Bir nisgilin bəstəsi... - HEKAYƏT
07 sentyabr 2011 17:16 (UTC +04:00)

Bir nisgilin bəstəsi... - HEKAYƏT

Sadə, kasıb bir ailənin övladıydı. O qədər kasıbıydılar ki, beş qardaşın çölə-bayıra geyinməyə cəmi bir şalvarı vardı. Səhər kim tez yuxudan dursaydı, şalvarı geyinib məktəbə getmək də onun payına düşərdi. Və bu mübarizədə daha çox Ələkbər qalib gələrdi... O, elə bütün ömrü boyu mübarizələrdə oldu. Uşaqlığından həyatının son anlarına qədər... Əvvəl kasıblıqla mübarizə apardı, sonra çətinliklər, haqsızlıqlar, ədalətsizliklərlə, sonrasa şöhrəti artdıqca ona paxıllıq edən şəxslərlə. Bəzən qalib gəldi, bəzən ümumiyyətlə mübarizə aparmadı, bəzən də sadəcə susdu - savaşmaq istəmədi, mənasız hesab etdi, ya da şəxsiyyətinə sığışdırmadı, vəssalam. Amma daxilən bütün savaşlardan zəfərlə ayrıldı...

Əslində o, qalib olduğuna qəlbən əmin idi. Əgər belə olmasaydı, yazıb yaratmağa davam etməzdi, ürəyindən keçən musiqiləri elə yerindəcə boğardı. Ancaq o, sınmadı, əyilmədi. Bütün haqsızlıqlara, ədalətsizliklərə baxmayaraq, yenə də xalqı üçün ölməz musiqilər bəstələdi. Mübaliğəsiz, sözün əsl mənasında ölməz. Çünki yarım əsrdən artıq vaxt keçsə də, onun bəstələdiyi mahnılar bu gün də yaşayır, sevilir, ifa olunur və tanınır. Heç bir fəxri adı olmayan, Bəstəkarlar İttifaqına üzv seçilməyən, adi qəbiristanlıqda sadə bir insan kimi torpağa tapşırılan, lakin hər zaman xalqın sevimli bəstəkarı olan Ələkbər Tağıyev kimi.

İşə götürülsün deyə yaşını 2 il artırır

Ələkbər Tağıyev 1924-cü il aprelin 28-də Gəncədə kasıb bir ailədə dünyaya gəlib. Atası Xəlil kişi əkinçi olub. Anası Münəvvər xanım isə ağır seyid idi. Ona görə də oğlunun birinə öz atasının adını qoyur – Əli Əkbər, Ələkbər. Ailədə Ələkbərdən başqa daha dörd qardaş və bir bacı böyüyürdü. Xəlil kişi əkinçilik edib ailəni dolandırmağa çalışsa da, güzəranları heç yaxşı deyildi. Uşaqlar kasıblıq, ehtiyac içində böyüyürdülər. Hətta o qədər kasıbıydılar ki, beş qardaşın çölə-bayıra geyinməyə bircə şalvarı vardı. Elə bu kasıblığa görə də Ələkbər məktəbi bitirən kimi işləmək qərarına gəlir. Onda 16 yaşı heç tamam da deyildi. Amma qarşısında bir problem dururdu. Yaşı az olduğundan müraciət etdiyi yerlərdə işə qəbul olunmurdu. Nəhayət, Ələkbər bir çıxış yolu tapır. İşə götürülsün deyə yaşını 2 il artırır (Məhz bu səbəbdən bəzi yerlərdə Ələkbər Tağıyevin doğum təvəllüdü 1922-ci il göstərilir). Beləliklə, Ələkbər işə düzəlir – məhkəmədə kuryer vəzifəsinə. Bu, Ələkbər Tağıyevin ilk həyat mübarizəsi idi. Kasıblıqla savaşı... Çox keçmir ki, Ələkbər ilk mübarizəsində qələbə qazanmağa başlayır. Tədricən işində irəliləyiş olur. Kargüzarlıqdan katibliyə qədər yüksəlir. Məhkəmədə işləyə-işləyə Ümumittifaq Qiyabi Hüquq İnstitutunda təhsil alır. Oranı bitirdikdən sonra müstəntiq kimi ilk təyinatı Göyçaya verilir. 36 ildən çox prokurorluq orqanlarında işləyir. İşinin peşəkarına çevrilir. Hüquqşünas kimi çox təcrübəli, istintaqı yaxşı bilən biri kimi ad qazanır. Hətta on illərlə açılmayan cinayət işlərinin istintaqı belə ona həvalə olunur... Ömrünün sonlarına bir neçə il qalmış isə öz istəyi ilə bu sahədən ayrılır.

