Pəncərəyə qəfil çırpılan və ya döyən quş hər kəsin diqqətini çəkən hadisələrdən biridir. Qədim dövrlərdən bəri insanlar bunu xüsusi əlamət hesab edib və müxtəlif cür yozublar. Bəziləri bunun xoş xəbərlərin müjdəçisi olduğuna, digərləri isə həyatdakı dəyişikliklərdən xəbər verdiyinə inanıb.
Lent.az bu inacla bağlı maraqlı faktları təqdim edir:
Bu inanc necə yaranıb?
Qədim insanlar təbiətdə baş verən qeyri-adi hadisələri müşahidə edərək onlara məna verməyə çalışırdılar. Quşlar isə xalq inanclarında xüsusi yer tuturdu. Onlar insanların dünyası ilə ruhlar aləmi arasında vasitəçi hesab edilirdi. Məhz buna görə də evə yaxınlaşan və ya pəncərəyə qonan quş müxtəlif bölgələrdə fərqli şəkildə yozulurdu. Bəzi inanclara görə, bu, mühüm xəbərin gələcəyinə işarə idi. Digərləri isə bunu ailənin həyatında baş verəcək dəyişikliklərin xəbərçisi hesab edirdi.
Hansı quş nəyi simvolizə edir?
Qaranquş
Xalq inanclarında qaranquş xoşbəxtliyin, ailə səadətinin və uğurlu dəyişikliklərin rəmzi sayılır. Pəncərəyə gəlməsi yaxın zamanda sevindirici xəbərlər alınacağı kimi yozulurdu.
Göyərçin
Göyərçin qədimdən bəri sülhün, bərəkətin və mənəvi qorunmanın simvolu hesab olunur. Onun pəncərəyə qonması bərəkət, əmin-amanlıq və ya uzaqda yaşayan yaxınlardan xəbər gələcəyi ilə əlaqələndirilirdi.
Sinitsa
Sinitsa xalq inanclarında sevinc və uğur gətirən quş hesab edilir. Onun pəncərəyə gəlməsi gözlənilməz xoş hadisələrin və ya işlərdə uğurun əlaməti kimi qəbul olunurdu. Qeyd etmək lazımdır ki, bu inanclar yüz illər əvvəl, insanların heyvanların davranışı haqqında elmi biliklərə malik olmadığı dövrdə yaranıb.
Quşun pəncərəyə qonması ilə şüşəyə çırpılması eyni deyil
Xalq arasında quşun davranışına görə də müxtəlif yozumlar mövcuddur. Əgər quş sadəcə pəncərəyə qonur və ya içəri baxırsa, bu, adətən qonaq gələcəyinə, xəbər alınacağına və ya ailədə müəyyən dəyişikliklərin olacağına işarə kimi qəbul edilir.
Bu cür yozumlar daha çox müsbət xarakter daşıyır. Əgər quş dəfələrlə dimdiyi ilə şüşəni döyür və ya pəncərəyə çırpılırsa, qədim inanclara görə, bu, bölgədən və quşun növündən asılı olaraq müxtəlif mənalar daşıyırdı.
Bəzi yerlərdə bu, uzaqdan gələcək xəbər və ya gözlənilməz qonaqla əlaqələndirilirdi. Digər inanclarda isə insanın həyatında ciddi dəyişikliklərin yaxınlaşdığı düşünülürdü.
Quşlar əslində niyə pəncərəyə çırpılır?
Ornitoloqlar bunun tamamilə elmi izahının olduğunu bildirirlər. Ən əsas səbəb quşların şüşəni maneə kimi görməməsidir. Pəncərədə əks olunan səma, ağaclar və buludlar onlarda açıq məkan təəssüratı yaradır və nəticədə quş şüşəyə çırpılır. Bu hallar xüsusilə yaz və yay aylarında daha çox müşahidə olunur.
Yuvalama mövsümündə erkək quşlar ərazilərini qorumağa çalışırlar. Şüşədə öz əkslərini gördükdə isə bunu rəqib hesab edərək pəncərəyə hücum edə bilirlər. Bundan başqa, yeni uçmağı öyrənən cavan quşlar məsafəni düzgün qiymətləndirə bilmədikləri üçün təsadüfən pəncərəyə dəyə bilirlər.
Quşları evdəki yaşıl bitkilər, parlaq işıq və ya pəncərə yaxınlığındakı yem qabları da cəlb edə bilər. Bu hallarda pəncərəyə çırpılma onların təbii davranışının nəticəsidir və hər hansı mistik məna daşımır.
Bunu əlamət kimi qəbul etmək lazımdırmı?
Mütəxəssislər bildirirlər ki, quşun pəncərəyə gəlməsinin gələcəyi xəbər verdiyini təsdiqləyən heç bir elmi sübut yoxdur. İnsanlar adətən hansısa hadisənin inanca uyğun gəldiyi halları xatırlayır, lakin bundan sonra heç nə baş verməyən onlarla hadisəni unudurlar.
Psixoloqların fikrincə, insanlar ətrafda baş verən təsadüfi hadisələr arasında əlaqə axtarmağa meyillidirlər. Elə buna görə də yüzilliklər əvvəl yaranmış bu cür inanclar bu gün də yaşayır.