Mən çox mehriban adamam  - Mehriban Ələkbərzadə ilə MÜSAHİBƏ
04 avqust 2025 15:18 (UTC +04:00)

Mən çox mehriban adamam - Mehriban Ələkbərzadə ilə MÜSAHİBƏ

Avqustun 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Dövlət Mükafatı laureatı, rejissor Mehriban Ələkbərzadənin doğum günüdür.

Lent.az bu münasibətlə Mehriban Ələkbərzadənin APA-ya yubiley müsahibəsini təqdim edir.

- Mehriban xanım, telefona danışanda dediniz ki, Şuşada çəkilişdəsiniz. Sirr deyilsə, çəkiliş nə ilə bağlı idi?

- Film Azərbaycan Dövlət Televiziyasının sifarişi ilə çəkilir. Sənədli filmdir. Zəfərimizin beş illiyinə həsr edilmiş “44.8” adlı filmdir. Layihə üzərində böyük bir heyət çalışır. Bu film mənim digər filmlərimdən bir az fərqli olmalıdır. Amma bəzən biz rejissorlar da rəsmlərinə məna yükü qoya bilməyən rəssam kimi, düşündüklərimiz ilə etdiklərimiz arasında ilişib qalırıq.

Mən xronika ilə işləməyi, tarixdə baş verən hadisələri analiz eləməyi sevirəm

- Çoxseriyalı film nəzərdə tutulub?

- Düşünmürəm. Amma məncə azı 2 seriya olacaq. Hərçənd ki, sənədli filmlər silsiləsini sevirəm. Amma serial estetikasın sevmirəm. Lakin 44 günün özü də böyük bir tarix, böyük bir prosesdir. Və 44 günü özündə ehtivası üçün də bir film azdır. Böyük mənada ifadə etməlidir. Buna görə də neçə seriya olacaq, indidən deyə bilmərəm.

Şuşa bizim genetik kodlarımızın qayıdış simvoludur

- Bu işə sizin əvvəllər televiziyada gördüyünüz işlərin məntiqi davamı demək olar?

- Məntiqi və fiziki baxımdan bəli. Çünki mən xronika ilə işləməyi, tarixdə baş verən hadisələri analiz eləməyi sevirəm. Amma konkret bu mövzuda mən daha çox vətəndaş tərbiyəsinə veriləcək faydanın marağındayam. Bu film araşdırma deyil, müəllif olaraq addım-addım o yerlərdən bir də keçmək, daha dolğun təsəvvür yaratmaq istəyirəm. Bu dəfə hələ ki ancaq Şuşa uğrundakı döyüşləri, Şuşa ətrafındakı o yüksəkliklər uğrundakı savaşa nəzər yetirdik. Filmin sonu Şuşadır. Mən bütün bölgələrdə bu çəkiliş prosesini aparacam. Hələ iş qarşıdadır. Mən qələbəyə-bu şərəfli tariximizə günbəgün necə yanaşdığımızı göstərmək istəyirəm. Mən qələbəyə toxunmaq istəyirəm. Doğma torpağa toxunmaq istədiyim kimi. Və bu hələ ki bizim 44 gündə gəldiyimiz yolun yalnız 3-4 gününü ehtiva edir. ŞUŞA məqamı. Şuşa da bizim genetik kodlarımızın qayıdış simvoludur.

- Onsuz xronikalarla, sənədli materiallarla işləmək sizin estetikanıza yad deyil.

- Bəli, bu mənim sevimli janrımdır. Bu dəfə də mən çalışıram ki, bu janr çərçivəsində Azərbaycan tarixinin müasir mərhələsinin ən şərəfli məqamlarını, müasir insanın qüdrətini göstərim və yaddaşlarda diri qalmasını təmin edim. Çətindir. Çünki problem bilirsiniz nədir, hərbçilər danışmaq istəmirlər. Onlar döyüşür, qurban gedir və qalib gəlirlər. Danışmağa meyilli deyillər. Mən çəkilişdə iştirak edən hərbçilərə də deyirdim ki, bu böyük işi görmüsünüz, qələbə əldə etmisiniz, amma danışmırsınız. Filmin məqsədi müşayiət deyil axı. Onlara da deyirəm ki, biz gərək o qələbə enerjisini tamaşaçıya ötürək. Sizdən, bizdən sonra gələn nəsildə bu yolu davam etmək üçün nümunəyə baxmaq mümkün olsun. Mənim üçün bu filmin məqsədi budur. Bilirsiniz, qələbə o qədər yaxındadır ki, əlimizi vursaq, yandırar. Bu elə bir zamandır ki, yandıran tarixə əl uzadırıq, amma çox soyuq reaksiyalar veririk. Mən bu balansı dəyişmək istəyirəm.

Bilirsiniz, Şuşa uğrunda savaşlarda qan bahasına alınan strateji məqsədli adsız yüksəkliklər var: çıxılması mümkünsüz görünən, sıldırım qayalıqlarla dolu, insan gücünün fövqündə, qorxulu... Bəli, o qayalara qalxmaq çətin idi. Mən fikirləşdim ki, operator qalxıb çəkər. Hər halda kişi üçün mümkün olar. Lakin komandir mənə deyəndə ki, o yüksəklikdə onun əsgərlərinin, şəhidlərimizin məzarı var, mən də nəyin bahasına olursa-olsun, o yüksəkliyi qalxmağı özümə borc bildim. Bir anlıq düşündüm ki, mən də bu vətənin övladıyam. Şəhid verən xalqın bir övladı da mənəmsə, o zirvəyə mən də qalxmalıyam. Çünki mənə dedilər ki, o şəhidlərin birinin anası o yüksəkliyə qalxa bilməyib. Mən də min bir əziyyətlə də olsa, yaşıma baxmayaraq, o qayaları, sıldırımları çıxıb, həmən yüksəkliyə qalxdım, ondan da böyük əziyyətlə aşağı düşdüm. Amma mən o yüksəklikdə əlimi həmən şəhidlərin can verdiyi torpağa, məzarına qoyub dedim ki, bu saat burada sizin ananız da, bacınız da mənəm. Bunu etmək də mənim borcum idi. Özümü o şəhidlərin qarşısında nə qədər borclu bilsəm də, bu mənə yüngüllük gətirir.

