İşdəki İradə Tuncay və evdəki Aqil Abbas
29 sentyabr 2008 12:10 (UTC +04:00)

İşdəki İradə Tuncay və evdəki Aqil Abbas

(Üzlü qonaq)

Məşhurların ailəsində bir gün

Beləliklə, “Ya Allah” deyib, qollarımızı çırmalayaraq, qət-təzə bir layihəyə başlayırıq. Layihəmizin elə siz deyən orjinal bir yükü yoxdur. Məqsədimiz cəmiyyətdə özünün ictimai-siyasi-mədəni çəkisi ilə məşhur olan adamların iş yerlərində, evlərində, maşınlarında, dost-tanışlarının arasında olmaq, çox özlərindən deyən, təntənəli çıxışlar edən, loru dildə desək, basıb-bağlayan bu məşhurların kameradan, diktafondan, fotoaparatdan o tərəfki üzləri, həyatları ilə tanış olmaqdır. O ki qaldı “Üzlü qonaq” adını seçməyimizə, layihənin özəlliyi ondadır ki, biz qəhrəmanlarımız iştiraka razı olmadığı, çəm-xəm elədiyi, nazlandığı halda belə dirəşib, istəyimizə nail oluruq. Yəni zorla da olsa, xoşla da olsa, işinə də, evinə də, bir sözlə, olduğu hər yerə gedirik. Qonaq istəsə də, istəməsə də…

Uzun sözün qısası, iş yox, güc yox, bir-iki məşhur adamı biabır eləyək.

Budəfəki qəhrəmanlarımız:

Milli Məclisin deputatı, “Ədalət” qəzetinin keçmiş baş redaktoru, məşhur və istedadlı publisist İradə Tuncayın həyat yoldaşı, yazıçı Aqil Abbas;
“Ədalət” qəzetinin hazırki baş redaktoru, istedadlı və məşhur publisist, həmçinin Aqil Abbasın həyat yoldaşı İradə Tuncay…

Əslində, yazının qəhrəmanı bir Adam olmalı idi. Amma bu məşhur cütlüyü bir-birindən necə ayırasan? Birini qoyub, o birisi ilə necə layihə eləyəsən? İkisi də olduqca maraqlı persona, ikisi də qələm adamı… Birini evdə tapmaq olmur, birini işdə…

Zorən razılaşma

Həə, əvvəlcə Aqil müəllimin nömrəsini tapmaq lazımdır. Ağlıma gənc və istedadlı publisist, həm Aqil Abbasın, həm də İradə Tuncayın yaxın dostu olan Seymur Baycan gəlir. Ona zəng eləyib, ikisinin də nömrəsini soruşuram. Seymur İradə xanımın nömrəsini əzbərdən deyir, Aqil müəllimin nömrəsini telefonun yaddaşından tapmaq üçün bir neçə dəqiqə vaxt istəyir (qoy, ər-arvad bir-birini qırsınlar! - G.M.).
Bəli, Aqil müəllimə zəng eləyib, onun həm evində, həm işində qonaq olmaq istədiyimi bildirirəm. Cavabı lakonik olur:
- Qızım, mənim daha işim yoxdur, işdən çıxmışam (“Ədalət” qəzetini nəzərdə tutur. Maraqlıdır, parlamentdəki iş, iş deyil ki? - G.M). Amma evimə buyur, gəl. Gözüm üstə yerin var. Bilmirəm, indi evimi sizin aranızda tanıyan var, ya yox?
- Narahat olmayın, Aqil müəllim, mən redaksiyaya, İradə xanımın yanına gedərəm, o işdən çıxandan sonra birlikdə evə gələrik.
- Buyur.

İradə xanıma zəng eləyirəm.
- İradə xanım, sizə qonaq gəlmək istəyirəm..
- İşə?
- Elə işə də, evə də.
- Əzizim, mənim evimdə təmir gedir..
- Getsin də. Təmir nəyə mane olur ki? Mənə evin təmiri yox, evdəkilər maraqlıdır.
- Hə, indi biz sənə ailə tablosu yaratmalıyıq?
- Siz heç nə yaratmayacaqsınız, İradə xanım. Tablonu mən özüm görəcəm…
- Nə deyirəm. Gəl. Sabah 1-dən sonra işdəyəm.

