Ötən gün Türkiyənin tanınmış müğənnisi Rafet El Romanın “Romantik yay axşamı” adlı Bakı konserti baş tutub.
Lent. az-ın məlumatına görə, “Yaşıl Teatr”da saat 20:00-da başlanacağı gözlənilən konsert bir saat gec başlayıb. Aparıcı Nanə Ağamaliyevanın təqdimatında gerçəkləşən konsertdə türkiyəli müğənni ən sevilən mahnılarını ifa edib.
Azərbaycan tamaşaçısı qarşısında çıxış etməsindən məmnunluq hissini diqqətə çatdıran müğənni daha sonra səhnəyə azərbaycanlı duet ortağı Ezonu dəvət edib.
Ezonun ifasından ağızdolusu danışan müğənni daha sonra birgə “Kalbinə sürgün” adlı duetlərini oxuyublar.
Türkiyəli müğənni dueti təqdim etdikdən sonra səhnəni Ezoya buraxaraq, fasiləyə, geyimini dəyişməyə yollanıb. Azərbaycanlı müğənni də öz növbəsində 2-3 mahnı ifa edərək, yenidən səhnəyə Rafeti çağırıb.
Müğənnin gecə yarısınadək davam edən konserti sonda tamaşaçıların alqışı ilə yekunlaşıb.
Onu da xatırladaq ki, öncədən söylənildiyi kimi gecədə özəl qonaq xalq artisti Aygün Kazımova olmalı idi. Lakin A.Kazımova türkiyəli müğənnin gözünü yolda qoyaraq, konsertə gəlməyib.
Yeri gəlmişkən, konsertin təşkilatçısı Nahid Emiloğludur.