Rejissor borcundan əvvəl mənim vətəndaş missiyam var

- Amma rejissor kimi sizin borcunuz yaxşı məhsul ortaya çıxarmaqdır.

- Əlbəttə ki, rejissor kimi borcum budur, amma rejissor borcundan əvvəl mənim vətəndaş missiyam var. Mən bütün yaradıcılığımda bu missiya ilə çalışmışam. Bu sadəcə peşə deyil axı. İndi bu saat fikirləşirəm ki, təzədən o yüksəkliyə qalxa bilərəm? Fiziki cəhətdən bəlkə də yox. Amma vətəndaş duyğusu məni daha mümkünsüz addımı atmağa vadar edə bilər. Buna əminəm.

- Mehriban xanım, sənədli xronika janrında bəlkə dediyim şərt gözlənilməyə bilər, lakin Vətən müharibəsindən necə bir tamaşa hazırlamaq olar ki, həm qələbəmizi əks etdirsin, həm də sənət kimi keyfiyyətli olsun, yəni dünyanın istənilən bir yerində rahatca nümayiş etdirə bilək?

- Tamaşada dramaturji material əsasdır. Bitkin, kamil material. Tamaşada təbii aktyor oyunu əsasdır. İstedadlı əsər yazılmalıdır ki, onu ciddi sənət növünə - tamaşaya çevirə bilək. Tamaşanın onurğa sütunu dramaturgiyadır. Dramaturji material olmayınca tamaşanı qura bilməzsən. Sən səhnəyə aktyor çıxarırsansa, ona ideya və məqsəd göstərməlisən ki, o bu yola enerji sərf edərək gedə bilsin. İdeya, məqsədli hədəf, konflikt... Yazılan əsər özündə bu əsasları əks etməlidir. Bəlli məqsədə, hədəfə peşəkar yanaşma. Bu mövzuda elə dramaturgiya materialı olmalıdır ki, orada nə falş olsun, nə pafos, nə mənasız söz yığnağı. Ciddi sənət nümunəsi. Teatr, ya film üçün bitkin material. Kompozisiya qurursansa, bu prinsiplər olmasa da olar. Kompozisiyada pafos da ola bilər, patetika da, emosional məqamlarla uduş da normaldır. Lakin teatr tamaşası kompozisiya qurmaq deyil. Teatr tamaşasına bitkin dramaturgiya lazımdır. Mənə deyəndə ki, Vətən müharibəsi mövzusunda tamaşa yoxdur, deyirəm haqlısınız, mənə material verin ki, onu tamaşaya çevirə bilək.

Bütün yazıçılar ayağa qalxacaqlar ki, Ələkbərzadə bizim pyesləri bəyənmədi, yolumuzu kəsdi, öz işini qabartdı

- Onun üçün də dramaturq lazımdır.

- Şəxsiyyətinə xüsusi hörmət elədiyim bir adam dedi ki, götür özün yaz, vaxt keçir axı. Mən müəllif olaraq ən çətin sənədli tarixi bir dövrdən bəhs edən “Kod adı: V.X.A”nı (Vətən Xainlərinin Arvadları) yazmışam. Amma o material mənimlə 20 il yol gəlib. Uzun hazırlıqdan sonra dram əsərinə çevrilib. Doğrudur, anlayıram, bizim bu mövzuda işləməyimiz üçün bu qədər vaxtımız yoxdur. Amma mən etiraz etdim. Dedim ki, mən indi yazsam, onda da bütün yazıçılar ayağa qalxacaqlar ki, Ələkbərzadə bizim pyesləri bəyənmədi, yolumuzu kəsdi, öz işini qabartdı. Əminəm ki, belə olacaq. Odur ki, gözləyirəm, səbirlə gözləyirəm. Amma mütləq bu mövzuda yazacam. Mədəniyyət Nazirliyinin Vətən müharibəsi ilə bağlı keçirdiyi pyes müsabiqəsində münsifəm, ondan əvvəlki müsabiqələrdə də münsif olmuşam. Baxırsan ki, Vətən müharibəsi ilə bağlı TARİXə Pənahəli xanın yuxusundan gəlirlər. Biz bugünkü nəslə tarix öyrədiriksə, onu başqa layda öyrədə bilərik. Qələbədən beş il keçib, amma insanlarımız hadisələrə o qədər soyuq yanaşırlar ki, sanki bu cür də olmalı imiş. Bu axı fərqli tarixdir. Bu axı fərqli qələbədir. Halbuki dünən hər bir kəndin alınmasına necə sevinirdik. Arxa cəbhədə necə sevirdik bir-birimizi. Hər qarış torpaq naminə biz də burda can verirdik axı. Müharibə gedən ərazilərə yaxın yerlərdə yaşayan sakinlər gecə paltarlı yatırdılar ki, bomba düşsə, ölsə, meyiti urvatsız olmasın. Mənim insanım varı da düşünürdü, yoxu da. Pensiya kartını kömək üçün əsgərə yardım fonduna verirdi. Evindəki un çuvalını çırpıb çörək bişirib, əsgərə aparırdı. Mənim vətənimin insanı bu cür əxlaqa sahibdir. Bunlar heç biri uzaq tarixdə baş verməyib. Bax bunlara layiq də əsərlər yazılmalıdır.

Bizim Vətən müharibəmiz digər müharibələrə bənzəmir

- Müharibə bitəndən dərhal sonra belə ittihamlar səsləndirildi ki, niyə zəfərimizə layiq əsərlər yazılmır, halbuki zaman məfhumu da nəzərə alınmalıdır.