Fal düz çıxır...

Ələkbər Tağıyev karyerasında nailiyyətlər qazansa da, ailədə faciə ilə üzləşir. Oğlu Akif kiçik yaşlarında dünyasını dəyişir. Əslində o, ailə quranda hələ çox gənc idi. 18 yaşı olar, ya olmazdı. Elə Gəncədə, qonşuluqda Almaz adlı gözəl bir qıza aşiq olmuşdu. Onunla ailə qurmaq istəyirdi. Ancaq kasıblıq qarşısına bir sədd çəkmişdi. Toy çaldırmağa imkanı yox idi. Bir də başqa problem vardı – Almaz xanımın anası erməni idi. Ona görə Münəvvər xanım bu izdivaca o qədər də razı deyildi. Ancaq heç nəyə baxmayaraq, Ələkbər çox sevdiyi Almaz xanımdan üz döndərmir və onu qaçırmaq qərarına gəlir.
Qatı dindar olan Münəvvər xanımın istəyi ilə Almaz xanım müsəlmanlığı qəbul edir və evin gəlini olur. Ailə qurduqları ilk illərdə ehtiyac yenə onlardan əl çəkmir. Almaz xanım xatırlayardı ki, qışda üstlərinə örtmək üçün yorğanları da yox imiş, bircə şinelləri vardı, onunla da qışı birtəhər yola verirdilər. Ələkbər Tağıyevin üç uşağı olmuşdu – Akif, Zemfira və Namiq. 7-8 yaşında Akif astma xəstəliyinə tutulur. Nə qədər çalışsalar da, uşağı xilas etmək mümkün olmur. Bu itki Ələkbər Tağıyevə çox pis təsir edir. Böyük stress keçirir, depressiyaya düşür. Almazdan Akifi istəyir, Akifin həsrətilə yaşayır. Akif adı verəcəyi ikinci oğlunun yolunu gözləyir. Ancaq bu dəfə qızı anadan olur. Adını Akifə qoyur. Sonradan daha bir qızı da dünyaya gəlir. Ona da Arifə adını verir. Sonra üçüncü qızı da dünyaya göz açır. Bədbəxtlikdən, uşağa ad qoymamış o da haqqın dərgahına qovuşur. Axırda ağır seyid olan anası Münəvvər xanım Ələkbərə məsləhət verir: “Ələkbər, belə olmaz axı. Sən Akifi istəyirsən. Akifi Allah alıb, deməli belə məsləhət imiş. Gəl gedək sənə bir “Quran” açdıraq, görək Allah sənin qismətinə oğul yazıb, ya yox”. Çarəsiz qalan Ələkbər Tağıyev anasının məsləhətinə qulaq asıb “İmamzadə”yə gedir. Adına “Quran” açdırıb falına baxdırır. Orada Ələkbərə deyirlər ki, “sənin Allahdan oğul payın var, narahat olma, oğlun olacaq. Amma adını Xaliq qoymalısan. Özü də uşaq anadan olandan sonra Allahdan sənə vergi veriləcək, sən çox məşhur, varlı adam olacaqsan”.

