Rəngli qarğıdalılar
23 yanvar 2025 22:02 (UTC +04:00)

Rəngli qarğıdalılar

Türkiyənin Aksaray şəhərinin İncəsu kəndində əkinçiliklə məşğul olan Halis Katmanın yetişdirdiyi rəngli qarğıdalılar görənləri təəccübləndirib. Katman həyat yoldaşının dəstəyi ilə  əvvəlcə özünün 500 kvadratmetrlik bağında həmin qarğıdalılardan yetişdirməyi qərara alıb. 

Əkinçinin söylədiyinə görə o, rəngli qarğıdalını ilk dəfə 2016-cı ildə Amerika televiziyasında gedən bir sənədli filmdə görübmüş. Bundan sonra ABŞ-dakı istehsalçılarla əlaqə saxlayan Katman Oklahoma ştatından gətirtdiyi toxumları şəxsi bağında əkməyə başlayıb.

Rəngli qarğıdalıların ilk məhsulunu yığan Katman belə söyləyib: “Qarğıdalını həmişə sarı rəngdə görən dostlarım mavi, çəhrayı, qırmızı, narıncı rənglərdə yetişdirdiyim məhsulu görəndə əvvəlcə bunun gerçək olduğuna inanmadılar. Öz əlləri ilə dənələyib ovuclarına götürdükdən sonra əmin oldular ki, mən həqiqətən, möcüzə yetişdirmişəm”.

Katman yerli televiziyaya verdiyi açıqlamasında ailəsinin dolanışığının əkinçilik və heyvandarlıqdan çıxdığını deyib. Şəxsi təsərrüfatını inkişaf etdirmək üçün televiziyada fermer proqramlarına baxdığını və sosial medianı izlədiyini bildirən Katman söhbətinə belə davam edib:

“Televiziyada rəngli qarğıdalı yetişdirən bir qızıldərili Amerika ailəsi haqqında sənədli filmə baxmışdım. Onlar Aztek və İnk sivilizasiyasından qalma rəngli qarğıdalılar yetişdirirdilər. Qızıldərili ailənin yetişdirdiyi rəngli qarğıdalılar məni heyran etdi. Tezliklə o qarğıdalılardan yetişdirməyi qərara aldım. Bu möcüzəli bitkidən necə əldə edə biləcəyimlə bağlı araşdırma apardım. Ümumiyyətlə, mənim rəngli məhsullara həmişə marağım olub. Çoxdandır rəngli yumurta qoyan toyuqlar da saxlayıram. Tezliklə ABŞ-ın Oklahoma ştatında bir prodüserlə əlaqə saxladım və onun vasitəsilə toxum gətirdə bildim”. 

İncəsulu Katman qarğıdalı toxumlarını xüsusi analiz üçün Təsərrüfat Nazirliyinə göndərib. Analiz cavabında bitkinin tamamilə təbii olduğu, geninə heç bir müdaxilə edilmədiyi bildirilib. Maraqlıdır, yaşı min illəri ötüb keçən bu hindu bitkisinin necə əmələ gəlməsi indiyə qədər də sirr olaraq qalır. 

Əkinçinin söylədiyinə görə rəngli qarğıdalı istehsal edəcəyini deyəndə bəzi dostları onun sözlərinə gülübmüş. “Onlar deyirdilər, belə şeylərə inanma, ekranda göstərilənlər boya ilə düzəldilmiş yalançı qarğıdalılardı. Lakin mən ürəyimin dərinliyində əmin idim ki, o qarğıdalılar həqiqətən var və mən bir gün öz bağımda onlardan əkib becərəcəm. Budur, artıq mən  məhsulumu toplayıram” – deyə, Katman bildirib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 735
avatar

Murad Köhnəqala

Oxşar yazılar