- Mütləq. Əgər 1941-1945 müharibəsindən danışası olsaq, üzərindən 20 il keçəndən sonra “Belarusiya vağzalı”, “Əsgər atası” kimi filmlər çəkildi. Yəni bu faktla razıyam. Zaman məsafəsi olmalıdır. Amma bir məsələ də var ki, bizim Vətən müharibəmiz digər müharibələrə bənzəmir. Bizim İkinci Qarabağ savaşımız başqa savaşlara bənzəmir. Bizim uzaqlaşaraq, bu məsələyə soyuq nəzərlərlə baxmağa, üstündən zaman keçməsini gözləməyə vaxtımız yoxdur. Biz bu gün əldə etdiyimiz qələbəni, onun hissini, enerjisini gələcək nəslə ötürməliyik ki, proses davam etsin, buna görə də hələ 20 il gözləməyə vaxtımız yoxdur. Müharibəmiz ilə bağlı əsərlər, indi, bu gün yaradılmalıdır. Çünki YOL hələ bitməyib.

- Mənim demək istədiyim odur ki, elə bir əsər yaratmaq olarmı ki...

- Yaranmalıdır, yaratmaq olar yox.

- Bu həm...

- Yaranmalıdır! Sizin sualınızın kəsə cavabını verirəm. Burada istedad və gözləyiş məsələsi yoxdur, konkret olaraq işləmək lazımdır. Məmləkətimin ən ağır, ən həlledici məqamında ən ağır yükü çiyinlərində daşıyıb TARİX yazanlar bizə əmanətdirlər. Onlara heykəl ucaltmaq da bizim boynumuzun borcudur.

- Yəni deməyim odur ki, elə bir əsər yaradılmalıdır ki, hətta bir erməni də baxanda desin ki, ideoloji olaraq razılaşmasam da, estetik tərəfdən çox bəyəndim. Amma bizim əsərlərdə sənət pafosun içində boğulur.

- Bir söz deyim, bəlkə də yerində olmayacaq. Məncə başqalarına hesablanan əxlaq saxtadır. Kiməsə sübut etmək yox, İFADƏ etmək, inikas etmək daha doğru yanaşmadır. Sənət baxımından pafos o zaman yaranır ki, əsas məqsəd, hədəf mütləqlikdən , sevgidən yox, məcburiyyətdən qət edilir. Yazırlar, söyləyirlər... Bunun təsirli və ən azı real yaşadığımız zamana oxşaması üçün isə peşəkarlıqla yanaşı sevgi də olmalıdır. Əgər içindəki mövzunun, istəyin enerjisi yoxdursa, sözlərlə onu bəlağətə gətirirsənsə, əlbəttə, təsir qüvvəsi sıfır olacaq. Səbəb budur. Demək bu qələbəni ötürmək, onun sevincini qələmin ucu ilə ifadə etmək istəyimiz çox güclü olmalıdır. Hətta istedaddan da güclü istəyimiz olmalıdır. Pafos bizim qələbə üçün ifadə deyil. Biz bu qələbəni çox yaxından görmüşük. Onu vəsf etmək yox, ifadə etmək lazımdır.

Biz Rusiyaya Cavidi apardıq

- Yəni düşünürsünüz ki, yazarlarımız istəsələr, belə əsərlər yarada bilərlər?

- İstedadla bərabər peşəkarlıq da mütləqdir. Amma bu həm də bir borcdur axı. Əsgər döyüşüb, sən də öz cəbhəndə döyüşməlisən. Bizim Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə ötən il Sankt-Peterburqun İmperator Teatrında Hüseyn Cavidin “İblis” pyesi əsasında hazırlanmış “İblis və...” tamaşasını nümayiş etdirdik. Biz bunun məsuliyyətini bilirdik. Çünki hələ heç bir Azərbaycan teatrı öz tamaşasının premyerasını İmperator Teatrında etməyib. Biz ora Şekspirin də əsərini apara bilərdik. Lakin biz Rusiyaya Cavidi apardıq. Özü də Cavidin başqa əsərini yox, məhz “İblis”ini apardıq. Yəni biz nəyi hara apardığımızın fərqindəydik. Bir zamanlar şimala “vətən xaini” damğası ilə gedən Cavidi şimala yenidən söz və qələm ustadı, fəlsəfə sahibi kimi aparmaq lazım idi. Mənim əsas məqsədim bəlkə də elə bu idi. İki gün premyera yaşadıq. Özü də necə... Teatrın parteri, bütün yaruslar, amfiteatrlar dopdolu idi. Tamaşaçılar içində Azərbaycanlılar məsələsi... Yəqin ki, bizim “vətənpərvərlərimiz”i bilirsiniz. Tamaşaçıların içində heç iyirmi azərbaycanlı yox idi. Düzdür, bir qızımız burdan onlayn bilet alıb Sankt-Peterburqa tamaşaya getmişdi. Ancaq orada tamaşaçıların 99.9 faizi elə yerli əhali idi. Və mən tamaşadan qabaq truppanı yığıb onlara dedim ki, bu tamaşaçıların yaddaşında Azərbaycan teatrı sizin oyununuzla yadda qalacaq. Azərbaycan mədəniyyəti, Azərbaycan ədəbiyyatı bizim göstərdiyimiz sənətlə anlaşılacaq. Bu tamaşaçıların çoxu heç Azərbaycan teatrını görməyib. Bəlkə daha bir də görə bilməyəcək. Biz özümüz haqqında bütün təsəvvürləri dəyişdiyimiz kimi bu sahədə də bunu etməliyik. Bu gün biz Azərbaycan dövləti kimi xüsusi boy vermişik. Biz hərb tarixinə yeni imza atmışıq. Düşmənlərimizin ciddi cəhdinə rəğmən KİMlik göstərmişik. Biz indi belə bir məmləkətin mədəniyyət siyasətinin əsgərləri kimi də boy göstərməliyik. Ona görə aktyorlara dedim ki, burda, indi tək istedadınız yetərli deyil. Siz həm də vətəndaş borcunu yerinə yetirməlisiniz. O qələbəyə layiq tanıtım.