Çox keçmir ki, “Quran”da oxunan fal çin olur. 1958-ci ilin iyulunda Ələkbər Tağıyev illərdir arzusunda olduğu oğul balasını qucağına alır. Adına Xaliq deyirlər. Uşağın qırxı çıxmamış Ələkbər Tağıyevə sanki bir vəhy gəlir. Göygölü seyr edən zaman gözlənilmədən bir musiqi zümzümə etməyə başlayır. Beləcə, Ələkbər Tağıyevin bəstəkar kimi ilk mahnısı olan “Qonşu qız” yaranır. Həmin mahnını birinci növbədə yaxın dostları Əhməd Bakıxanova və Qənbər Hüseynliyə dinlətdirir, onların müsbət rəyini alır. Və elə o vaxtdan ömrünün sonuna qədər yüzlərlə mahnı bəstələyir...

“Ələkbər ailəsini heç vaxt heç kimə dəyişməzdi”

Əvvəl-əvvəl olduqca böyük çətinliklərlə qarşılaşır. Musiqi savadı olmayan, not bilməyən bəstəkar musiqiləri zümzümə edib yapon maqnitofonlarına yazır, sonradan onları musiqi təhsili alan qızının köməyi ilə nota köçürür. Ancaq az sonra Ələkbər Tağıyev Asəf Zeynallı adına musiqi texnikumuna daxil olur, oranın bəstəkarlıq fakültəsini bitirir. Və çox qısa zaman ərzində Ələkbər Tağıyev bir bəstəkar kimi ad-san qazanmağa başlayır. Mahnıları dildən-dilə dolaşır, hər yerdə ifa olunur, tanınır. Artıq Ələkbər Tağıyev yaxşı pul da qazanmağa başlayır. Yaradıcılığını genişləndirmək üçün Gəncədən Bakıya köçür. Paytaxt Ələkbər Tağıyevin bəstəkar kimi parlamasına daha böyük təkan verir. Burada ilk olaraq Zeynəb Xanlarova ilə işbirliyinə başlayır. 10 ildən çox müddət ərzində bir yerdə fəaliyyət göstərirlər. Zeynəb Xanlarova Ələkbər Tağıyevin mahnılarının ilk ifaçısına çevrilir. Sonradan Nisə Qasımova, Məmmədbağır Bağırzadə, Kəmalə Rəhimli də Ələkbər Tağıyev məktəbinin yetirmələri olurlar. Ələkbər Tağıyevin oğlu Xaliq Tağıyev deyir ki, atası iş birliyində olduğu ifaçıları hərtərəfli inkişaf etdirirdi: “O, müğənnilərlə hər tərəfli məşğul olurdu. Həm musiqi yazır, həm öyrədir, həm sponsorluq edirdi, həm də irəliyə çəkirdi. Bu gün o ifaçıların hamısının fəxri adı var. Düzdür, sonradan bəziləri onun elədiyi yaxşılıqları unutdu. Amma məsələn, Nisə Qasımova atamın ona elədiyi yaxşılıqları heç vaxt unutmur, buna görə ona minnətdaram. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan musiqisinə dueti ilk dəfə mənim atam gətirib - Nisə Qasımova ilə Məmmədbağır Bağırzadə dueti ilə. Ondan sonra Azərbaycan musiqisində duet dəbə düşdü. Bundan başqa, atam uşaq adları ilə nə qədər mahnı yazıb. Həmin mahnılardan sonra Azərbaycan ailələrində uşaqlara o adlar qoyulmağa başladı”.

