Azərbaycan şou-biznesi: Kim kimdən borc alır? - ARAŞDIRMA
09 iyul 2013 13:10 (UTC +04:00)

Azərbaycan şou-biznesi: Kim kimdən borc alır? - ARAŞDIRMA

Borclu borclunun sağlığını istər, deyiblər. Azərbaycan şou-biznesində də borclu olan məşhurlarımız yetəri qədərdir. Zaman-zaman mətbuatda kimlərinsə onlara, onların da kimlərəsə borclu olduğu barədə xəbərlər dolaşır. Bəzən iş o yerə çatır ki, borclu borcunun ödənməsi üçün məhkəməyə belə gedib çıxır.

 Lent.az elə bu mövzuda araşdırma aparmaq qərarına gəldi. Əslində bunu elə onların özündən soruşduq, öyrəndik: Kimin kimə, hara nə qədər borcu var? Kimlər onlardan borc alır?

 

 

Stilist Samiraldo (Samir Əliyev): “Mən xoşlamıram kimdənsə borca pul alım. Amma 2007-ci ildə özümə ev alanda bankdan pul götürmüşdüm. 57 min manat borcum qalmışdı. Hamısını ödədim. Məndən o qədər məşhurlar borca pul alıb ki? Amma hələ də alacağım var, amma verən yoxdur ki, yoxdur. Adlarını söyləyə bilmərəm. Çünki onlar mənim yaxın dostlarımdır.

 

Manaf Ağayev: “ Mənə çoxunun borcu var. Amma mənim kiməsə borcum yoxdur. Borcu olanlar 7-8 nəfərdir. Onların adını çəkə bilmərəm. Bircə onu deyə bilərəm ki, məndən borc pul alanlar kişilərdir. Eləsi var ki, 1-2 ay, eləsi də var ki, xeyli müddətdir ki,  pul alıb, hələ qaytarmırlar. Mənim də elə vaxtım olub ki, dost-tanışdan pul almışam. Amma tez də qaytarmışam. Borclu qalmağı sevmirəm. Məsələn, hansısa əşyanı alanda, pulum çatmayanda, bir iş adamından pul almışam, sonra qaytarmışam.

 

 

Elza Seyidcahan: “Mən borc almıram. Kiməsə pul lazım olanda, pul istəyəndə, borc kimi vermirəm. Ona bağışlayıram. Çox olub ki, məndən pul istəyiblər, mən vermişəm. Necə deyərlər, sağ əlin verdiyini, sol əl bilməməlidir. Özümün kimdənsə borc almağım yadıma düşmür. Amma axırıncı dəfə toydan beh almışam. O da borc sayılmır”.

 

 

Cəmilə: “Borclu qala bilmirəm. Mən borc verdimsə, tez-tez zəng vurub pulumu istəyirəm. Xasiyyətim belədir. Alman dəqiqliyini sevirəm”.

 

Rəqqasə Fatimə Fataliyeva: “Mənim həyatda bir devizim var. Kiməsə borca pul verib pis olmaqdansa, verməyib pis olaram. O ki qaldı kimdənsə pul almağıma, şou-biznesdə olan insanlardan borca pul almaram. Bir tək rəqqas İlham Kərimlidən başqa. Olub ki, mən ondan pul alım, o məndən pul alsın. Amma bunu heç kəs bilməyib. Alıb, 2-3 günə qaytarmışıq”.

 

 

Nadir Qafarzadə: “Kiməsə pul verib pis olunca, verməyib pis olmaq hamısından yaxşıdır. Mən bu günə qədər bir çoxlarına borca pul vermişəm. Birinə 10 min, o birinə 5 min. Amma geri qaytarılmayıb. Guya dost olublar, məndən ərk edib pul alıblar. Amma pulumu istəyən zaman olmuşam pis oğlan. Adama deyərlər, pulu verəndə yaxşı idim, pulumu geri alanda pis? Mən də neçə vaxtdır özümə söz vermişəm ki, heç kimə pul verməyəcəm. Cibimdə pulum olsa da verməyəcəm. Bu günə qədər pul verib, insanları tanıdım. Artıq bəsdirr. Sizin sayt vasitəsi ilə də məni tanıyan insanlara müraciət edirəm ki, pula görə məni axtarmasınlar. Borca pul vermirəm.

 

Pişik Günel:  “Bank yolu ilə özümə maşın almışam. Hal-hazırda özümün banka  iki aylıq gecikmə ilə borcum var. Çox sağ olsunlar ki, mənə zəng edib narahat etmirlər. Bilirlər ki, verəcəm. Ödəyə bilməsəm, pulum olmasa, maşını satacam. Borcum ola-ola maşın sürmərəm. Amma borc istəməyə şou-biznesdə heç kimə ağız açmaram. Pul üçün mənə müraciət olunsa da, mən özüm onlara ağız açmaram”.

 

Prodüser Tolik (Tarix Əliyev): “Müğənnilərə zamin durub pul almışam. Mənim özümə elə də pul lazım olmur. Pula ehtiyacım olanda yaxın adamlara müraciət edə bilərəm. Onlar şou-biznesdə deyillər. Amma şou aləmindən kiməsə  müraciət etmiş olsam, Murad Dadaşova, Ədalət Şükürova və başqa bir-iki tanıdığım insanlara müraciət edərəm. Hamıya ağız açmaram”.

 

Roza Zərgəli: “Məndən borc pul istəyirlər. Amma vermirəm. Sadəcə pulu istəyən adama hədiyyə edirəm”.

 

Elvin Abdullayev: “Mənim  pula ehtiyacım olsa şou-biznesdən heç kəsdən borca pul almaram. Dostumdan ala bilərəm. İndiyə qədər hələ məndən borca pul alan olmayıb. Axırıncı dəfə sinif yoldaşımdan pul almışdım. Bir həftəyə də o pulu qaytardım”.

 

 

Almaz Ələsgərli: “Mənə borca pul lazım olanda dostlardan almışam. Amma şou əhlindən pul almağı sevmirəm. Amma məndən borca pul alan şou-biznes nümayəndələri olub. Alıb pulu qaytaranı da olub. Qaytarmayan da. Demişəm ki, pulumu qaytar. Deyiblər ki, olanda verəcəm. Məndə heç nə deməmişəm. Hələ də mənə borclu olanlar var”.

 

 

Firuzə İbadova: “Dost-tanışlar məndən borc ala-ala məni bu günə qoydular. Məndən 30, 20, 10 min manat alıblar, amma qaytarmayıblar. Hazırda özümün borcum var. Bilmirəm necə ödəyim. Çox pis vəziyyətdəyəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2898
avatar

Yalçın UĞUR

Oxşar yazılar