Sizə bir söz deyim? Ən kiçik detal, ən kiçik mizan o qədər sevgi ilə ötürüldü ki, tamaşa bitəndən sonra, həmin o 5 mərtəbəli amfiteatrlarda oturan tamaşaçı düz yarım saat o aktyorları səhnədə alqışladı. Əgər şimal Cavidi ayaq üstə alqışlayırsa, bu mədəniyyət siyasətinin uğuru, həm də ilahi ədalət demək idi. Aleksandrinski Teatrın bədii rəhbəri və prezidenti Fokin tamaşadan sonra 4 saat bu tamaşadan danışdı. Səksən yaşlı adam mənimlə fikrini, təəssüratlarını bölüşdü. Və məndən Cavidin “İblis”ini istədi. Dedi, mən siz gələnə qədər onu vərəqləmişdim. Amma mən onu bu səhnədə qoymaq istəyirəm. Mən də Fokinə dedim ki, siz onu bu səhnədə qoysanız, mən təmənnasız şəkildə sizin köməkçiniz belə olaram. Hətta bu yaşımda belə mən bu işi Cavidin naminə görərəm. Təki Cavid şimalda səslənsin. Mən o vətəndaşlıq nümunəsini niyə misal çəkdim? Həmən vətəndaşlıq bu gün bizə qələbə mövzusunda əsərlərin yazılmasında lazımdır. Mən kosmopolit deyiləm, mən düşünürəm ki, birinci vətəndaşam, sonra rejissoram.

- Mehriban xanım, sizin son dövrlərdə quruluş verdiyiniz tamaşalara nəzər yetirəndə görürsən ki, həm vəzndə ağırdır, həm də çəkidə. “Kod adı: V.X.A”, “Gün var əsrə bərabər”, “İblis və...”, elə “Baş”ın özü. İstər mövzu, istər xronometraj, istərsə də böyük heyət...

- Özümdən asılı deyil, son illər monumental tamaşalara meyilliyəm. İşgəncədir, zülmdür, amma neyləyim, lazımdır (gülür). “Kod adı: V.X.A”da 70 nəfərdən artıq, “Əsrə bərabər gün”də 60 nəfərdən artıq heyət çalışırdı. Hələ yardımçı heyəti demirəm. Belə lazımdır.

Tamaşadan sonra tamamilə gücdən düşürəm

- Bu cür çətin yüklərin altına girmək üçün enerjini haradan alırsınız?

- Bu mənim həyat tərzimdir. Bu mənim amalımdır. Bu mənim bacardığım işdir. Mənim özümü ifadəm budur. Amma çox çətindir. Gün ərzində səhər saat ondan axşam saat doqquza qədər fasiləsiz olaraq üç-dörd qrupla işləyirəm. Heç yorulmuram, bezmirəm. Həyat tərzi kimi. Aktyorlar da gileylənirlər ki, siz yorulun, biz daha çox istirahət eləyə bilək. Tamaşanı, yəni işi bitirənə kimi tab gətirirəm. Amma tamaşadan sonra tamamilə gücdən düşürəm. Yaş da, sağlamlıq da öz işini görür. Axırıncı tamaşanın hazırlanmasından sonra lap dəhşətli vəziyyət oldu.

- “Baş” tamaşasının hazırlanma prosesini deyirsiniz?

- Bəli. Prosesdə heç nə hiss etmədən bir cəbhədə işləyirdim, digər cəbhədə vuruşurdum, daha başqa cəbhədə gələcək planları tarazlayırdım. 4-5 ay... Tank kimi irəlilədim, dözdüm, dözdüm. Tamaşa bitən kimi tank mənim üstümdən keçdi. Üç gün yorğun, xəstə düşüb qaldım. İradə hər şeyə qalib gəlir. Fizioloji güc əsas deyil. Hər savaşdan bir yara qazanmaq da, mənim alnıma yazılıb.

- Mən də elə o iradənin qaynağını soruşuram. Sizi nə belə möhkəm edir?

- Məqsədə doğru getməkdə istəyim çoxdur. Hərdən bir də görürsən inam azalır, amma istək qalır. Hərdən də bir də görürsən istək zəif olur, inam güclü. Bu ikisi paralel getməlidir ki, iradə qalib gəlsin. Bunlar hamısı bir-birinə bağlıdır. Mən mərama doğru gedən, nəyin bahasına olursa-olsun, hədəfi dəf edən insanam. Bu bir əqidə məsələsidir. Haqqa gedən yolda dönməzlik, sınmazlıq, azadlıq və bu yolla əzəli ruha qayıdış. Kamil insan modelinə cəhd.

Mən iş prosesində çox prinsipial və tələbkaram

- Siz ekrandan çox sərt, ciddi görünürsünüz, amma söhbət etdikcə görürəm ki, əksinə mülayim və sakit insansınız.

- Mülayim sözünü işlətməklə siz çox kübarlıq elədiniz. Dünyada TARAZLIQ tapmaq qədər çətin məsələ yoxdur. Bu həmişə çətin olub. Kəskin bucaqlar qızıl həddə yaxın olmur. İnsanlar isə həmişə orta həddi qəbul edib. İnsanlar qarşısındakı insanın ondan yüksəkdə dayanmasına təhəmmül etmir deyə ona bəzi adlar vurmaqda maraqlıdır. Mən daha çox səmimi ola bilirəm, nəinki mülayim. Amma səmimiyyət də həmişə istifadə olunan tərz deyil. Yəni hamıyla səmimi olmaq mümkün deyil. Mən iş prosesində çox prinsipial və tələbkaram. Stol arxası məşqlərdə mən aktyorlara bütün intellektimi, bazamı, düşüncəmi verirəm. Sonra əsas məşqlər zamanı onlara verdiyimi geri ala bilməyəndə əlbəttə əsəbiləşirəm. Əsəbiləşib nə edirəm? Tələb etdiyim nədir. Peşəsini layiqli yerinə yetirsin. Aktyorun öz işini normal görməsini istəyirəm. İstedad və bacarıq yoxdursa, çətin olur da. Mənim leksikonumda söyüş yoxdur. Mənim leksikonumda təhqir yoxdur. Heç kəsin şəxsiyyətinə toxunmaram. Çünki bunun əks tərəfi var. Mən öz işimi tələb edirəm. Mən prinsipial və tələbkar olmaqla yanaşı çox mehriban adamam. Mənim-yəni rejissor kimi sözümə baxan, yaxud öz işinin öhdəsindən gələn aktyorun başından belə öpürəm.