Tanındıqca, müğənnilərlə işlədikcə onun da haqqında bəzi dedi-qodular deyildi, şayiələr yayıldı, adı müəyyən sənət adamları ilə bir çəkildi. Bütün məşhur yaradıcı insanların həyatında olduğu kimi. Amma bunların heç biri onun ailəsinin xoşbəxtliyinə kölgə salmadı. Çünki nə olursa-olsun, Ələkbər Tağıyev üçün birinci sırada ailəsi dururdu: “Atam özü də həmişə deyirdi ki, “mənim Ələkbər olmağımda Almazın böyük rolu olub”. Ələkbərin kaprizlərinə hər qadın dözə bilməzdi. Özü də o, çox yaraşıqlı, boylu-buxunlu kişi idi. Əksər qadınların onda gözü vardı. Amma anam onu qısqanmırdı. Anamın böyüklüyü də elə bunda idi. Deyirdi “onun beş uşağı məndəndi, mən onu niyə qısqanım?” Anam atama çox bağlı idi, onu çox istəyirdi. Bilirdi ki, Ələkbər ailəsini heç vaxt heç kimə dəyişməz. Hara da getsə, nə eləsə də, yenə də axır ünvan öz evi, öz ocağı idi. Atam da anamı sevirdi, əlbəttə. O, həm sevirdi, həm də sevilirdi. Əgər sevməsəydi, sevməyi bacarmasaydı, xalqına, torpağına, Azərbaycana bağlı olmasaydı, belə mahnılar yaza bilməzdi. Atam həmişə deyirdi ki, “səhvsiz insan yoxdu. Amma elə səhv edin ki, o bağışlansın. Elə olmasın ki, siz sonra o səhvə görə peşman olasız”. Təbii ki, onun da səhvləri olub. Amma o, həyatda elə bir səhv etməyib ki, bu gün onun oğlu kimi utanım. Onun həyatda beş şərti var idi. Deyirdi, “həyatımı bunlar üzərində qururam – utanma, inanma, aldanma, heyfsilənmə, təəccüblənmə”. Bunlarla Ələkbər öz həyat kredosunu qurmuşdu. Bizim tərbiyəmizdə və həyatda mövqeyimizdə atamızın rolu böyük olub. O, adi adam deyildi. Uzaqgörən idi. Neçə il bundan qabaq dediyi sözlər bu gün öz təsdiqini tapır. Sözün düzün deyən olub, heç kimdən çəkinməyib, kimsənin qabağında başı aşağı olmayıb. Atam çox xeyirxah, insanlara əl tutan adam idi. Əvvəl kasıb olsa da, sonradan varlı biri oldu. Sovet dövründə atama dünyanın hər yerindən çeklər gəlirdi. Biz indiyə kimi onun çörəyini yeyirik, mahnılarının qonorarını alırıq. Atam imkanlı olsa da, yekəxana, şöhrətpərəst adam deyildi. Hamıya əl tuturdu. Uşaqla uşaq, böyüklə böyük, dostla dost kimi olub. Bizim evimiz demək olar ki, açıq qapı idi. Evimizə gələn adam bilirdi ki, burda bir stəkan çay, bir tikə çörək ona ürəklə veriləcək. Onda maska olmayıb heç vaxt. Ölümündən 30 il keçməsinə rəğmən, onun mahnıları yenə dillər əzbəridir. Bu gün Azərbaycan xalqının ən azı üçdə biri onun mahnılarını oxuyursa, artıq bunun özü Ələkbərin qələbəsi və xoşbəxtliyidir”.

Bəstəkarlar İttifaqına üzv seçmədilər...

