Azərbaycanın səssiz sərkərdələri:  Tarixi fakt, yoxsa gizlədilmiş həqiqət?
24 noyabr 2025 11:13 (UTC +04:00)

Azərbaycanın səssiz sərkərdələri: Tarixi fakt, yoxsa gizlədilmiş həqiqət?

0

Bu fikirlərimi bəziləri birmənalı qəbul etməyə bilər. Olsun, hər halda, mənim kimi fikirləşənlər də vardır.

Bizim tarixdə qılıncı kişilər qaldırıb, dövlətləri qadınlar qoruyub!

Tarix kitablarını vərəqləyəndə gözümüzə ilk dəyənlər bunlardır: “Şah”, “Sultan”, “Hökmdar”, “Sərkərdə”. Amma gəlin səmimi olaq: bu kişilər çox vaxt işin “üzü” idilər. Dövlətin arxa otaqlarında isə başqa bir qüvvə çalışırdı – “Azərbaycanın səssiz sərkərdələri”, yəni saray qadınları.

İstəsəniz buna “qadınların yumşaq gücü” deyin, istəsəniz “saray diplomatiyasının görünməz əli”. Adı nə olur-olsun – fakt budur: Azərbaycanın böyük dövlətlərinin böyük qərarlarında qadınların izi var. Həm də o qədər güclü ki, bəzi Avropa səyyahları açıq yazırdılar: “Onlar istəsəydi, şahı da devirdərdilər”.

Möminə Xatun – dövlət ideologiyasının ana fiquru

Atabəylər dövlətinin memarlıq simvolu olan Möminə Xatun türbəsi təkcə memarlıq incisi deyil, həm də siyasi simvol idi. Eldənizlər dövlətinin legitimlik xəttində Möminə Xatunun xüsusi yeri vardı – elə buna görə memar Əcəmi Naxçıvani onun türbəsini “dövlətin imzası”na çevirdi.

Canbəyim Xatun – Qaraqoyunlu dövlətinin “gizli başçısı”

Cahanşahın həyat yoldaşı Canbəyim Xatun həm daxili, həm də xarici siyasətdə böyük rol oynayıb. Tayfalararası barışdırıcı, siyasi balans yaradan figur kimi tarixdə qalır. Bir sözlə: dövlət mətbəxinin “görünməyən baş aşpazı”.

Sara Xatun – diplomatiyanın ana obrazı

Ağqoyunlu dövlətinin ən parlaq fiqurlarından biri… amma bu dəfə də kişi yox, bir qadın — Sara Xatun. Uzun Həsənin anası, dövlətin ən güclü diplomatı. Avropa elçilərindən tutmuş Osmanlı sultanlarına qədər hamı onunla hesablaşırdı.

Fatih Sultan Mehmed ona “ana” deyirdi, Sara Xatun da sultana “oğul”.

Taclı Bəyim – qılınc, qərar və… əsirlik qalmaqalı

Taclı Bəyim (Şah İsmayıl Xətainin xanımı) sadəcə birinci xanım deyildi. Qızılbaş tayfalarının balansı, dövlət adamlarının taleyi və hətta döyüş strategiyaları onun təsirindən yan keçmirdi. Elə Budaq Münşi Qəzvininin yazdığı məşhur hadisə: Əmir xan Mosullu böyük bir səhv edir, Şah İsmayıl onu edam etmək istəyir – Taclı Bəyim araya girir və kişinin canını qurtarır.

Çaldıran döyüşündə şəxsən iştirak etməsi isə ayrıca filmlik mövzudur. Əsir düşüb-düşməməsi barədə Osmanlı və Səfəvi salnamələri illərdir mübahisə edir. Bəziləri “düşdü” deyir, bəziləri “yox, heç vaxt”. Türkiyəli tarixçilər isə deyir ki, heç düşməyib, Xoyda gizlənib, sonra Təbrizə keçib. Bu xanımın həyatı gözəl bir tarixi serial filmidir məncə...