Mən hətta şəxsən danışmadığım aktyoru belə baş rola dəvət etmişəm

- Yaxşı münasibətiniz olmayan aktyor və ya aktrisaya tamaşanızda rol vermisiniz?

- Mən hətta şəxsən danışmadığım aktyoru belə baş rola dəvət etmişəm. Münasibətim yaxşı olmasa da, istedadlıdırsa, aktyoru istedadına görə qiymətləndirmişəm. Mən bu prosesdə öz şəxsi prinsiplərimdən keçərəm, tamaşamın uğursuz olmağını keçmərəm. Mən tamaşanın naminə hər şey edərəm. Tamaşa mənim üçün ən ali nəticədir. Yetər ki, aktyor istedadlı və bacarıqlı olsun. Onun şəxsiyyətinin mənim üçün heç bir əhəmiyyəti yoxdur. Ümumiyyətlə, mənim kimsəyə kinim və nifrətim yoxdur. Ancaq bu şərtlər bütün rejissorlar üçün keçərli deyil. Baxış bucağı kimlikdən qidalanır. Məndə belədir.

Mənim vəzifə borcum odur ki, yaradıcı adamlara qapım hər zaman açıq qalsın. Hər bir kəsi anlamaq və doğru mövqedə dayanmaq. Güzəştsiz və qərəzsiz. Mən heç kəslə sərt, təhqiramiz tonda danışan adam deyiləm.

Demirlər ki, Akademik Teatrın aktyoruyam? Zəhmət çəksin, bu teatrda işləməyin haqqını versin

- Məşq prosesində də olmur?

- Rejissor məşq zamanı necə ola bilərsə, mən də eləyəm. Sərt ola bilərəm. Təhqir həddində deyil. Mən iş tələb edirəm. Bir şeyi iyirmi dəfə, otuz dəfə təkrar etdirirəm, bəli. Mənə nəticə versin. Demirlər ki, Akademik Teatrın aktyoruyam? Zəhmət çəksin, bu teatrda işləməyin haqqını versin. O teatrın adına layiq iş göstərmək lazımdır. İstək, tələb budur. Peşəsində özünü göstərsin. İstedad və bacarıq. Ancaq səhnədə və sənətdə.

Bunların hamısının arxasında kimin dayandığını mən bilirəm

- Bəs niyə şəhid mövzusu ortaya atıldı?

- Mən bu məsələyə qayıtmaq istəmirəm. Bunun bir adı var: iftira, böhtan, alver. Özü də belə həssas mövzuda. Mən vətəndaş kimi KİMliyimi çoxdan bəyan etmiş biriyəm. İndi bu alver predmeti ilə məni dəyişə biləcəklər? Haqqımda danışanların mətnini kim yazır, onlara kim ümid verir, onları kim meydana atır, kim onları tirajlayır, bunların hamısının arxasında kimin dayandığını mən bilirəm. Onlar, o nakəslər mənimlə başqa bir nəsnənin alverini edirlər. Eybi yoxdur, qoy onlar öz savaşlarını bu cür qadınların arxasından aparsınlar. O qadınlar əslində özlərinin nə istədiklərini bilmirlər. Çünki mənim bu aktrisalarla bağlı heç bir problemim olmayıb. Hətta rol verib işlədiyim... Bir vaxtlar guya məni sevən adamlar idi. Böhtan və şəri Allah da görür. Və nə edirlər, eləsinlər, mən onlara bulaşmayacam. Onlar özlərini necə istəyirlər, o cür də ifadə eləsinlər. Onlar o kimliyi seçirlər, seçsinlər. Bu qalmaqallar əslində kimin kim olduğunu göstərir.

İndi böyük hörmətlə anılan o rejissorlara da qənim kəsiliblər, öldürüb sonra qəhrəman ediblər

- Mən düşünürəm ki, bu konfliktlər müəyyən qədər də Azərbaycan teatrında reformların olmamasından qaynaqlanır.

- Dəyişiklik, yeni platforma, reform, müasir baxış yaratmağın fəsadı həmişə olub. Adil İsgəndərovun zamanında da, Tofik Kazımovun da. İndi böyük hörmətlə anılan o rejissorlara da qənim kəsiliblər, öldürüb sonra qəhrəman ediblər. Halbuki ona daş atan onların truppasından idi. Mən bu teatrda yarıyan və yarımayan adamların kim olduğunu bilirəm. Teatra daha çox gənc nəsli gətirmək israrındayam. Əsas da istedadlı insanlar. Akademik Teatr ANA teatr adına layiq olması üçün bu yolla işləməlidirlər. Biz istedadsızlardan teatrı təmizləməliyik. Gələn yeni nəsil sağlam və istedadlı aktyor truppasının yanında məktəb keçməlidir.

 

Elə aktyorlar var ki, istedadsız, perspektivsizdirlər və onları bu teatrdan çıxarmaq lazımdır

- Məncə teatr sistemində sovet dövründə qalma münasibətlər dominantlıq təşkil edir, sistem dəyişməlidir.

- Sistemi dəyişmək hələ ki mümkün deyil. Elə 30-40 yaşında aktyor var ki, 85 yaşındakı aktyordan çox yararsızdır. Teatr yararlı aktyorların çiyni üstündə dayanmalıdır. Elə aktyorlar var ki, istedadsız və perspektivsizdirlər. Və onları bu teatrdan çıxarmaq lazımdır. Amma qanunvericilik imkan vermir. Qanunvericilikdə bu boşluq var, o düzəlməlidir.

Teatr təmizlənməlidir, yeni qan gəlməlidir

- 10-15 ildir təqaüd yaşına çatan aktyorların işdən çıxarılması söhbəti gedir.

- Yaşa qalsa, aktyor var ki, 50 yaşındadır, artıq yaramır. Amma 70-80 yaşı olan aktyor var ki, Allaha yalvarırsan ki, bir az da ömür versin ona. İşləməyə zaman olsun. Teatr təmizlənməlidir, yeni qan gəlməlidir. Bəs gənc aktyorlar harada öyrənsin? Bizim aktyorlar elə fikirləşirlər ki, yaşlandılarsa, ad da, mükafat da almalıdırlar. Ad, mükafat isə istedad faktoruna görə verilməlidir. Bura “Sobez”dir?

