"Aktyor var ki, illər keçsə də kuklanı idarə etməyi bacarmır" - Teatr direktoru ilə MÜSAHİBƏ
25 iyul 2022 20:15 (UTC +04:00)

"Aktyor var ki, illər keçsə də kuklanı idarə etməyi bacarmır" - Teatr direktoru ilə MÜSAHİBƏ

O bizim möcüzələr dolu dünyamızdır, bəlkə elə buna görə ki, Kukla Teatrının  foyesinə ayaq basanda özünü  xoşbəxt hiss edirsən, uşaqlığına geri dönürsən. Lent.az-ın müsahibi Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadədir. Onunla bu sehrli dünyanın pərdəarxası barədə danışırıq.

- Rəşad müəllim, uşaqları əyləndirmək asan olduğu qədər də çətindir. Onların diqqətini eyni bir şeylə 3 dəqiqədən artıq məşğul etmək mümkün olmur. Balaca tamaşaçılarla işləmək asandır?

- Yəqin ki, bilirsiniz, ən tələbkar tamaşaçılar məhz uşaqlardır. Onların saf və məsum sevgisi, diqqəti, münasibəti izahsız səadət bəxş edir. Bu mənada biz də onlar üçün ən gözəl, peşəkar və maraqlı nümunələr hazırlamağa, zövqlərini təkmilləşdirərək, zənginləşdirməyə çalışırıq. Uşaqların rəngli dünyası və mədəni istəkləri bizim səhnədə özünə yer tapır. Baxın, bütün teatrlar üçün potensial tamaşaçı bizim səhnədə, tamaşa salonunda yetişir. Bu da bizin məsuliyyətimizi daha da artırır.

Qaldı siz deyən məsələyə, tamaşalarda uşaqları darıxdırmamaq üçün mütləq peşəkar improvizələr etmək lazımdır. Əslində elə işimiz bundan ibarətdir.  Kompüter texnologiyasının hazırkı tərəqqi dövründə uşaqları nağıla, sehrə, onun məkanı olan teatra sevgi ruhunda böyütmək elə də asan deyil. Buna rəğmən, biz buna nail oluruq. Bu gün bizim kassalarımızın qabağında növbələr düzülür, tamaşalarımız anşlaqla qarşılanırsa, deməli işimizin öhdəsindən gəlirik. Tamaşa zamanı uşaqlarla ünsiyyət qurulmalıdır. Tamaşa xoşa gəlməyəndə və ya darıxdırıcı olanda uşaqlar başlayırlar səs salmağa. O zaman aktyorlar hansısa yollara əl atırlar. Biz tamaşanın xoşa gəlib-gəlmədiyini 3 oyundan sonra bilirik, əgər xoşa gəlmirsə, kassadan gəlir gətirmirsə, onun hazırlanmasına nə qədər maliyyə ayrılmasından asılı olmayaraq, tamaşa repertuardan çıxarılır. Biz tamaşaçını itirməyi gözə ala bilmərik.

- Rayonlara qastrollarınız olur?

- Əvvəllər Azərbaycanda cəmi bir Kukla Teatrı var idi, o da bizimki idi. Sonradan Qax, Gəncə, Salyan və Naxçıvan teatrları yaradıldı, bölgələri əhatə etdilər. İndi ölkədə 5 dövlət  kukla teatrı var və onlar hər biri yerləşdikləri bölgənin tamaşaçısına xitab edə bilirlər. Təbii, ana kukla teatrı, belə deyim də, əsas özək kimi biz də mütəmadi dəvətlər alırıq.

- Teatrınızın 90 yaşı tamam oldu. Bir sıra ölkələrdə bu profilli teatrların akademik statusu var. Sizin onlardan fərqiniz nədir?

- Fərqimiz nədir bilmirəm, amma son 12 ildə test olaraq getdiyimiz bütün festivallardan mütləq bir və daha artıq mükafatla dönmüşük. Bir neçə beynəlxalq layihədə uğurla təmsil olunmuşuq. Artıq festival və müsabiqələrə münsif kimi dəvət olunuruq. Ümumən o statusun bütün tələblərini çoxdan yerinə yetiririk. Hesab edirik ki, bizim teatra akademik status verilməsinin zamanı çoxdan çatıb. Heyf ki, hələlik nazirlik bu məsələni gözardı edir.

- Girişdə foyedə çox maraqlı kuklalar gördüm. Onlar harada hazırlanır?

- Hamısı öz teatrımızda hazırlanır. Dövlət sifarişi ilə 2012-2013-cü ildə Sankt-Peterburqda 2, Gürcüstanda 2 tamaşaya kuklalar hazırlatdıq. Sonralar öz imkanlarımız hesabına özümüz yaratmağa başladıq. Tamaşa repertuardan qaldırıldıqdan sonra kuklalarımızı rayon teatrlarına, dərnəklərə hədiyyə edirik. Bizdə 40 santimetrdən 7 metrə qədər kuklalar hazırlanır.

- Başqa teatrlardan sifariş alırsınız?

- Müraciət edərlərsə, hədiyyə edərik. Demək olar, bütün teatrlar özləri hazırlayırlar. Kuklanın hazırlanması ayrıca bir sənətdir. Bu bir qədər uzun prosesdir. Xaricdə sifariş etdirəndə rəssam eskizləri çəkir, bizim istəyimiz əsasında hazırlanır. İndi öz rəssamlarımız çox maraqlı kuklalar hazırlayırlar.

- Bayaq dediniz ki, 7 metrlik kuklalar var, bu kuklalar səhnə üçündür? 