Səfəvilər dövründə "Bacılar" adlı təşkilatın mövcudluğuna nə deyək? Təşkilatın üzvləri döyüşçü ruhlu qadınlar olurdu. Seçilmiş qadınlara at çatmaq, ox atmaq, qılınc oynatmaq öyrədilir. Cəsarəti və qəhrəmanlığı ilə fərqlənən Taclı Bəyim bu təşkilatın üzvü olub.

Parixan xanım – dövlət idarə edən şahzadə

Şah I Təhmasibin qızı Parixan xanım sarayın ən güclü beyinlərindən idi. İsgəndər bəy Münşi onun haqqında açıq yazır: “Ağlı və biliyi ilə hamıdan üstün idi”. Hətta Təbriz əhalisinin narazılığına görə atasına vergi yüngülləşdirilməsini məsləhət verəcək qədər də cəsarətli idi.

Atası ölən kimi Səfəvi dövləti böyük bir karuselə döndü – tayfalar, saray intriqaları, qiyamlar… Amma bu fırtınanın ortasında dövləti ayaqda saxlayan məhz Parixan xanım idi. Bir neçə il real hakimiyyət onun əlində oldu. Qızılbaş əmirləri səhərlər əvvəlcə onun məclisinə gəlirdi – yəni sarayın qeyri-rəsmi “baş naziri” idi.

Xeyr-ün-Nisa Bəyim – Məhdü-Ülya titulunun sahibi

Şah Məhəmməd Xudabəndənin həyat yoldaşı, I Şah Abbasın anası Xeyr-ün-Nisa Bəyim də elə bir dövrə damğa vurub ki, tarixçilər onu bəzən “Səfəvi naibəsi” adlandırırlar. Fərmanlar onun adı ilə verilirdi, xarici elçilər əvvəlcə ona təqdim olunurdu.

Məsələ nə idi? Qısaca: Onun çox güclü olması. Qızılbaş ağaları bunu həzm edə bilmədi və Məhdü-Ülya ağır şəkildə aradan götürüldü. Bu hadisə göstərir ki, qadın nüfuzu nə qədər yüksəlibsə, bir o qədər də qorxudub.

Ayrı-ayrı dövlətlərimizin taleyində mühüm rol oynayan, görünməz əllərlə siyasi hakimiyyətə təsir edən bilən və strateji qərarları ilə tarixi dəyişdirən belə xanımlarımız çox olub tarixdə. 

Mən sadəcə siyahını uzatmaq fikrində deyiləm...

Bəs, bu nə deməkdir?

Azərbaycan dövlətçilik tarixinə baxanda qəribə, eyni zamanda qürurverici bir mənzərə çıxır:

Atabəylər – Möminə Xatun

Qaraqoyunlu – Canbəyim Xatun

Ağqoyunlu – Sara Xatun

Səfəvilər – Taclı Bəyim, Parixan Xanım, Xeyr-ün-Nisa Bəyim

Beləliklə, nəticə budur ki, tariximizdə kişilərin adətən səhnədə olduğunu deyə bilərik. Lakin qadınlar hər zaman rejissor kreslosunda oturublar.

Hökmdarların qılıncı görünürdü, qadınların qərarı isə yox. Amma dövlətin taleyini çox vaxt həmin görünməyən qərar dəyişirdi.

Bu qadınlar formal titul olmayan, amma real hakimiyyət daşıyan fiqurlar idi. Onların diplomatiyası, çevikliyi, yumşaqlığı, bəzən də sərtliyi sayəsində Azərbaycan tarixinin taleyüklü dönəmləri aşılırdı.

Düzdür, adlarını çox adam bilmir. Çünki tarix kitabları uzun illər onların rolunu “hərəm həyatı” və ya “ailə hadisəsi” kimi təqdim etdi.

Amma gəlin real danışaq: Bu torpaqlarda dövlətlərin yarısını kişilər qurdu, yarısını isə qadınlar idarə elədi.

Və bəlkə də buna görə Azərbaycan tarixində dövlətlər dağılsa da dövlətçilik dağılmadı. Çünki hər dəfə bir qadın səssizcə əlini uzadıb bu tarazlığı tutdu.

Sözügedən mövzu üzrə bitmədi sözüm, amma davam da etməyəcəyəm.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 144

Oxşar yazılar