Tədqiqatçılar qeyri-adi bir eksperiment apararaq sübut ediblər ki, insanın öz üzünə istər fotoşəkillərdə, videolarda, istərsə də güzgüdə baxması beyin fəaliyyəti baxımından olduqca faydalıdır.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Yaponiya alimləri tərəfindən aparılan araşdırma çərçivəsində insanın özünə baxdığı zaman beyində hansı proseslərin baş verdiyi öyrənilib.
Eksperiment iştirakçılarına onlara çox bənzəyən, lakin əslində yad insanlara məxsus üz şəkilləri göstərilib.
Bu səbəbdən iştirakçılar şəkillərdə özlərinin əks olunduğunu yalnız şüuraltı səviyyədə dərk ediblər. Müqayisə məqsədilə onlara real həyatda heç vaxt rastlaşmadıqları tamamilə yad insanların üzləri də təqdim olunub.
Araşdırmanın nəticələri göstərib ki, insan özünü “tanıdığı” zaman beyində həzz hormonu hesab olunan dopaminin ifrazına cavabdeh olan sahə aktivləşir. Yad üzlərə baxıldıqda isə bu sahənin fəaliyyəti müşahidə olunmayıb.
Tədqiqatın aparıcı müəllifi Çisa Ota bildirib ki, alimlər dopaminin əsas mənbəyi sayılan ventral teqmental sahənin hətta insan öz üzünü şüuraltı şəkildə qavradığı zaman belə, digər insanların üzlərinə baxdığı andan daha aktiv olduğunu müəyyən ediblər.
Qeyd olunur ki, insan başqasına baxdığı zaman beyində əsasən yeni informasiyanın emalı ilə məşğul olan sahələr aktivləşir.