Teatrı gərəksiz, mənasız, istedadsız aktyor və aktrisalardan qurtarmaq lazımdır

- Siz bu cür danışanda həmən yaşlı aktyorlar birləşirlər.

- Yaş mövzu deyil. İstedad və zəhmət faktoru əsasdır. Mən Azərbaycan teatrının daha irəli getməsində maraqlıyam. Mən Azərbaycan teatr sənətinin dünyada tanınması, görünməsi üçün hər şey edəcəyəm. Artıq əlimi daşın altına qoymuşam, deyəsən başımı da qoyası olacam. Amma bu işi dayandıran deyiləm. Teatrı gərəksiz, mənasız, istedadsız aktyor və aktrisalardan qurtarmaq lazımdır. Yoxsa, yenə yerimizdə sayacağıq. Bu teatr Akademik Teatrdır. O adı da doğrultmalıdır. Bu teatrın “akademik” adının altında gizlənənlər çoxdur, nəinki öz adı ilə tanınanlar. Bura ana teatrdır, başqa teatrlar üçün mayakdır. Ona görə də Akademik Teatrın aktyoru istedadlı olmalıdır.

Mən həmişə “kişilərlə” savaşıram

- Mehriban xanım, qadın olmaq qarşılaşdığınız maneələri aşmaqda mane yaratmır?

- Mən rejissorluq peşəsinin qadına, yaxud kişiyə aid olduğunu deyə bilmərəm. Mən həmişə “kişilərlə” savaşıram. Onlar mənim mövqeyimi qadın olduğuma görə həzm eləmirlər. Bəlkə də mənim yerimə yaşlı, fərsiz və istedadsız bir kişi rəhbər olsaydı, onu qəbul edərdilər. Qadın rəhbər həzm olunmur, illah da mənim xarakterim kimi xarakterlə. Mənim tələblərimlə... Bilirsiniz, hamıya yaxşı olan adam qorxulu adamdır. Bu sənətin diktatorluğu mütləqdir. Bu sənətdə despot olmalısan. Başqa cür mümkün deyil. Sən truppa idarə edirsən. Sən 80 adamı eyni istiqamətə, eyni hədəfə yönəltməlisən.

- Məşq prosesində aktyor yaxşı təklif irəli sürürsə, qəbul edirsiniz?

- Əgər aktyor mənə ağıllı təklif verirsə, mütləq qəbul edirəm, müqəvva nəyimə lazımdır? Mənə ağlı olan aktyor lazımdır. Hərdən mənə elə alternativ fikir verirlər ki, onu öz fikrimlə birləşdirib çox unikal bir nəticə ortaya çıxarıram. Mən dinləməyi bacarıram. Tapşırığı yerinə yetirə bilməyən aktyoru isə ya roldan kənarlaşdırıram, ya da ki, iş tələb edirəm, bəli. Onun üçün də haqqımda ola bilsin desinlər ki, məşq prosesi zamanı tələbkardır. Amma mən həyatda heç kimlə sərt davranmıram. Və bir də mənim işlədiyim yerdə rəfiqəm, dostum ola bilməz. Amma istedadına görə hörmət etdiyim, hesablaşdığım aktyorlar var ki, bu dostluqdan da öndədir.

- İstedadına görə hörmət etdiyiniz aktyor və aktrisaların adlarını çəkə bilməzsiniz?

- Buna gərək yoxdur. O da növbəti qalmaqala səbəb olar.

Sənəti həyata qurban vermək fikrini də mən heç bir məntiqə sığışdırmıram

- Mehriban xanım, yaradıcı adamların belə bir dilemması var: Sənət və ailə, yaxud şəxsi həyat. Çox vaxt bizimkilər şəxsi həyatı sənət üçün qurban vermək istəmirlər, eyni zamanda, yaxşı sənətkar da olmaq istəyirlər. Halbuki tərəzinin bir gözü mütləq ağır gəlməlidir.

- Ramiz Rövşən Andrey Tarkovskidən misal çəkirdi. Tarkovski deyirmiş ki, insanlar çox qəribədir: İstəyirlər, yaxşı vəzifələri olsun, yaxşı maşınları olsun, gözəl katibələri olsun, gözəl evləri olsun... Üstəlik sədaqətli arvadları olsun... Hamısının bir yerdə olması mümkün deyil. İMTİNA məqamına gələk. Gərək nədənsə imtina edə biləsən. Azadlıq elə imtinadan başlayır. Bəzən görürsən kimsə deyir, sənətə qurban verdim. Heç kim heç vaxt heç nəyi qurban verməməlidir və vermir də. Həyatdır... Ya alınır, ya da alınmır. Həyatı sənətə qurban vermək nədir? Sənəti həyata qurban vermək fikrini də mən heç bir məntiqə sığışdırmıram. Və qəbul etmirəm. Heç nəyi heç nəyə qurban vermək lazım deyil. Seçim etmək, imtina etmək və tərəzinin ağır tərəfi deyilən məntiq isə var.

- Axı enerjini həm ailə, həm də sənət arasında bölmək çətinliyi də ortaya çıxır.

- Hə, rejissor kimi çətindir. Təsəvvür edin ki, səhər saat ondan sən teatrdasan və axşam ona qədər orada olursan. Əlbəttə, 24 saatın 14 saatını işə sərf edib evə gələn qadın hansı vəziyyətdə ola bilər. Bəlkə də ancaq bu anlamda rejissorluq qadın üçün uğurlu seçim deyil, amma mən düşünürəm ki, bu da vacib faktor deyil. Çünki seçim, sevgi ən böyük açardır və kişi-qadın faktorunu önəmsəmirəm.

Şükriyyədə analıqdan ziyadə Əhməd Cavada sevgi var idi

- Fədakarlıq barədə sizdən soruşmaq istəyirəm. Bu yaxında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş bir şəhidimizi dəfn etdilər. Məlum oldu ki, onun nişanlısı ərə getməyib və yolunu gözləyib. Şükriyyənin də mənə elə gəlir ki, övladlarının yanında qalıb, onlara sahib çıxmaq borcu var idi, amma bunu etmək əvəzinə Əhməd Cavadı seçdi. Övladları isə uşaq evlərinə verildi. Mən nəsə bu cür fədakarlığı qəbul etmirəm.

