatrının yubileyinə gəlmirsiniz. Nə üçün? Hansı önəmli hadisə olmalıydı ki, o gəlsin? Bu yubiley nazir səviyyəsində qeyd edilməliydi. Xaricdə ölkəni ən yüksək səviyyədə təmsil edirik. Bizə vəsait ayrılmır, öz hesabımıza beynəlxalq festivallara gedirik, mükafatlarla qayıdırıq, iştirakçı diplomu yox a, mükafat alırıq. Niyə gözə görünmür?",- deyə direktor bildirib.

"Teatrın nəzdində müxtəlif studiyalarımız var, hətta bu studiyalardan birində fiziki qüsurlu uşaqlar çıxış edirlər. Bu onlara gözəl təsir bağışlayır. Kukla Teatrı sosial mədəni tədbirlərə öncüllük edir. Biz heç vaxt həmkarlar xətti ilə qurumlara bilet göndərib, alınmasını tələb eləməmişik. Müntəzəm xeyriyyə tədbirləri təşkil edirik. Uşaq evləri, internat məktəbləri ilə mütəmadi əlaqə saxlayırıq. Tamaşalarımıza dəvət edirik. Ötən il yayda teatr məzuniyyətdə olmasına baxmayaraq, Yaşat Fondu ilə birlikdə ölkənin müxtəlif bölgələrində layihələr eləmişik, silsilə tamaşalar göstərmişik. Dövlətə xidmət missiyamızı layiqinə yerinə yetiririk. Bəzi teatrların tamaşa planı aşağı salınsa da, bizim tamaşa planımız qaldırıldı və buna baxmayaraq biz yenə bu planın ilk 6 ayını artıqlaması ilə yerinə yetirmişik. İnanırıq ki, müəyyən münasibətlər subyektlilikdən çıxacaq, Kukla Teatrının böyük kollektivi öz layiqli qiymətini alacaq"- deyə direktor vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7230
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar