Dərdli adamın sonu  - Ayxan Ayvaz Yafəsdən yazır
18 oktyabr 2022 13:02 (UTC +04:00)

Dərdli adamın sonu - Ayxan Ayvaz Yafəsdən yazır

Lent.az yazıçı Ayxan Ayvazın dünən dünyasını dəyişən mərhum şair və publisist Yafəst Türksəs haqqında yazısını təqdim edir:

Mən o kişini atamla bir yerdə olanda görmüşdüm. Ayaqqabı satırdı. Atamı görən kimi çiçəyi çırtlayırdı, düşürdü yanına, başlayırdı söhbətə. Özü də ədəbiyyat söhbətinə.
Sonralar bu kişinin yumurta, stəkan da satdığını gördüm. Və yenə də atamı görən kimi yanına düşüb ədəbiyyatdan söhbət edirdi.
- Sənin filan hekayəni oxudum. Açığı, o postmodernist hekayə deyil.
- Yafəst, mən postmodernizm-zad hərləmirəm.
Hə, açığı onun adını istəyirdim sona qədər gizli saxlayım və siz oxucular tapasınız. Amma atam faş elədi.
Yafəst Türksəsi mən belə tanımışdım... Şeir yazdığını bilmirdim... Qəzetlərin birində onun bu misraları ilə qarşılaşanda sözün həqiqi mənasında şok olmuşdum:

"Doğrayır gecənin bal sükutunu,
Sübhədək ehtiyac qovan taksilər".

Şəklinə baxdım, inanmadım. Gözümü yumub təkrar nəzər yetirdim. Yenə də dedim, ola bilər, bənzətmişəm. Axırı, atama göstərdim.
- Hə, o ayaqqabı satan kişidir.
Atam gülümsündü...
Günlərin birində təkcənə bulvarda gəzirdim ki, Yafəstlə rastlaşdım:
- Sənətkar, salam!
Sən demə, enli çiyinlərinin arxasında bir qadın varmış. Çəkiləndə gördüm. İndi Yafəstin mənə o qadını tanıtmasına fikir verin:
- Bura bax e... Bu qız sevgilimdi... – bura qədər normal, dalına qulaq asın... – Əri də var.
Və ardınca “hihahaha!”.

Mənə zəng etmişdi bir dəfə. Qarışıq bir yerdəydim, səs-küydən qulaq tutulurdu. Səssiz yerə keçib telefonu qulağıma tutdum:
- Sənətkar, təzə sevgilim var, adı... Onu sayta xəbər kimi qoy da...
Məni gic bir gülmək tutdu.

"Sevdiyim qızların heç birini ala bilmədim
Əlim çörəyə çatanacan uçub getdilər".

Başa düşdüm ki, Yafəst o uzaq gəncliyində onu bəyənməyən, kasıblığına görə ondan üz döndərən qızların qisasını alır.
Bəlkə də Yafəsti atıb gedən, yaxud Yafəstə gəlməyən qızların indi ona ürəyi yanır, "yox" deyə bilmirlər şairə.
Ən dəqiqini isə bilirəm: Yafəst gəncliyini yaşaya bilməyib. Bəlkə heç uşaqlığını da. Müharibə illəri, ailə faciəsi, uçulmuş ev, Bakı, 90-lar... Hər cür işin altına girmək... Yıxılan gənclik binası...


Yafəst unikal adamdı.
Və bədbəxtdi.
Bəzən onun kim olduğunu bilməyən adamların Yafəsti doladığını görəndə içimdə nələrsə qırılır. Uşaqlığım yadıma düşür. Ayaqqabı satan o kişi gözümün qabağına gəlir.
Yafəstin atası müharibədən kontuziya ilə qayıdıb, bədəni para-para olub. Ona vəzifə təklifi gəlib, rədd edib, yerini başqa müharibə əlilinə verib. Deyib, mənim əlim-ayağım tutur, bənna işləyərəm.
"Kasıbçılıqdan xilasımıza
yeganə ümüdümüz olan
Son kurs tələbəsi qardaşımın
Qəfil vəfatından sonra
Uçdu bu dünyanın bənnasına
bəslədiyim inam divarı!"

Yafəst 4-cü sinifdən atasız böyüyüb. Böyük qardaşı saxlayıb onu. Dörd qardaş, bir bacı olublar. Bu şeir həmin günlərin ağrısından doğub. Yafəst o günləri mənə danışanda bir detal xüsusilə təsir eləmişdi. Anası ilə bacısı lampa işığında xalça toxuyurlarmış...
Oxumaq üçün “sinov” gedirlərmiş. Böyük qardaşlarına yaman inanıblarmış. Yafəst düşünüb ki, onları bu kasıblıqdan, çətinlikdən çıxarsa-çıxarsa, qardaşı çıxaracaq.
Və qəfil qardaşı sətəlcəm olub ölür...
Hamısı sarsılıb. Balaca qardaşı oxuya bilməyib. Bacısını istədiyi adam da tərk edib. Havalanıb bacısı. Aparıb psixi xəstəxanaya qoyublar...

Yafəst o vaxtlar şeir yazmayıb. Dərdlər yığılıb-yığılıb daşdığı vaxt qələmə sarılıb.
İndi o ağrılı-acılı günlərin qisasını çıxır Yafəst. Ona görə belə qeyri-adi şeylərə qol qoyur. Kədəri birmənalı həyatından uzaq tutur. Bir qızdan ayrılıb zülm-zülm ağlayan və sentimental sicilləmə yazan gənc şairlərə qəzəblənir həmişə:
- Pozitiv olun! Pozitiv!
O, hamını pozitiv şeirlərə, pozitiv anlara səsləyir.
Yafəstin bir cümləsi uzun müddət yaddaşımdan çıxmamışdı:

“Həyatda həmişə özümdən zəiflərə uduzmağın taleyini yaşamışam”.

Ancaq mən onu zırıldayan, ağlayan görməmişəm. Sentimentallıqdan çox-çox uzaqlardadır...
Mən Yafəst qədər səmimi adam görməmişəm. “Yazar” jurnalında hekayəmi çap etmişdi. “Xalqlar dostluğu” metrosunun çıxışında görüşdük. Qonorarımı uzatdı: məbləği deməyəcəyəm. Ardınca:
- Jurnalı alıbsan?
- Yox!
- 5 manatı ver görüm.
Qonorarın üstündən 5 manat da götürüb mənə bir jurnal uzatdı və çantasını qoltuğuna vurub getdi...
Yafəs dərdli adamdı...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2340
avatar

Oxşar yazılar