Fonddan videolentləri silindi, ən böyük itkisi kim oldu? - Təranə Vəlizadə Lent.az-a danışır
03 noyabr 2022 17:07 (UTC +04:00)

Fonddan videolentləri silindi, ən böyük itkisi kim oldu? - Təranə Vəlizadə Lent.az-a danışır

Lent.az bir zamanlar çox populyar olan, sonralar mediadan uzaq qalmağa üstünlük verən müğənni, Əməkdar artist Təranə Vəlizadə ilə müsahibəni təqdim edir:

- Təranə  xanım, lap  əvvəldən  başlayaq. Özünüzdən, ailənizdən bəhs edək.

-  Bəziləri haqqımda çox yalanlar uydurub yazırlar. Bunlar reytinq və qazanc mənbəyidir onlar üçün. Çünki nə qədər pis şərhlər olsa, o qədər onlara reytinq gəlir. İstədim, özüm açıqlama verim, mənimlə maraqlanan oxuculara izahat verim ki, əsl doğruları bilsinlər. Əziz oxucular, mənim nəslim, köküm - babalarım 1919-cu ildə Şəki şəhərindən Bakıya köçüblər, burada 103 ildir məskunlaşıblar. Ana nəslim Xan Çələbi nəslindən, atam isə bəy nəslindəndir və Bakıda məskunlaşıb. Onların dörd uşağı dünyaya gəlib ki, onlardan da biri mənim anamdır. Atam isə körpəlikdən ailəsi ilə Bakıya  köçüb. Anamla atam Bakıda orta və ali təhsil alıblar: Atam Neft və Kimya İnstitutunu, anam isə Bakı Dövlət Universitetində. Bir-birini  sevib evləniblər və biz – 4 uşaq dünyaya gəlmişik. Evimiz Fəvvarələr Meydanında, "Araz" kinoteatrının üstündəki binada idi. Atam o vaxt neft sənayesində mühüm vəzifədə çalışırdı, nüfuzlu insan idi. Anam ədəbiyyat müəllimi idi. Ali məktəbdə və orta məktəbdə işləyirdi. 

-  Uşaqlıq illərinizdən, musiqiyə gəlməyinizdən danışardınız. 

-  Uşaqlıq şəkillərinə baxanda, özümü ya oynayan, ya oxuyan görürəm. Məktəb illərində, xor və dram dərnəklərinə gedirdim. Musiqi məktəbində 7 il forte-piano  ixtisasında təhsil almışam. 189 nömrəli məktəbin rus dili bölməsini bitirən kimi Asəf Zeynallı adına Musiqi kollecinin muğam şöbəsinə daxil oldum. Daha sonra Bakı Dövlət Universitetinin rus dili və filologiya fakültəsində oxudum. Ədəbiyyata musiqidən də çox marağım var idi. O dövrlərdə çox kitab oxuyurdum, şeir, hekayələr yazırdım. Onlar hərdən Moskva qəzetlərində, jurnallarda çap olunurdu. Sinifdə elə bilirdilər ki, yazıçı olacağam. Amma musiqiyə aludəliyim məni müğənni etdi.

-    Məlumatlara görə, həyat yoldaşınızla bir təhsil almısınız. O günləri necə xatırlayırsınız?

-    Bu  haqda  çox danışmışam. O , kollecin muğam fakültəsinin axşam şöbəsində oxuyurdu. Biz gənclər isə gündüz şöbəsində təhsil alırdıq. Amma sənət dərsləri bir yerdə keçirildiyi üçün hamı bir-birini dinləyirdi və müəllim səhvlərimizi  düzəldirdi. Çox bilikli müəllim, xanəndə Nəriman Əliyev bizə dərs deyirdi. Eyvaz İncəsənət Universitetində də təhsil alırdı. Onunla 1972-ci ilin noyabrın 2-də ailə qurmuşuq. “Lalə” qızlar ansamblının müşayiəti ilə qız toyu, Eyvazın dostu Baba Mirzəyevin müşayiəti ilə isə oğlan toyu oldu. Bütün böyük sənətkarlar toyda idi.


-    Karyera ilə ailəni birlikdə necə idarə edirdiniz?

