Ukrayna münaqişəsi Kanadanın məşhur yeməyi üçün ciddi problemə çevrilib.
Lent.az-ın Kanada mətbuatına istinadla xəbərinə görə, problemin kökü yeməyin adının Rusiya Prezidentinin adı ilə eyni olmasıdır.
Kanadalıların sevimli “putin”i qızardılmış kartof, sous və pendirlə hazırlanır. Bu yemək demək olar bütün fransızdilli ölkələrdə “fast-food” kimi satılır.
Lakin son günlərdə Ukrayna münaqişəsinə görə, bu qidanı satanlar ciddi təzyiqlə üzləşirlər. Dünyanın hər yerində putin satanlar boykot olunur, təhdid edilir, iş yerlərinə ziyan vurulur. Buna görə də, 1956-cı ildən putin adlanan yeməyin adı dəyişdirilib.
Kanadada bu yemək “kartof-pendir-sous” adı ilə satılır. Belçika və Fransada isə yeni “Volodmir” adı ilə servis edilir. Bizcə, əlavə izaha ehtiyac yoxdur.
PS. Bu xörəyin adında vurğu ikinci hecaya düşür. V.Putindən fərqli olaraq.