Atəşkəsin pərdə arxasındakı OYUN QURANLAR  - İran geri addım atdı?
08 aprel 2026 16:00 (UTC +04:00)

Atəşkəsin pərdə arxasındakı OYUN QURANLAR - İran geri addım atdı?

0

Yaxın Şərqdəki müharibədə artan gərginlik nəhayət ki, ABŞ və İran arasında kritik bir mərhələyə çatdı.

Lent.az-ın əməkdaşı bu yazıda xarici mənbələrə, kəşfiyyat orqanlarında mediaya sızan məlumatla əsasən üzdə görünənlər yox, pərdəarxasında aparılan diplomatik danışıqlar barədə söhbət açacaq.

Belə məlum olur ki, bu gizli danışıqlar, böyük fəlakətin qarşısını hələlik alıb, lakin İranın Ali rəhbəri Müctəba Xameneinin susqunluğu və müəmmalı göstərişləri suallar doğurur.

Atəşkəsi kim təmin etdi?

İran Araşdırmaları Mərkəzinindən mediaya verilən məlumata görə, Yaxın Şərqdə günlərdir artan gərginlik ABŞ prezidenti Donald Trampın sərt ultimatumları və İrana qarşı açıq təhdidlər nəhayət ki, kimlərisə oyada bilib. İran müəyyən mənada geri atmağa məcbur qalıb. Son günlərdə pik həddə çatan gərginlik ya, böyük fəlakətlə, ya da tərəflərdən birinin güzəştə getməsi ilə nəticələnə bilərdi. Fəlakətin reallığını gördükdən sonra pərdəarxasında aparılan intensiv diplomatik fəaliyyət daha da intensivləşdi. Adları mediaya məlum olmayan yüksək rütbəli şəxsləri atəşkəs əldə edərək hələlik regionu böyük müharibədən uzaqlaşdırıb. ABŞ, İsrail və regional aktorların iştirak etdiyi mürəkkəb prosesdə İranın ən yüksək qərar mexanizmindən gələn kritik göstəriş balansı kökündən dəyişib.

OYUNU DƏYİŞƏN QƏRAR

Axios-da yayımlanan xəbərə görə, prosesə birbaşa bələd olan çoxsaylı mənbələr bildirir ki, İran lideri Müctəba Xamenei müharibə başlayandan bəri ilk dəfə danışıqlar heyətinə razılaşma əldə olunması istiqamətində açıq göstəriş verib. Bu inkişaf həm Vaşinqtonda, həm də Təl-Əvivdə “oyun dəyişdirən” addım kimi qiymətləndirilib.

Böhranın ən kritik anı Trampın açıq şəkildə İranı “tam məhv” ilə hədələdiyi gün yaşanıb. Eyni saatlarda ABŞ rəhbərliyi daxilində və hərbi qüvvələr arasında ciddi qeyri-müəyyənlik hökm sürürdü.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və Pentaqondakı yüksək vəzifəli şəxslər İran infrastrukturuna qarşı genişmiqyaslı bombardman ehtimalına hazırlaşarkən, Ağ Evdən gələcək son göstərişi gözləyirdilər. Axios-da adı açıqlanmayan bir müdafiə rəsmisi həmin anı belə təsvir edib: “Nə olacağını bilmirdik. Hər şey gözlənilirdi.”

Regionda yerləşən ABŞ qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilmiş, Vaşinqtonun müttəfiqləri isə İrandan gələcək “görünməmiş” cavab zərbələrinə qarşı müdafiə planlarını işə salmışdı. İran daxilində isə mülki əhalinin bir hissəsi mümkün hava hücumlarından qaçmaq üçün böyük şəhərləri tərk etməyə başlamışdı.

PƏRDƏARXASINDA XAOTİK DİPLOMATİYA

Böhranın ictimaiyyətə görünən sərt tərəfinin əksinə, pərdəarxasında olduqca intensiv və bəzən “xaotik” kimi xarakterizə olunan diplomatik proses gedirdi. Tramp Ağ Evdə tədbirdə çıxış edərkən, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff arxa planda kritik telefon danışıqları aparırdı. Prosesə yaxın mənbənin sözlərinə görə, Vitkoff İranın təqdim etdiyi 10 maddəlik təklifə qarşı çox sərt cavab verib: “Bu, fəlakətdir.”

Bu qiymətləndirmə danışıqların istiqamətinin qəfil dəyişməsinə səbəb olub. Pakistanlı vasitəçilər Vitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında yeni təkliflər ötürür, Misir və Türkiyə xarici işlər nazirləri isə tərəflər arasındakı fikir ayrılıqlarını aradan qaldırmağa çalışırdı. Diplomatik mənbələr həmin günü “saatlar ərzində davamlı dəyişən və idarə olunması çətin proses” kimi təsvir edib.

ATƏŞKƏSİN ƏSASI: XAMENEİNİN KRİTİK GÖSTƏRİŞİ

Nəticədə iki həftəlik müvəqqəti atəşkəs planı üzrə ABŞ tərəfinin razılığı alınıb. Lakin razılaşmanın həyata keçməsi üçün son qərar Tehrandan gəlməli idi. Məhz bu mərhələdə Müctəba Xameneinin prosesə müdaxilə etdiyi iddia olunur. Sui-qəsd təhlükəsi səbəbilə ciddi təhlükəsizlik tədbirləri altında hərəkət etdiyi bildirilən Xameneinin əlaqəni əsasən vasitəçilər vasitəsilə qurduğu qeyd olunur. Bu isə qərarvermə prosesini həm ləngidib, həm də daha gizli edib. Axios-a danışan iki ayrı mənbə Xameneinin razılıq verməsini belə qiymətləndirib: “Bu, həqiqətən də tarixi dönüş idi.”

Regional mənbələrə görə, Abbas Əraqçi təkcə danışıqları aparmayıb, eyni zamanda İran daxilində sərt mövqeli qüvvələri də razılaşmaya inandırmaqda mühüm rol oynayıb. Bundan əlavə, Çinin də Tehrana “çıxış yolu tapmaq” üçün təzyiq göstərdiyi iddialar arasında yer alır.

Beləliklə, İran geri addım atmasaydı region böyük bir fəlakətə şahid olacaqdı. Çünki bu dəfə Tramp çox qərarlı görünürdü.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 430

Oxşar yazılar