Amma mahnıları dillər əzbəri olmuş Ələkbər Tağıyevə qarşı çox haqsızlıqlar, ədalətsizliklər oldu. Bəzi musiqi mütəxəssisləri, bəstəkarlar onu laqeyd, soyuq qarşıladılar, hətta ona qarşı açıq hücuma keçdilər. Dedilər ki, Ələkbər Tağıyev öz gəlişi ilə Azərbaycan mahnı janrına primitivlik, yabançı ritmlər gətirdi. Deyindilər ki, mahnının melodiyası altında xalq qol götürüb oynayırsa, bu, mahnı deyil. Sonradan isə onu “həvəskar bəstəkar” adlandırmağa başladılar. Hətta ictimai bir təşkilat olan Bəstəkarlar İttifaqına belə üzv seçmədilər. Ancaq onu sevməyənlərlə yanaşı sevənlər də vardı. Məsələn, Tofiq Quliyev və Maestro Niyazi Ələkbər Tağıyevin mahnılarını bəyənirdilər, hər işində dəstək olurdular. Məhz onların tövsiyəsi ilə Ələkbər Tağıyev 1976-cı ildə SSRİ Musiqi Fondunun üzvü seçilmişdi. İndiyə qədər də Qızıl Fondda 200-dən çox mahnısı saxlanılır və Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçib. Ancaq istedadlı, bacarıqlı və məşhur olduğuna görə onu istəməyənlər, gözü götürməyənləri də çox idi, paxıllığını o qədər çəkirdilər: “Atam ömrü boyu bu cür haqsızlıqlarla çox qarşılaşıb. Bəziləri onu bəstəkar kimi qəbul etmirdilər. Deyirdilər, Ələkbər həvəskar bəstəkardır. Əgər Ələkbər həvəskardırsa, onda bəstəkar kimdi? O qədər konservatoriyanı bitirən adamlar var ki, heç iki mahnı bəstələyə bilməyib. Amma atamın yüzlərlə mahnısı vardı və hamısı da xalq tərəfindən sevilirdi. Çünki bu istedad onda həqiqətən də Allah vergisi idi. Hamı da onun yaxşı mahnılar yazdığını bilirdi. Buna baxmayaraq adi bir ictimai təşkilat olan Bəstəkarlar İttifaqına atamı üzv seçmədilər. Halbuki, o, partiyaçı kimi Bəstəkarlar İttifaqının Partiya Komitəsinin üzvü idi, bəstəkar kimi isə yox. O vaxt Bəstəkarlar İttifaqının sədri Qara Qarayev idi. Hətta bəstəkar Tahir Əkbər özü mənə danışıb ki, atamla Qara Qarayevin 4-5 saatlıq söhbəti olmuşdu. Atam onun yanından çıxıb gedəndən sonra Qara Qarayev deyib ki, bu, nə qədər ağıllı insan imiş... Mən məsələnin kökündə nəyin durduğunu bilmirəm. Sadəcə qiymət qoya bilərəm – gözü götürməzlik, vəssalam. Qəribədir ki, hamı da atamın ora üzv seçilməyini istəyirdi. Özü isə bu işlərə adi baxırdı. Çünki şöhrətpərəst deyildi. Heç vaxt belə şeylərə görə qapı döyməzdi, ağız açmazdı. Atamın iş birliyi qurduğu müğənnilərdən üçü xalq artisti, biri əməkdar artist adına layiq görülüb. Amma özünün heç bir fəxri adı olmayıb. O, sadəcə olaraq Azərbaycan xalqının sevimli bəstəkar oğludur. Bundan böyük ad ola bilərmi?”

