Qanunsuz sərnişindaşıma həyata keçirən və yol polisinin nəzarətindən yayınmaq məqsədilə müxtəlif istiqamətlərdə torpaq yollarla hərəkət edərək daşıdığı sərnişinlərin həyatını təhlükə altına qoyan sürücü YPX əməkdaşları tərəfindən müəyyən edilərək stasionar postda saxlanılıb.
Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən xəbərə görə, yoxlama zamanı nəqliyyat vasitəsini idarə edən Əliyev Azər Bəhram oğlunun törətdiyi qayda pozuntuları ilə yanaşı, nəqliyyat vasitəsini idarə etmək hüququnun da olmadığı müəyyən edilib və barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə A.Əliyev 25 gün müddətinə inzibati qaydada həbs edilib.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə xatırladır ki, qanunsuz sərnişindaşıma və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sükan arxasına keçmək, yollarda qəza riskini dəfələrlə artırır və insan həyatını ciddi təhlükəyə məruz qoyur. Qaydaları pozmayın, təhlükəsizliyə məsuliyyətlə yanaşın.