-    İnsan gəncliyində hər çətinliyə sinə gəlir. Ailə qurmuşduq, muğam məktəbini bitirmişdik, amma mən Universitetin 3-cü kursunda idim. Evdə qayınanam kömək  edirdi. Yük onun boynunda idi. 5-ci kursda oxuyanda qız övladımız dünyaya  gəldi. Mən hələ A.Zeynallı adına musiqi kollecində oxuyarkən "Lalə" qızlar ansamblında solist idim. O ansambl həm Azərbaycan Televiziyasının, həm də Azərbaycan Dövlət Filarmoniyasının nəzdində idi. Ailə qurandan sonra, yoldaşımla bir yerdə, Filarmoniyanın solisti  işlədik. Duetlər, tək-tək mahnılar yazdırdıq. İndiki Heydər Əliyev sarayında, Filarmoniyada, SSSR-nin daxilindəki respublikalarda, xaricdə, əyalətlərdə çox  konsertlərimiz olurdu. 2 saat öncə afişalarımız asılsa da , zalda əyləşməyə yer olmurdu. Bilet tapa bilməyənlər çöldə  dayanırdı. Konsert vaxtı qapıçıdan xahiş  edirdim ki, onları biletsiz içəri buraxsın. 


-   Sevgi sizin üçün nə ifadə edir? Sevgi həyatınızda neçənci yerdədir?

- Sevgi mənim üçün ən yüksəkdədir. Tanrım bizi sevə-sevə yer üzünə xəlq edib, hərəmizə öz ruhundan bir qətrə verib. Amma o ruhdan sənət adamlarına, şairlərə, yazıçılara, musiqiçilərə bir qədər çox düşüb. Ona  görə onlar əsərlər yaradır, o əsərlər onların ürək-ruh püskürtüsüdür... Ən  böyük sevgim isə yaradanadır. Çünki o, yaradan, biz isə yaradılmışlarıq. İkinci  böyük sevgim vətənədir. Həyata, təbiətə, övlada, ata-anaya, bacı-qardaşa, qohuma, dosta sevgi deyil, bəs nədir? 


-  Sənətdə  küskünlüyünüz bircə həyat yoldaşınızı itirdiyinizə görədir?...

-   Biz, insanlar  itirə-itirə yaşayırıq bu həyatı. Atamızı, anamızı, həyat yoldaşımızı, qazancımızı və nələri-nələri itiririk... Amma həyat davam edir. Hər saatımız, hətta anımız onları  bizə yaxınlaşdırır. Hamımız bu dünyada qonağıq, amma rəhmət aparmaq lazımdır, heç kimə  pislik etmədən. Bu dünya imtahandır. 1990-cı ilə qədər çox acı çəkdim. 20 yanvar gecəsindən sonra, “Şəhidlər” adlı mahnımın klipi Şəhidlər Xiyabanında çəkildi. O izdihamı gördüm: Dul qalan gəlinlərin, anaların, bacıların fəryadını gördüm. Düşündüm ki, onlardan artığammı? Onlar ürəklərinə daş bağlayıb, yaşayacaq, övladlarını böyüdəcək. Allah cəmi şəhidlərimizə rəhmət eləsin.


- Bəs, sizi  həyata nə bağlayır?

- Həyat eşqi, musiqiyə, şeirə, incəsənətin hər bir növünə məhəbbətim, xalqıma, əzizlərimə və s. Bunlar gözə görünməz, incə tellərlə insanı ağuşuna alıb buraxmır və dünyanı sevdirir. Bu  illər ərzində çox qastrol səfərlərində oldum. Dünyanın çox yerlərində olmuşam, Avropanı qarış-qarış  gəzmişəm. Böyük korifeylərlə xaricdə də, ölkəmizdə də bir səhnəni bölüşmüşəm. Firəngiz Əhmədova, Lütfiyar İmanovla, Arif Babayev ilə, İslam Rzayev, Şövkət Ələkbərova,  Sara Qədimova, Polad Bülbüloğlu, Rəşid Behbudovla, Fidan və Xuraman Qasımova bacıları ilə xaricdə bir səhnədə ifa etmişəm. Bəzi Asiya dövlətlərində olmuşam, SSRİ dövlətlərinin hamısında konsert proqramları ilə çıxış edib Azərbaycanı təmsil etmişəm. "Dan ulduzu" instrumental  ansamblı ilə, xalq çalğı  ansamblı ilə solo konsertlər də oxumuşam. Yüzlərlə  mahnılar yazdırmışam.