“Sən gəlməz oldun” həmin gəlinə ithaf olunub

X. Tağıyev xatırlayır ki, atası hər gün səhər saat 5-də yuxudan oyanır, bir neçə melodiya yazır, nahar edəndən sonra isə onların üzərində çalışmağa başlayırdı. Amma bu mahnıların heç də hamısı onun öz adı ilə Bədii Şuradan keçmirdi: “O vaxtlar atam Bədii Şuraya 5-10 mahnı birdən gətirib verirdi. Hamı da məəttəl qalırdı ki, bir adam bu qədər mahnı bəstələyə bilər?! Ona görə də mahnılarından bir-ikisi Bədii Şuradan keçirdisə, çoxu kənarda qalırdı. O da həmin mahnıları “xalq mahnısı” adı ilə şuradan keçirirdi. Məsələn, “Araxçının məndədi, ceyran”, “Endim bulaq başına”, “Sənsən” və s. Deyirdi, “mən bu mahnıları yazmışam ki, xalq eşitsin. Qoy mənim adım getməsin, eybi yox, amma axır-əvvəl haqq öz yerini tapacaq”. Bu günün özündə də Ələkbər Tağıyevin mahnılarının çoxu xalq mahnısı adı ilə səslənir. Amma Ələkbər Tağıyevin mahnıları illərdir unudulmur. Nəinki Azərbaycanda, qardaş Türkiyədə və digər ölkələrdə də sevilir, ifa olunur. Onun son illər daha çox səslənən mahnılarından biri “Sən gəlməz oldun” mahnısıdır. Bu mahnı Fransada dünyanın 40 ən yaxşı mahnısından biri seçildi. “Sən gəlməz oldun” əmim oğlunun həyat yoldaşına həsr olunub. Atamın qardaşı oğlunun həyat yoldaşı Sevda çox gözəl xanım idi. Uşağı olandan sonra gənc yaşda xərçəng xəstəliyinə düçar oldu. Övladının heç bir yaşı olmamış dünyasını dəyişdi. Atam həmin dəfndə iştirak etmişdi. Bu hadisə, yas mərasimi ona elə təsir edir ki, evə gələn kimi bu mahnını bəstələyir. “Sən gəlməz oldun” həmin gəlinə ithaf olunub”.

“57 yaşında dünyasını dəyişməsi elə-belə olmayıb”

Oğlu Ələkbər Tağıyevin mahnılarının anonim adı ilə ifa olunması məsələsinə də aydınlıq gətirərək deyir ki, Türkiyənin “Taksim Edityon” şirkəti ilə 25 illik müqavilə bağlayıb: “Türkiyədə atamın neçə mahnısı anonim adı ilə gedirdi. Mən 3-4 il orada məhkəmə çəkişməsində oldum. Nəhayət, məhkəmədə sübut etdim ki, atamın 20-dən çox mahnısının müəllifi elə o özüdür. O zaman məhkəmə bir neçə şirkəti cəzalandırdı. Və bu gün Türkiyədə tək Ələkbərin yox, Azərbaycan mahnılarının çoxu artıq anonim adı ilə verilmir. İndi mən “Taksim Edityon” şirkəti ilə 25 illik müqavilə bağlamışam. Kim Ələkbər Tağıyevin mahnısına müraciət edirsə, həmin şirkət vasitəsilə razılıq alır, qonorarını keçirir və oxuyur. Mən Türkiyədə mübarizə aparıb qalib gəldim, amma doğma Azərbaycanımda öz haqqımı qoruya bilmirəm. Elə ifaçılar var ki, mahnını oxuya bilmir heç. Belə şeyləri görəndə ümumiyyətlə atamın mahnılarına qadağa qoymaq fikrinə düşürəm. İstəyirəm atam necə yazıbsa, elə də oxunsun. Elə müğənnilər də var ki, istəyirəm ümumiyyətlə o mahnıları oxumasınlar. Bəziləri isə atamın melodiyalarını oğurlayıb öz yazdıqlarına yamaq edirlər. O qədər elə mahnı ortaya çıxarmışam. Axı niyə belə edirlər, o kişinin antikvar əsərlərinə toxunurlar? Hələ oğlu sağdı, belə edirlər, bəs sabah mən olmayanda neyləyəcəklər? Bu, Ələkbər Tağıyevin zəhmətidir. Onu heç kim puç edə bilməz. Onun yüzlərlə melodiyası var ki, hələ heç kim eşitməyib. Atam rəhmətə gedəndən sonra bacımla bir neçə mahnısını üzə çıxardıq. Amma çox çətin işdi. Onları atam yazdığı kimi ortaya çıxarmaq lazımdı. Bir tərəfdən də kiməsə verməyə qorxuram. Narahatam ki, kimsə öz adına çıxarar, sonra necə sübut edərəm ki, bu, Ələkbər Tağıyevin mahnısıdır? Bu gün mənə də çətindir əlbəttə. Məsələn, Türkiyəyə dəvət edirlər ki, gəl burda Ələkbər Tağıyevi məşhur edək. Bəs vətən, atamın torpağı? Hansısa məmurlara görə mən vətəni tərk edim? Amma artıq məcbur edirlər. Adamı ölüsünə də belə qısqanarlar? Atamın Gəncədəki evi sökülüb, oradakı barelyefi də götürülüb. Budur sənətə, sənətkara qoyulan qiymət? Onun adını yaşatmaq əvəzinə bunun əksini edirlər. Bu gün Ələkbər Tağıyevin adına nə bir küçə, nə də bir musiqi məktəbi var. Halbuki elə bir məclis yoxdu ki, orda atamın bir neçə mahnısı oxunmasın. Bunu xalq istəyir də, biz məcbur etmirik ki. Elə bir müğənni yoxdu ki, onun mahnısına müraciət etməsin. Mən açıq deyirəm, Ələkbər Tağıyevə qarşı çox böyük haqsızlıqlar olub. Ona çox yerdən zərbələr endirilib. Bunların çoxuna mərhum Heydər Əliyev son qoydu. Çünki o, atama qayğı ilə yanaşırdı. Deyirdi, hansı bölgəyə gedirəmsə, məni duz-çörək və Ələkbər Tağıyevin mahnısı ilə qarşılayırlar. Atam da minnətdarlığını ona həsr etdiyi bir neçə mahnı ilə bildirdi. Yenə deyirəm, məhz Heydər Əliyev sayəsində atam böyük problemlərdən qurtuldu. Hər halda Ələkbər Tağıyevin 57 yaşında dünyasını dəyişməsi elə-belə olmayıb”.