Məşhurlar ailəsinin işində

Köhnə nəşriyyatın altıncı mərtəbəsindəki kasıbyana, köhnə redaksiya, köhnə iş ləvazimatı… hətta dəhlizdə gözə dəyən işiçilərin də üzlərində, hərəkətlərində bir köhnəlik, yorğunluq hiss olunur.

“Ədalət” əvvəlki səs-küylü, çığır-bağırlı “Ədalət” deyil. Deyəsən, dəli-dolu Aqil Abbasın yaratdığı xaotik mühiti İradə xanım öz dəmir yumruğu ilə qaydaya salıb. Hamı yerini bilir, işini bilir.

İradə xanım özü isə həmişəki dərin dekoltesi ilə Aqil Abbasın keçmiş otağında əyləşib, qəzetlərə baxır. Qonağını gülər üzlə qarşılayır - əsəbi və qaraqabaq görünüşlü İradə Tuncay nə qədər gülərüz ola bilərsə, o qədər..

Katibəsi işə gəlmədiyindən qonağına çay gətirməyi redaksiyadakı qızlardan birindən xahiş edir. Özü də “can, can” deyə-deyə (yox, məni aldada bilməzsiniz, İradə xanım, dalağım sancıb ki, sizdən hürkmək lazımdır - G.M.). Fikirlərim təsdiqlənir yavaş-yavaş. İradə xanımın otağına icazə almağa, yazı haqda nəsə soruşmağa, yazını hansı səhifəyə qoymaq məsələsi ilə bağlı məsləhət-məşvərət eləməyə gələn işçilərin heç biri (yaşından və işindən asılı olmayaraq) onun otağındakı çoxsaylı kürsülərə əyləşmir. Uzun oldu, qısa oldu, bütün işçilər sözünü elə ayaq üstəcə deyir və çıxıb işinə-gücünə gedir. Heç baş redaktor da xüsusi bir qayğı göstərib, işçilərinə əyləşmək təklif eləmir.

Əşi, özləri bilərlər! Nə işimizə qalıb, yahu?! Biz öz işimizə baxaq. Çay stəkanını əlimə götürər-götürməz, kasıbyana, köhnə mebelli, köhnə təmirli, tozlu otağa göz gəzdirib, “hücum”a keçirəm. Sonradan bu “hücum” qəhrəmanımın çox, çox səmimi olduğu, içdən bir müsahibəyə çevrilir.