- Niyə qəbul eləmirsiniz?

- Övladlarına görə. Onlara yiyə çıxmalı idi. Məntiqən o uşaqlar da Cavadın bir parçası idi. Buna görə də, Şükriyyə emosional davranışdansa, rasional seçim etməli idi.

- Yox, mən fərqli düşünürəm. Fədakarlıq sevgidən doğur axı. Şükriyyədə analıqdan ziyadə Əhməd Cavada sevgi var idi. Gör onun sevgisi nə boyda idi ki, Allahın verdiyi analıq hissini dəf etmək iradəsinə sahib olub. İki yaşında uşağını döşündən qoparıb ayırasan... Və sən ondan imtina edib ərinin ardınca getməyi seçəsən. Səkkiz il sonra da sürgündən qayıdıb uşaq evlərini axtarasan ki, görüm övladımlarım haradadır? Şükriyyəyə qalib gələn nə ola bilərdi? Sevgi!

- Bəlkə bunun adı patologiyadır, sevgi deyil?

- Əgər bir qadın hamının istifadə etdiyi tualetə gedib özünü qorumaq üçü murdarlaya ki, ona toxunmasınlar, buna sevgidən başqa nə ad vermək olar? Nəyin naminə nəyə getmək...

- Hərdən mənə elə gəlir ki, bəzən nəyin bahasına olursa-olsun yaşamağa çalışmaq lazımdır.

- O düşünüb ki, Əhməd Cavadı görəcəm və ona deyəcəm: özümü sənə çatdırdım.

- Və sənə sadiq qaldım.

- Sadiq deyəndə ki, o qadınları orda zorlasaydılar da heç kəs onu qınamazdı. İnsan gücündən artıq şərtlər var. Və sədaqət təkcə bədənlə deyil axı. Bu həm də vicdan, şərəf məsələsidir. Ümumiyyətlə, Şərqdə qadın faktoruna qarşı bir yanlış anlaşılma var. Sizin qadın necə olmalıdır-dediyiniz nədir? Sizə alternativ bir nümunə gətirim. Mən Şuşa həbsxanasına neçə dəfədir gedirəm, içəri girə bilmirəm. Bilirsiniz niyə? Çox kədərli xatirələr bilirəm. O vaxt mən əsirlərin geri qaytarılması və onların MTN-in filtrasiya prosesində iştirak edirdim. Əsirlər alınırdı, mənə deyirdilər ki, sən iştirak elə, o məsələlərə şahid ol, o baqaj material kimi səndə qalsın. Mən görürdüm ki, əsirlikdən gələn qadınlar üçüncü ölkəni seçirlər. Burda da yaşaya bilmirlər. O qadınlar zorlanandan sonra yarısı damarlarını şüşə ilə, mismarla kəsmişdi. Amma bu qadınlar qalmışdı.

- Deməli, siz Şükriyyəyə haqq verirsiniz.

- Mənim babam çox prinsipial kişi olub. Adı Düz Abdulla idi.

- Hakim olub?

- Hakim olub. Rüşvət götürməyən, düzgün adam olub. Özü də çox ucaboy, çox güclü imiş. Elə rüşvət götürməməyin, güzəşt etməməyin üstündə də onu vəhşicəsinə öldürüblər. Bu xəbəri də mənim nənəmə çatdırıblar. Mənim babam da nənəmi dəhşətli dərəcədə sevib. Zamanına görə çox cəsarətli sevgi hekayələri vardı. Təsəvvür elə dörd qardaşın bacısını verməyiblər... Babam onu götürüb qaçırıb, ev-ev gəzib qardaşların əlindən gizlənirmişlər. Nənəm babamı bu dərəcədə sevirmiş. Babam öləndə nənəm bir kəlmə deyir: “Abdulla, qırxın çıxacaq, gələcəm yanına”. Yanında 4 azyaşlı uşaq... Sonbeşiyi də iki yaşlı Çingiz əmim. Atam doqquz yaşında, bibim 11 yaşında, o biri bilmirəm neçə yaşında. Nənəm babamın qırxını yola verir, elə həmin gecə özünü öldürür. Uşaqlar qalır yiyəsiz.

- Şükriyyə ilə təxminən eyni taleyi yaşayıb.

- Atam deyirdi ki, mən anamı bağışlamıram, o yaşayıb bizi saxlamalı idi. Mənsə düşünürəm ki, düz edib. Hamı olmaq olar, amma Bilqeyis olmaq olmaz. Bilqeyis mənim nənəm idi. Dörd uşağın heç biri ONA Abdullanı əvəz edə bilməzdi.

- Siz nənənizə haqq qazandırırsınız?

- Mən qazandırıram, atam qazandırmırdı.

- Sizin çəkdiyiniz nümunədə hər iki şəxs qadındır.

(Gülür). Mən başqa nümunələr də çəkə bilərəm və orada hamısı kişidir. Sadəcə olaraq mən bir qadına daha fərqli rakursdan baxıram. Bəlkə də daha çox kişi rakursundan baxıram. Bu mənim qadın olmağımdan irəli gəlmir. Mən feminist deyiləm. Sadəcə mən qadının nə qədər güclü olduğunu da bilirəm. Heç bir kişinin qadına mənim qədər qiymət verə bilmədiyinin də fərqindəyəm. Amma qəhrəman kişinin, əsl şərəf və ləyaqətli kişinin də necə olduğunu, öz kişi həmkarlarımdan daha yaxşı bilirəm. Ona görə bu peşə cinsiyyətə bağlı deyil. Əzələ yox, intellektlə bağlı peşədir.

Mən melodrama, cılız hisslərə hesablanmış əsər hazırlaya bilmərəm

- Mən düşünürəm ki, rejissorluqda cinsiyyət fərqi özünü büruzə verir. Qadın rejissorlar hadisəyə fərqli, emosional yanaşırlar.