Musiqini, mahnı bəstələməyi çox sevirdi Ələkbər Tağıyev. Bir də gül-çiçəyi... Hər gün bağdan məxsusi olaraq onun üçün tər qızılgüllər gətirilirdi. O güllər daim masasının üstünü bəzəyirdi. Bağbanları olsa da, gülləri mütləq özü əkirdi. Bu gün də bağa getməliydi. Təzə gül şitilləri əkmək üçün. Amma özünü pis hiss edir. Nə qədər təkid etsələr də, bu işi növbəti dəfəyə saxlamaq istəmir. Deyir “bu gül-çiçəyin nə ömrü var ki, bir gününü də mən azaldım”. Ancaq halı getdikcə pisləşir. Nə qədər çox istəsə də, bağa gedə bilmir. Qəfil ürəyi sancmağa başlayır. Böyük oğlu Namiqdən başqa hamının otaqdan çıxmasını istəyir. Oğluna vəsiyyətini edəndən sonra ona da otağı tərk etməyi və 5 dəqiqədən sonra içəri daxil olmağı tapşırır. “Kəlmeyi-şəhadət”ini deyir və... Artıq 5 dəqiqədən sonra Ələkbər Tağıyevin ruhu cismini tərk etmişdi. Gülüşü isə onda da üzündən əskik olmamışdı. Həmin an bəstəkarın masasının üstündəki sevimli tər qızılgülləri solmuşdu. Pəncərəyə isə yağış damlaları çiləyirdi...

Ələkbər Tağıyev doğum gününə 12 gün qalmış, 1981-ci il aprelin 16-da dünyasını dəyişir. Və Maştağada “Seyidlər” qəbiristanlığında torpağa tapşırılır. Sağlığında özünə ayırdığı yerdə. Başdaşına isə Hafiz Baxışın sözlərinə bəstələdiyi “Mənim dünyam” mahnısından bir parça yazılır: “Mən də sənə bir qonağam, mənim dünyam, mənim dünyam...”

Xəyalə MURADLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2806

Oxşar yazılar