İradə Tuncay - Aqil Abbas, Məmməd Araz və özü haqda

- Həəə, bu otaq barədə çox şayiələr gəzir…
İradə xanım halını pozmur:
- Məsələn, nə şayiə, canım? De, biz də bilək...
- Nə bilim, deyirlər, Aqil müəllim burada baş redaktor olanda otağında çoxlu şəkil var imiş. Hamısı da vəzifədə olan, nüfuzlu adamların şəkilləri... Sonradan kim vəzifədən gedirmişsə, nüfuzdan düşürmüşsə, Aqil müəllim onun şəklini yavaş-yavaş qapı tərəfə sürüşdürürmüş. Axırda da otağından çıxardırmış…
Yenə halını pozmur:
- Yox, canım. Elə deyil. Şəkillərin hamısını mən baş redaktor olandan sonra çıxartmışam. Hətta atam Məmməd Arazın da şəklini. Təkcə bax, bu kişinin (əlini Heydər Əliyevin divardakı şəklinə tərəf uzadır) şəklini saxlamışam. Çünki doğrudan da bu kişiyə böyük hörmətim var. O ki qaldı vəzifədən gedən adamların şəklini çaxırtmağa, elə olmayıb. Məsələn, İskəndər Həmidov Aqilin dostu idi. Vəzifədən gedəndən də sonra onun şəkli divarda qalırdı...
- Deməli, o biri şəkilləri siz çıxartmasınız? Amma məncə, Ce Gevaranın şəkli bu divarda olsaydı, sizin əliniz gəlməzdi onu çıxartmağa..
Gülümsəyir:
- Bəlkə də… amma otaqda onun şəkli ox idi. Öz aramızdı, Çe Gevara Aqillik deyil axı.
Bic-bic gülümsəyirəm:
- Təəssüflənirsiz ki, Aqil müəllim heç vaxt Çe Gevara ola bilmədi?
O, dodaqlarını büzür, qəşəng-qəşəng parıldayan gözləri ilə lap Napoleonsayaq uzaqlara baxır:
- İndi yox. Artıq bununla barışmışam.
- Deməli, nə vaxtsa inanmısınız ki, onun kimi ola bilər?
- Çe Gevara ola biləcəyinə inandığım Aqil, mənim özümün yaratdığım obraz idi. İndisə real Aqil Abbas haqda düşünürəm və bilirəm ki, ondan Çe Gevara ola bilməz.
- Sizi Aqil Abbasa nə bağlayır?
Gülümsəyir:
- Uşaqlarımız var axı!
- Uşaqlar indi var. Amma siz ona ərə gedəndə uşaqlarınız yox idi. Ona niyə ərə getdiniz?
- Yəqin ona görə ki, atam məni çox sıxırdı. Mənsə azadlıq istəyirdim. Aqil mənim üçün o azadlığın təminatçısı idi. Həm də çox dəliqanlı idi, çılğın idi. Özü də boyu balaca olsa da yaraşıqlı oğlan idi. Sən indisinə baxma.
Yenə bic-bic gülümsəyirəm. Bəlkə İradə xanımı bir az qısqandırım? Odu ki, qəsdən:
- Niyə ki? Elə indi də pis deyil. Yaraşıqlıdır. Yaşlanmaq ona düşüb. Mən onun cavanlıq şəkillərini görmüşəm. Heç o vaxtlar belə yaraşıqlı deyilmiş. İndi daha maraqlıdır.
Qaşlarını dartır:
- Tı tak dumaeş? Yoox, sən onun pis şəkillərini görmüsən, mən sənə yaxşılarını göstərərəm! Deyirəm, yaraşıqlı idi də!
- Yaraşıqlıdı, maraqlıdı. Ətrafında da maraqlı, istedadlı, yaraşıqlı xanımlar… qısqanmırsınız ki?
- Qızım, mən Aqil müəllimin hər hərəkətinə reaksiya versəydim, qısqansaydım, onda gərək partlayaydım! Çox şey olub… amma mən özümü saxlamışam. Çalışmışam ki, özümü tox tutum. Həm də Aqil ailəsinə, uşaqlarına bağlı, sədaqətli adamdı. Ona görə arxayınam. Amma deyə bilmərəm ki, heç təsir eləmir. Əlbəttə, bir qadın kimi ağrıdan şeylər də olur. Çalışıram ki, onu da birtəhər… Qızım, mən belə hər şeyi sakit-sakit danışıram, sənə elə gəlməsin ee, mən özümü tərifləyirəm. Yox! Hərdən elə xırda şeyin üstündə partlayıram ki, bütün o iri məsələlər onun yanında yalan olur.
- Maraqlıdır, dediniz ki, siz ona azad olmaq istədiyiniz üçün ərə getdiniz? Bəs Aqil müəllim sizinlə niyə evləndi?
Gülür:
- Yəqin ki, Məmməd Arazın qızı olduğuma görə. Aqil şöhrətpərəstdi axı. Həmişə deyirdi ki, Səməd Vurğunun nəvələrinə paxıllığım tutur. Gör kimin nəvələridi. İndi də onun uşaqları haqqında bunu deyirlər..
- Bəs onun sizinlə Məmməd Arazın qızı olduğunuza görə evlənməsi bir qadın kimi pis təsir eləmədi sizə?
- Yox. O vaxt mən elə fikirləşmirdim. Bu qənaətə illər keçəndən sonra gəlmişəm. Və reallıqla barışmışam. Həm də heç nəyi olmayan, kasıb şairin qızı ilə evlənmək də hər adamın işi deyildi. Nəyi var idi ki, Məmməd Arazın? Bir də mənim kimi həmişə kədərli, qaraqabaq qızla evlənmək də hər adamın işi deyildi. Məndə kişiləri cəlb eləyən elə bir cəhət yox idi axı. Məsələn, mənim sənin kimi oynaqlığım yox idi.
- Niyə? Sizin də çox maraqlı cəhətləriniz var...
- Yoxdu da. Olsaydı, bu neçə ildə üzə çıxardı.
- İradə xanım, deyirəm var də!
Yenə gülümsəyir:
- Məsələn?
- Məsələn, sizin gözləriniz çox qəşəng parlayır. Əminəm, o parıltı boşuna deyil. Güclü bir kişi o parıltıdan yapışıb, dərinliyinə gedərək, o parıltının kökünü tapa, cazibədar İradə Tuncayı kəşf edə bilərdi…
Başını yırğalayır:
- ...
- Ailədə üç məşhur – İstedadlı İradə Tuncay, fərasətli Aqil Abbas və məşhur Məmməd Araz. Övladlarınız ən çox kiminlə fəxr eləyir?
- Əlbəttə, Məmməd Arazla.
Bu yerdə gənc publisist Elnur Astanbəyli söhbətimizin üstünə gəlib, çıxır. Gənc yazar “Ədalət”lə əməkdaşlıq edir axı. Aralarında sərbəst, rahat bir dialoq başlayır. Gənc yazar dədəsinin otağında imiş kimi, çay istəyir, mənə təklif olunan şirniyyata irad tutur: “İradə xanım, heç mənə belə şeylər təklif eləmirsiniz?!”. Elnurun qırımından, baş redaktorla davarınışından hiss olunur ki, İradə xanım kənar müəlliflərə qarşı daha açıqdır. Neynək? Mən də gələcəkdə “Ədalət”lə əməkdaşlıq eləsəm, gərək yazılarımı poçtla göndərim. Onda baş redaktor məni daha çox istəyər. Hərçənd, xanım baş redaktorlar xanım əməkdaşlarını sevmirlər…