- Onlar açıq hava tamaşaları, festivallar , konsertlər üçündür. Elə kuklalar var içərisinə aktyorlar girir, eləsi də var, onu kənardan hansısa qurğularla idarə edirik, eləsi də var ki, sadəcə görüntü, uşaqlarda xoş təəssürat yaratmaq üçündür.

-Kuklanı idarə etmək,  xüsusilə marionet kuklalarla  işləmək asan olmamalıdır məncə.

- Bəli, incəsənət universitetində nə kukla teatrı aktyoru, nə kukla teatrı rejissoru fakültəsi yoxdur. Aktyor universiteti tutaq ki, dram üzrə bitirib, gəlir bizə. Elə 1 il onun kuklalarla işləməyi öyrənməsi üçün zaman lazımdır. Kukla teatrları öz aktyorlarını özü hazırlayır. Aktyor var ki, illər keçsə də, kuklanı idarə etməyi bacarmır. Kuklanın ayaqları səhnədə 5 santimetr yuxarıda gedirsə, deməli onu idarə etmirlər, sürüyürlər. Bunun özünün qayda qanunları var. Bizim teatrda Yaşar Nuri və İlham Namiq Kamal da çıxış ediblər, onlara kuklalarla iş çox çətin gəlmişdi. Özləri obrazlarını canlı ifa edirdilər, tərəf müqabilləri kuklalar idi. Bu həm maraqlı, həm də çətin bir proses idi. Kukla teatrının aktyorları səsləri ilə tanınırlar, onların üzlərini görən olmur. Aktyorun plastikası o qədər yüksək olmalıdır ki, onu kuklaya ötürə bilsin.

- Böyüklər üçün də tamaşalar olur?

- Var. Ancaq təəssüf ki, böyük tamaşası deyəndə də balaca uşaqla gəlirlər.  Deyirlər ki, böyüklər üçün teatrlar var, da siz uşaqlara hazırlayın. Dünyada bu təcrübə çoxdan tətbiq edilir.

- Biletlərinizin qiymətlərini qaldırmaq  fikriniz var?

- Gücümüz yetdiyi qədər sabit saxlamağa çalışırıq.

- Kukla neçəyə başa gəlir?
- Hamını bu sual maraqlandırır. Bu çox qəliz məsələdir, əvvəl gips, sonra kağızdan pape-maşelər hazırlanır. Geyimlər tikilir və s.

- Ən qədim kuklanızın ömrü nə qədərdir?

- Kuklanın hazırlandığı materiallar ovulan materiallar olduğu üçün onlar çox “yaşamırlar”.

- Kukla teatrının hansı problemi var? 

- Bu gün düzünü desəm, bəzən  bizim Kukla Teatrına qarşı ögey münasibətin şahidi oluruq. Bəlkə də şəxsi münasibətlərdən irəli gəlir. Amma bu teatr dövlətindir, bu xalqındır, mənim deyil, mənə acığı tutub bu böyüklükdə kollektivi cəzalandırmaq olmaz. Teatrımızın 90 yaşı var, mərkəz bizik, ona akademik status verilməlidir, amma Mədəniyyət Nazirliyi yada salmır. Mən bu barədə hələ ötən il onlara əsaslı şəkildə müraciət ünvanlanmışdım. Bu teatrın statusunun qalxması avtomatik digər 4 teatrın da əmək haqlarından fəaliyyətinədək təsir edəcək. Ögey münasibət demişkən, teatrın 90 illiyi keçirildi, bu ölkə üçün, mədəniyyətimiz üçün hadisə hesab olunmalıdır. Amma nazir bu tədbirə gəlmədi. Bu nonsensdir, dünyada belə bir şey yoxdur. Hansısa bir premyeraya 3 dəfə gedirsiniz, amma bizim, dövlətin peşəkar teatrının yubileyinə gəlmirsiniz. Nə üçün? Hansı önəmli hadisə olmalıydı ki, o gəlsin? Bu yubiley nazir səviyyəsində qeyd edilməliydi. Xaricdə ölkəni ən yüksək səviyyədə təmsil edirik. Bizə vəsait ayrılmır, öz hesabımıza beynəlxalq festivallara gedirik, mükafatlarla qayıdırıq, iştirakçı diplomu yox a, mükafat alırıq. Niyə gözə görünmür? Teatrın nəzdində müxtəlif studiyalarımız var, hətta bu studiyalardan birində fiziki qüsurlu uşaqlar çıxış edirlər. Bu onlara gözəl təsir bağışlayır. Kukla Teatrı sosial mədəni tədbirlərə öncüllük edir. Biz heç vaxt həmkarlar xətti ilə qurumlara bilet göndərib, alınmasını tələb eləməmişik. Müntəzəm xeyriyyə tədbirləri təşkil edirik. Uşaq evləri, internat məktəbləri ilə mütəmadi əlaqə saxlayırıq. Tamaşalarımıza dəvət edirik. Ötən il yayda teatr məzuniyyətdə olmasına baxmayaraq, Yaşat Fondu ilə birlikdə ölkənin müxtəlif bölgələrində layihələr eləmişik, silsilə tamaşalar göstərmişik. Dövlətə xidmət missiyamızı layiqinə yerinə yetiririk. Bəzi teatrların tamaşa planı aşağı salınsa da, bizim tamaşa planımız qaldırıldı və buna baxmayaraq biz yenə bu planın ilk 6 ayını artıqlaması ilə yerinə yetirmişik. İnanırıq ki, müəyyən münasibətlər subyektlilikdən çıxacaq, Kukla Teatrının böyük kollektivi öz layiqli qiymətini alacaq.

Hesab edirəm ki, bunlar nəzərdən qaçırılmamalıdır. Kukla Teatrı xalqımızın qədim mədəniyyətinin daşıyıcısıdır. Biz bu irsi layiqincə davam etdiririk.


 

# 8130
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar