Britain Dalton – “Avatar: Su yolu” filmində Ceyk Salli və Neytirinin ikinci oğlu Lo'ak rolunu canlandıraraq tanınmış amerikalı aktyordur.
Lent.az xarici mediaya istinadla onun Pandoranın sehrli dünyasından kənarda – xüsusi effektlər və makiyajsız necə göründüyünü təqdim edir.
Britain Daltonun bioqrafiyası
Britain Dalton 2001-ci il dekabrın 12-də Kaliforniyada, “Qremmi” mükafatına namizəd olan müğənni Ceremi Daltonun ailəsində anadan olub. Uşaqlıqdan aktyorluqla maraqlanıb: cəmi 11 yaşı olarkən küçədə kart fokusları göstərən zaman onu film tələbəsi olan bir qız görüb və Çepmen Universitetində keçiriləcək dinləməyə dəvət edib.
Dinləmə uğurlu keçib və Britain qısa metrajlı “Cuddanın hörməti” (The Judd’s Tribute) adlı tələbə filmində baş rol alıb.
Bundan sonra digər layihələrdə çəkilməyə başlayıb: “Cinayət kimi düşün” (Criminal Minds), “Qoliaf” (Goliath) seriallarında və “Qril it” (Grill Dog) adlı qısa metrajlı filmdə rol alıb. Sonuncu filmdəki ifasına görə “Vəhşi Gül” Müstəqil Kino Festivalında tələbə və musiqili filmlər kateqoriyasında ən yaxşı gənc aktyor mükafatını qazanıb.
2018-ci ildə Britain, Stiven Spilberqin fantastik filmi olan “Oyunçu 1 hazırlaş”da (Ready Player One) məktəbli obrazını canlandırıb.
Lakin ona əsl şöhrət qazandıran rol, Ceyms Kemeronun “Avatar” filminin davamı olan “Su yolu” filmində Lo'ak obrazı olub. Bu rolu uğurlu dinləmədən sonra əldə edib.
2017-ci ildə Britain “Avatar: Su yolu” filmində çəkilişlərə başlayıb və orada Ceyk və Neytirinin ortancıl oğlunu canlandırıb.
Onun sözlərinə görə, Ceyms Kemeron ondan roluna “ürəyini və ruhunu qatmağını” istəyib. Britain obrazını “asi və kobud biri” kimi təsvir edir, çünki Lo'ak çoxları tərəfindən başa düşülmür və bu, onun üçün rolu canlandırmağı daha çətin edir.
Məlumata görə, Dalton “Avatar”ın üçüncü hissəsində də Lo'ak roluna qayıdacaq.