İradə xanım Elnurla söhbətində olsun, mən dəhlizə çıxıb, təzədən Aqil Abbası zəng eləyirəm. İstəyirəm ki, konkret iş yeri olmasa da, getdiyi görüşlərə-zada məni də özü ilə aparsın. Amma millət vəkili bu dəfə zəngimə cavab vermir. Təzədən İradə xanımın otağına qayıdıram. Onunla bir az da indi rəhbərlik etdiyi qəzetdən, kollektivdən danışırıq. Məlum olur ki, hər yerdə olduğu kimi, burada da ayrı-seçkilik var, İradə xanımın sevimliləri, başqalarından daha çox inandığı adamlar, işçilər var. Amma deyir ki, bunu onların özünə büruzə vermir. Hamıya eyni gözdə baxdığını göstərməyə çalışır. Qəzetlə bağlı bircə sualıma:
- İradə xanım, rəhbərlik elədiyiniz qəzetə xüsusi bir sevgi var içinizdə?
Çox səmimi cavab verir:
- Çörək ağacımızdı da… ailə biznesimizdi.

O, on beş ildir avtobusa minmir

Bir azdan İradə xanım işçilərə son tapşırıqlarını verir. Və mənə:
- Hazırlaş, gedək evə. Aqil də yəqin gəlmiş olar.
Kasıbyana redaksiyadan çıxıb, nəşriyyatın qarşısında bizi gözləyən kasıbyana, sovetdən qalma “Jiquli”yə minirik. Maşın bizi Aqil müəllimin yaşadığı Badamdara aparmağında olsun, mən bir az yoldan danışım. Yolda məlum oldu ki, qırğın-qiyamat Çe Gevaraçı İradə xanım on beş ildir ki, ictimai nəqliyyatdan istifadə eləmir. Səbəbini isə bununla izah edir ki, indi avtobusa minən kontinget (bu zəhimara da dilim heç yatmır!) əvvəlki deyil. İndi adamlardan pis qoxu gəlir, özlərini apara bilmirlər, basabas salırlar və daha nə bilim, nələr… Nəsə, neyləyək, İradə xanım avtobusa minmir də! Zorla deyil ki…
Yolda İradə xanım maşından düşüb, qonağı üçün şirniyyat da alır.