- Kişi rejissorlar daha emosional olur?

- Sentimental olurlar.

- Bəlkə də. Amma mən kəskin emosiyalara meylliyəm. Mən məsəl üçün, melodrama, cılız hisslərə hesablanmış əsər hazırlaya bilmərəm.

- Komediya da hazırlamamısınız.

- Tragikomediya sevirəm. Ümumiyyətlə, mən kəskin bucaqlı, iti hissiyyatları sevirəm: Qaynar və ya soyuq, hər şey və ya heç nə, ağ və ya qara. Mən maksimalistəm.

- Mənə elə gəlir ki, siz zülmətin içində işıq axtarırsınız.

- Hər zülmətin içində işıq, hər işığın içində zülmət var. Və bundan başqa hər bir işığın var olduğunu göstərmək üçün ona müvafiq fon lazımdır. Fon isə hər zaman qara olur. Ağ işıq qara fonda görünür.

- Caviddə də məhz “İblis”i qoymağınızın səbəbi budur.

- Cavid mənim məhvərimdir. Mən Cavidi sevirəm.

- Siz işığı qaranlıqda axtarırsınız. Məsələn, Tolstoy mələyin, Dostoyevski İblisin yanındadır, amma ikisi də işığa xidmət edir. Başqa cür desəm biri dünyaya işıqlı tərəfdən, o biri isə qaranlıq tərəfdən baxır.

- Mən zülmətə xidmət etmirəm. Mənim tamaşalarımın hamısında işıq var. Mən düşünürəm ki, teatr, elə kino da bizə həyatın özünü göstərməli deyil. Sənət bizə təxəyyül etdiyimiz, görmədiyimiz dünyanı göstərməlidir ki, biz deyək belə də insan olmaq olar. İnsanı insan kimi göstərən TABLO. Sənətin gücü ondadır ki, ali gücdən artığını göstərə bilsin. Dediyiniz kimi işığın olmadığı yerdə işığın şüasını göstərə bilsin. Sovet dövründə deyirdilər ki, sənət həyatdan bir pillə yuxarıdadır, amma mən düşünürəm ki, səhnə həyatın arxa, görmədiyimiz tərəfidir. Və o arxa tərəfə mütləq getmək lazımdır. Amma böyük mənada yenidən qurduğumuz dünya ilə yaşadığımız dünya arasındakı körpünü və körpüdən görünən mənzərəni verməliyik. Bunun qarası da var, ağı da var, bozu da var, çirkini də var... Amma onun nəticəsini şüura mütləq ötürməliyik. Tamaşaçı beyninə o mesajı yazıb onu evinə, həyatına daşımalıdır. Bax, bu vacib məsələdir. Mən düşünürəm ki, həyatın kreativ tərəfini göstərmək bizim borcumuzdur.

Mən hər şeyi Allahın iradəsinə bağlayıram

- Yəni düşünürsünüz ki, sənətin didaktik tərəfi olmalıdır.

- Əlbəttə. Sənət həm də maarifləndirməlidir. Göstərməlisən ki, qalibiyyətə getmək üçün bax bu yoldan keçməlisən. Mən hər şeyi Allahın iradəsinə bağlayıram. Onun yaratdıqlarından gözəl şey yarada bilmərik. Mənim beynimə gələn impuls onun iradəsindən doğandır. O mənim beynimə sızdırır ki, mən onu ötürürəm. Əgər mənim ötürdüyüm nəsnə gərəklidirsə, mən yerimdəyəm. Mənasızdırsa, ortababam, ortababdan da pis mövqe yoxdur.

Yaradıcılığı qadın-kişiyə bölmürəm

- Bəlkə tanrını yaradıcılıq baxımından ən yaxşı hiss edən də elə qadınlardır.

- Yenə də yaradıcılığı qadın-kişiyə bölmürəm. Kişi və qadının ən ciddi fərqinə fizioloji cəhətdən baxın. Biri torpaq kimi içinə alır, o biri bulud kimi dışarı atır. Bunlar ikisi bir yerdə güclüdür. O bulud yağmasa, torpaq suyu çəkə bilməz. Torpaq suyu çəkməsə, içindən ot çıxara bilməz. O ot yeyilməsə, inkişaf etməz. Həyat belə davam edir. Harmoniya çox ciddi qurulub. Mən qadın-kişi ayırımına normal baxmıram. Hərçənd ki, bu müxtəliflik özü də çox gözəldir. Mənim üçün iradə və güc faktoru önəmlidir.

Mən yaşlanmaqdan heç vaxt qorxmamışam

- Mehriban xanım, sizi çox yordum. Əslində biz daha çox doğum günü söhbəti etməli idik.

- Özümü ən narahat hiss etdiyim gün doğum günləridir.

- Yaşlanmaq qorxusuna görə?

- Mən ümumiyyətlə yaşlanmaqdan heç vaxt qorxmamışam. Mən yaşımla qürur duyuram. Mənim təxminən 30-40 yaşlarından sonra əxz elədiyim bəzi şeylər var. Başa düşdüm ki, daha özümü sübut etmək məcburiyyətində deyiləm. Təxminən 40 yaşından sonra başa düşdüm ki, güclüyəm. Mən kim olduğumu bilirdim. Mən məqsədimin nə olduğunu bilirdim. Nəyi izləyirdim, nəyin ardınca gedirdim və nəyi istəyirdim, hədəfim, məramım... Bunları bilirdim və məni bu yoldan kimsə saxlaya bilmədi. Ad günümdə özümü narahat hiss etməyimə gəldikdə isə... Ad günü mənim üçün daha kövrək məqamdır. Çünki mən ad günlərimdə atamı və anamı özləyən uşağa çevrilirəm. Anam və atamı daha çox gözləyirəm, hətta bu yaşda da.

- Ad gününüzü kimlərlə keçirməyi planlaşdırırsınız? Axı adi yaş günü deyil, yubileydir?

- Ailəm ilə. Qardaşlarım mənim ailəmdir. Ailədən gözəl bu dünyada bir də Vətən var. Ad günümdə Vətənimdə öz doğmalarımla bir yerdə olacam.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar