LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 31-Cİ YAZINI TƏQDİM EDİR.
Tarix: 8 fevral 1933
Soyuq bir qış səhərində K-5 tipli təyyarə Bakıdan Tbilisiyə uçmağa hazırlaşır.
Lent.az-ın sovet arxivlərindən əldə etdiyi məlumata görə, təyyarə 7.00-da havaya qalxmalı olsa da, Kürdəmir stansiyası proqnozu yollamadığı üçün uçuş 8-dək gecikdirilir. Radostansiyası olan Tiflis, Gəncə, Yevlax və Hacıqabul stansiyaları məlumatı təqdim etsə də, Kürdəmirdən proqnoz gəlmir. Lakin o vaxtkı normaya görə, 1 stansiya məlumat təqdim etməsə təcrübəli və yolu tanıyan pilotların uçuşuna icazə verilirdi.
Beləcə təyyarə yola düşür və Padar stansiyasında dumanın yaxınlaşdığını görən pilot aşağı enir və dəmiryolu stansiyasının üstündən 30 metr yüksəklikdən keçir. Kürdəmirdə teleqraf dirəkləri yüksəkliyində uçan təyyarənin yalnız səsi eşidilirdi. Qatı duman onu görünməz etmişdi. Müsüslü stansiyasına çatmadan pilot oriyentasiyanı (dəmir yol xətti) itirərək sola hərəkət edir. Göyçayın Yeni Şilyan qəsəbəsinə çatdıqda duman daha da qatılaşır və təyyarə bir neçə metr yüksəklikdə uçmağa davam edir. Lakin qarşısında hündür ağacları görən pilot kəskin qaz verərək yuxarı qalxmaq istəsə də alınmır. Təyyarənin sağ qanadı 2 qoşa çinarın budaqlarını qoparır və özü də qırılıb yerə düşür. Balansı pozularaq havada çevrilən təyyarənin mühərrik hissəsi elə həmin ağacın gövdəsinə çırpılır.
Hadisə nəticəsində pilot, mexanik və 2 sərnişin ölür, 1 sərnişin ağır yaralı halda xəstəxanaya çatdırılır. Toqquşma saat 09.30-da baş verib.