Balaca adamın böyük ehtirası

Darvazaya çatırıq. Kasabyana redaksiyadan çıxıb, kasıbyana maşından düşən iki xanımı sadə darvazaların o tayında hind filmlərindəki Maxaracaların mülklərinə oxşayan iki nəhəng, üçmərtəbəli imarət qarşılayır. Bunlardan biri İradə xanımla Aqil Abbasın hələ subay olan böyük oğulları ilə yaşadığı evdir, biri isə kiçik oğlu ilə ailəsinin… (Şübhəniz olmasın, evin ikisini də Aqil Abbas tikdirib. Şər atmıram, İradə xanım bayaq redaksiyada dedi ki, hər iki oğlu hələ də maddi cəhətdən onlardan asılıdır).
Evlərdən biri hələ təmirdə olduğundan biz hazırda Aqil Abbasgilin məskunlaşdığı oğul evinə keçirik. Hələ qapıdan girməmişdən İradə xanım məni görəcəklərimə hazırlayır:
- Aqil nəsə böyük şeyləri xoşlayır. Böyük ev, böyük otaqlar, böyük maşın... Bu ev tikiləndə mən nə qədər hirslənmişəm ki, nəyə lazımdır bu böyüklüyündə otaqlar?! Yəqin balacaboy adamların da belə kompleksləri olur da... iri şeylərdən gözləri doymur.

Aqil Abbas: Nə yazırsan, yaz…

Nəhayət, uzun dəhliz və pilləkən labirintlərindən keçib, ailənin cəmləşdiyi otağa çatdıq. Əlbəttə, bura otaqdan çox, maşallah, Tofiq Bəhrəmov adına stadionu xatırladırdı, amma indi otaqdı daa... və bu nəhəng otağın ortasındakı divanda köhnə-kürüş paltarlı, ayaqyalın Aqil Abbas oturub, bizi gözləyirdi. Daha doğrusu, yanında heç susmayan telefonlara cavab yetişdirməyə çalışırdı. Nəhəng otağın bir küncünə qoyulmuş balaca televizorda AzTV-ə baxan millət vəkili gülərüzlə hal-xoş elədi. İradə xanım isə məni yaşadıqları mərtəbənin bir hissəsi ilə qısaca tanış eləyəndən sonra təzədən Aqil müəllimin yanına gətirib, onun yanında divana əyləşdirdi:
- Otur. Mən hazırlıq görüm. Bu kişini də verdim sənə.
Aqil müəllim gülür:
- Əşi, neynir e, o məni?
(Düz sözə nə deyəsən? – G.M.)
İradə xanım hazırlıq görür, mənsə yazıçılığa iddialı millət vəkilini söhbətə çəkməyə çalışıram. Amma bayaq kürsüdə əyləşən, əsəbi görünüşlü, rəsmi paltarlı İradə Tuncay nə qədər söhbətə açıq idisə, nə qədər rahat musahib idisə, nimdaş paltarlı, ayaqyalın Aqil Abbas o qədər qapalı və narahatdır. Adama elə gəlir ki, o, boynunda gözəgörünməz bir qalstuk hiss eləyir və bu bərk-bərk dartılmış qalstuk ona sərbəst, rahat danışmağa imkan vermir. Amma bu mebelsiz otaqlar, ucuz şap-şuplar, dar çarpayılar, çarpayının üstündəki köhnə sovet örtüyü, bu nimdaş əyin-baş onun həyatının zənginliyini gizlədə bilmədiyi kimi, ləhcəli, arabir yumşaq, arabir sərt söyüşlü, qızğın danışığını da bu gözəgörünməz “qalstuk”u gizlədə bilmir. Hər halda, qıyıq qarabağlı gözlərimlə qəhrəmanımın içinə baxanda bunu görürəm… bəlkə də yanılıram.
- Qonaqlarla aranız necədir?
- Çox yaxşı. Mən qonaq getməyi də, qonaq qəbul eləməyi də xoşlayıram. Evimiz həmişə qonaq-qaralı olub. Hamının üzünə açıqdır bu evin qapısı…
- Məsələn, biz tanıdığımız, bizim yazar çevrəsindən kim gəlib-gedir sizə?
Xeyli fikirləşir. Nəhayət:
- Siz tanıdıqlarınızdan təkcə Rəşad Məcid. Amma qohum-əqrabanın, dost-tanışın üzünə qapım həmişə açıqdır. Hamısına da demişəm ki, mən sizinlə qonaq-qonaq oynamıram. Nə mən sizə gələndə məxsusi yemək bişirin, nə də siz mənim evimə gələndə sizin üçün ayrı cür yemək bişəcək. Kimin nəyi varsa, ona da qonaq eləsin. Yəni öz evindəki kimi. Adam ki getdiyi yerdə özünü evindəki kimi hiss eləmədi, gərək o evə qonaq getməsin.