-   Sizi sənətdə gözü götürməyən çoxmu olub?

-   Gözü götürməyən hər yerdə, hamı üçün var. Dost olan yerdə, düşmən də olur. Çünki  dünya tarazdır. Nə qədər yaxşılıq varsa, o qədər də pislik olmalıdır. Ona  görə dostların  əhatəsində olmaq lazımdır. Bir də  ki, insan yaxşılığı da, pisliyi də özünə  edir. Bumeranqı hələ heç kim ləğv edə bilməyib. Nə etsən, özünə  qayıdacaq.

-   Təranə xanım,  mediadan niyə uzaq  düşmüsünüz? Bunu  nə ilə əlaqələndirirsiniz?

-    İndi bəzi media nümayəndələri sensasiya axtarır. İnsanın savadını, sənətini, iç dünyasını yox, paltarını, var-dövlətini, kiminlə küsməyini, evdə nə yeyib-içdiyini, kiminlə mübahisə  etdiyini, nə qüsuru varsa onu, yoxdursa, fikirləşib bir qüsur tapıb, reytinq qazansınlar deyə, onu nümayiş  etməklə məşğuldurlar. Yəqin ki, elə yazılar pul gətirir. 

-   Yeni, və ya keçmiş ifaçılardan kimlərə qulaq asırsınız? Sevdiklərinizdən bir-ikisinin adını çəkə bilərsiniz?

-   Mən yaxşı musiqiyə qulaq asıram. Hər  müğənninin elə bir mahnısı var ki, onu özündən başqa heç kim oxuya bilməz. Sözsüz, klassik ifaçılar məni daha çox çəkir. Gənclərə də qulaq asıram. Ümumiyyətlə, məndə heç kimə qarşı kin-küdurət, nifrət, paxıllıq yoxdur. Çünki bu hisslər insanı xəstələndirir, qocaldır. Bizim ölkəmizdə musiqiçi çox, şairlərimiz  çoxdur. Seçim etmək asandır, çünki hər kəs öz təfəkkürünə, əqli inkişafına görə, özünə  sənətçi seçir. Əvvəllər senzura var idi. Xalqa müğənniləri adlı-sanlı böyük sənətkarlar təqdim edirdilər, yəni xalqın zövqünü formalaşdırırdılar. İndi isə incəsənəti veriblər xalqın öhdəsinə. Bu tendensiya indi bütün dünyadadır. Hər təbəqənin öz musiqi seçimi var.

-   Sizin haqqınızda yalan, yanlış məlumatlar yayanlar barədə nə deyə bilərsiniz?

-   Bildirmək istəyirəm ki, mən səbrli, mülayim və mərhəmətli adamam. Təvazökar, böyük, nüfuzlu nəsil-kökün nümayəndəsi olduğumu heç vaxt dilə gətirməmişəm. Mənə ər lazım olsaydı, nüfuzlu, vəzifəli, savadlı, cavan bir bəylə ailə qurardım. Mən bunu etmədim, çünki ürəyim sınmışdı. Bir də ki, evdə, atasını çox sevən qızım böyüyürdü, istəmədim ki,  evdə yad insan görsün. Hətta, fonddan yoldaşımla və tək ifa etdiyim videolentlərimiz məhv edildi. Əsl faciə budur! İllərlə, əziyyətlə gördüyümüz işlər yoxa çıxıb. Məni tanıyanlar bilir, mən kiməm, kimin qızıyam, necə yaşamışam. Kim nə deyir, nə danışır, nə yazır, özü bu dünyada da, o  dünyada Allahın  məhkəməsində, cavab verəcək. 

-   Sonda oxuculara, tamaşaçılara arzularınızı necə ifadə edərdiniz?

-   Mən sizə və sizin hörmətli redaksiya heyətinizə dərin təşəkkürümü bildirirəm ki, mənin şəxsiyyətinizə diqqət yetirdiniz. Haqqımda cəmiyyətimizə yalnız düzgün məlumatları çatdırdınız. Fürsətdən istifadə edib haqqımda yazmaq istəyənləri məlumatlandırmaq istəyirəm ki, mən sağ və salamatam. Haqqımda məlumat yazmaq istəyirsinizsə, mənim ilə əlaqə saxlayıb xalqımıza, dürüst və düzgün məlumatlar çatdırın.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9003
avatar

Nigar Namiq

Oxşar yazılar