Başqalarının uğursuzluqlarına niyə sevinirik? - Psixoloq AÇIQLADI
12 avqust 2025 18:50 (UTC +04:00)

Başqalarının uğursuzluqlarına niyə sevinirik? - Psixoloq AÇIQLADI

Əksər insanlar təbii olaraq özlərini başqaları ilə müqayisə edir və etiraf etmək lazımdır ki, bəzən başqalarının uğursuzluqlarına sevinirlər. İnsanlar ətrafındakılarla özlərini tez-tez müqayisə edirlər. Kimsə uğursuzluqla qarşılaşdıqda, biz müxtəlif hisslər keçirə bilərik, mərhəmətdən peşmançılığa, hətta bəzən sevincə qədər. Başqasının probleminə sevinmək qəribə görünsə də, bu hal düşündüyümüzdən daha çox rast gəlinir.

Lent.az xəbər verir ki, amerikalı psixoloq Mark Trevers bunun səbəbini izah edir.

“Biz özümüzü vəziyyəti daha pis olanlarla müqayisə etdikdə, çox vaxt daxili rahatlıq və özünə inam hiss edirik. Bu, incə, çox vaxt şüursuz baş verən bir özünümüdafiə mexanizmidir və xüsusilə özümüzdən şübhələndiyimiz anlarda daha aktiv olur. Psixologiyada başqasının bədbəxtliyinə sevinmək üçün ‘Schadenfreude’ termini istifadə olunur. Alman dilində Schaden (‘zərər’) və Freude (‘sevinc’) sözlərinin birləşməsindən yaranıb,-deyə Trevers izah edir.

Bu hiss, xüsusilə rəqabətli mühitdə daha aydın görünür. Məsələn, rəhbərə xoş görünməyə çalışan bir iş yoldaşınız səhv etdikdə və töhmət aldıqda bundan məmnunluq hiss edə bilərsiniz.

Psixoloq qeyd edir ki, insanlarda öz əhəmiyyətini hiss etmə ehtiyacı var və çox vaxt onlar özlərini daha zəif mövqedə olanlarla müqayisə edirlər. Özünəinamına təhdid hiss edənlər isə Schadenfreude hissini daha tez-tez yaşayırlar.

Trevers-ə görə, başqasının uğursuzluğuna sevinməyin iki əsas səbəbi var:

1. Rəqabət şəraitində özünəinamı artırması

2017-ci ildə aparılan bir araşdırmada bu hissin dörd əsas psixoloji ehtiyaca özünəinam, nəzarət, aidiyyət və əhəmiyyətə cavab verib-vermədiyi yoxlanılıb.

“Dörd eksperimentin hamısı göstərdi ki, Schadenfreude sosial mövqeyimizi təsdiqləməyə kömək edir, xüsusən də müqayisə obyekti paxıllıq doğuran rəqib olanda,”- psixoloq vurğulayır.

Başqalarının uğursuzluqlarını müşahidə etmək, heç olmasa müvəqqəti olaraq özümüzü natamam hiss etməyin qarşısını alır.

“Vəziyyət idarəolunmaz göründükdə, kimin isə bizimlə eyni və ya daha pis çətinliklərlə üzləşdiyini görmək, problemlərimizi şəxsi uğursuzluq kimi deyil, həyatın ümumi xaosunun bir hissəsi kimi qəbul etməyimizə səbəb olur. Bu, xüsusilə rəqabətli mühitdə aktualdır. Biz hər şeyin qaydasında olduğuna inanmaq istəyirik və başqalarının bəlaları geridə qalmadığımızı təsdiqləyir,”- deyə mütəxəssis əlavə edir.

2. Dünyanın ədalətli olduğuna inancı gücləndirməsi

2013-cü ildə aparılan bir araşdırma bu hiss ilə dünyanın ədalətli olduğuna inam arasında əlaqə olduğunu göstərib. Vəziyyət ədalət hissini sarsıtdıqda, insanlar başqalarının uğursuzluqlarına daha çox sevinirlər.

“Bu, ədalət inancını bərpa etmək istəyi ilə bağlıdır: yaxşı insanlar yaxşılıq görür, uğursuzluqlar isə bunu ‘haqq edən’ insanlara rast gəlir. Əgər qurbana kömək etmək mümkün deyilsə, insanlar çox vaxt onu günahlandırır və ya cəzaya layiq hesab edirlər, beləliklə onun əzablarını əsaslandırırlar,”- Trevers izah edir.

Psixoloq vurğulayır ki, bu, həmişə zərərçəkənin həqiqətən günahkar və ya bu təcrübəyə layiq olduğu anlamına gəlmir.

Sonda Trevers qeyd edir ki, belə hissləri yaşamaq insanı pis etməz, çünki bu çox vaxt avtomatik və şüursuz şəkildə baş verir.

“Əgər siz daima kiminsə uğursuzluğunu arzulayır və ona qəsdən zərər vermək istəyirsinizsə, bu, düşünməyə dəyər. Bu instinkti tamamilə boğmağa çalışmaq əvəzinə, onu dərk etmək və ona həddindən artıq əhəmiyyət verməmək daha yaxşıdır,” - deyə mütəxəssis məsləhət görür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 342

Oxşar yazılar