Əynini dəyişib, qıvraq ev paltarı geyinmiş İradə xanım başımızın üstünü alır:
- Amma hər evdə də adam özünü rahat apara bilməz axı...
Aqil müəllim pultun düyməsini basıb, kanalı dəyişərək, razılaşır:
- Düzdü. Məsələn, mən özümü təkcə Məmməd Arazın evində qonaq kimi hiss eləmişəm. Bizim 9 il evimiz olmayıb, Məmməd Arazın evində yaşamışıq. Onda çox narahat olmuşam. Yemək bişiriləndə xoşlamasam da, ondan yeməli olmuşam, hərəkətlərimi sıxmışam, evə dost-tanış dəvət eləyə bilməmişəm…

Söhbətimiz yavaş-yavaş alınır. Arabir mətbəxə, köməkçisinə kömək eləməyə gedən İradə xanım yanımıza gələndə atmaca atır:
- Hə, Aqil müəllimdən nəsə qopara bilirsən?
Aqil müəllim gülümsəyir:
- O məndən heç nə qopara bilməz. Əşi, nə yazırsan yaz e...
- Ona hələ baxarıq, Aqil müəllim, mən indii sizə İradə xanımdan bir-iki xəbərçilik eləyim, görərik, sizdən nəsə qoparmaq olar, ya yox. Bayaq İradə xanım deyirdi ki, siz onunla Məmməd Arazın qızı olduğuna görə evlənmisiniz…
Aqil müəllim İradə xanıma “Heç səndən gözləməzdim” mənasında bir baxış atıb, zorən təsdiqləyir:
- Yox, təkcə o deyildi səbəb, amma bu da vardı. Onun Məmməd Arazın qızı olmasının da əhəmiyyəti vardı.
- Deməli, sevirdiniz?
- Bəs nə? Sevməsəydim, neçə il bir yerdə yaşaya bilərdik?
- Heç İradə xanımın üstündə dava eləmisiniz?
- Dava eləməmişəm, amma bir-iki adamı qırağa çəkib, ağır söz demişəm…
- Qısqanclıq zəminində?
- Yox. Mən heç vaxt qısqanc adam olmamışam.
- Bəs o adamlarla probleminiz nə idi?
- Heç nə. Eşitmişdim, onların da İradədən xoşu gəlir, çəkdim qırağa, başa saldım ki, o qız sənlik deyil. Vəssalam.
- Aqil müəllim, həmişə sadə, hətta hərdən söyüşlə də danışırsınız. Amma deyirlər ki, siz səmimiliyi oynayırsınız. Yəni saxtadı bu səmimiyyət…(özümdəki həyasızlığa heyranam! – G.M.)
Aqil müəllim götürüldü, nə götürüldü:
- Bu millət belədi də! Düz söz danışana, səmimi adama hazır deyil bu millət! Gərək saxta olasan, onlara yuxarıdan aşağı baxasan, onda səninlə yaxşı davranırlar… İndi mən neyləyim, qalstuk taxa bilmirəm də mən! Qaçqın çayxanası demirəm, cavanların oturduğu ucuz kafe demirəm, hamısına gedirəm. Sonra bunu mənə bəzi adamlar irad da tutur. Bala, mən “Jiquli”ynən hərlənirəm e! İndi “Juquli” sürən var? (Əşi, sürmə də! Qarajdakı “Jeep” qonşunundu bəyəm? – G.M.)

Oğlu Aqil Abasın romanını oxuya bilməyib?

Bu vaxt İradə xanım aşağı mərtəbədə yaşayan oğlunun evindən qayıdır. Nəvəsi, balaca Tansu də qucağında. Aqil Abbas nəvəsini görən kimi çiçəyi çırtlayır:
- Gəl qucağıma görüm, babanın balası…
Başladı, nə başladı. Bəh-bəh-bəh! Baba, nənə, nəvə bir-birini əzizləmək, döşəmədə iməkləmək, maç-quçun biri bir qəpik! Nəvə ilə dilxoşluq eləyən Aqil Abbas bayaqkından çox fərqlənir. Elə bil üzünə işıq gəlib.
Bayaqdan bəri divara söykənib qalmış, dəfələrlə xahiş eləsəm də Aqil müəllimin əlinə götürmədiyi gitaranı işə salmağın vaxtıdı. Nəvənin dili ilə “yalvarıram”:
- Baba, nə olar, bizə nəsə çal daaa..
Axır ki, Aqil müəllim təslim olur. Rəşad Məcidin hədiyyəsi olan gitarada bizə köhnə İran filmi “Mazandaran pələngi”ndəki mahnılardan “Kor ərəbin mahnısı”nı gitarada ifa eləməə başlayır. O, gitaranı əlinə alan kimi İradə xanım üzünü turşudub, təzədən mətbəxə keçir. Mənsə səbirlə Aqil müəllimin ifasına qulaq asıram. Bə nə? Hər gün millət vəkili Adama gitara çalmır e! O ki qaldı Aqil müəllimin nətəhər gitara çalmağına, bircə şey deyə bilərəm: Aqil Abbas necə yazırsa, o cür də gitara çalır.

Aqil Abbasın mətbəxində

Aqil Abbasla İradə Tuncayın mətbəxində də olduq. İradə xanımın köməkçisi ilə birlikdə hazırladığı süfrəyə üçümüz oturduq. Sola meylli İradə xanımın köməkçisini də süfrəyə dəvət edəcəyini gözləsəm də, həmin xanım nəsə bizimlə oturmadı. Əslində hələ şam vaxtı da deyildi, bəlkə də ev sahibləri özləri də üzlü qonaqlarını tez yedirib, tezcənə başlarından eləmək üçün süfrəyə tələsmişdilər.
Sadə menyulu, sadə örtülü mətbəxdə də bir az elçilikdən, yeməkdən-zaddan danışanda məlum oldu ki, əvvəllər İradə xanım babat yeməklər bişirirmiş. İndisə vaxtı olmur.
Aqil müəllim bir balaca deyindi:
- Bir ətək pul verib, arvad almışam, yemək bişirmir…
- Doğrudan, Aqil müəllim, İradə xanıma yolhaqqı vermisiniz?
- “Yolhaqqı” nədir?
- Guya bilmirsiniz? Eşitdiyimə görə, gündə elçilikdə olursunuz ki! Yolhaqqı yəni qızı alanda ailəsinə verilən xərc. Məsələn, qarabağlılar qızın evinə beş qoyun aparır..
- Yox, bala. Mən qoyun aparmamışam. Elə özüm getdim.
Süfrəüstü zarafatlar, atmacalar, keçmişdən-gələcəkdən söbətlər başlayır. Hə, hiss olunur ki, İradə xanım bayaq nə qədər buruzə verməsə də, həyat yoldaşını yaman sevir. Özü də bunu mümkün qədər gizlətməyə çalışır. Qəşəng-qəşəng parlayan gözləri ilə Aqil müəllimə elə sevgi dolu baxır ki, adamın lap əriməyi gəlir. Amma nə olsun, boynuna qoya bilmədim ki…
O ki qaldı Aqil Abbasa, mənə elə gəlir ki, o yer üzündə heç bir qadını sevən-zad deyil. Yaxşı yazıçı ola bilər, vicdanlı millət vəkili ola bilər, lap bərkə dursa, yaxşı gitara da çalar, amma vallah, mən qananı, Aqil Abbas sevgi adamı deyil.

Gedəri qonağın getməyi yaxşı…

Durub əkilmək vaxtı da gəldi. Elə Aqil müəllim də şəhərə tərəf gəlir. Məni də özü ilə aparacağını deyib, hazırlaşdı. Bayaqkılardan az fərqlənən paltarda gəlib (guya dəhşət sadədir!), hazır olduğunu deyənə qədər İradə xanım mənə, türklər demiş, bir sürü hədiyyə bağışlamağa, qəzetləri üçün yazı yazmağımı tapşırmağa, mənə ondan hürkməməyi tövsiyə etməyə, cani-dildən sağollaşmağa da vaxt tapdı.
Elə biz maşınla evdən çıxar-çıxmaz Aqil müəllim oğlu ilə toqquşdu. Oğlu maşında oturan qıza qıyğacı bir nəzər salıb, atası ilə hal-xoş elədi. Bir az aralanmışdı ki, Aqil müəllim dözmədi. Oğlunu çağırdı, məni göstərib, “məsələni” izah elədi:
- Bala, mameyin padruqasıdı eee...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9043
avatar

Oxşar yazılar