Türkiyənin Konya şəhərindəki heyvan sığınacağında itlərin öldürülməsinə aid paylaşım edən müğənni Tarkanı heyvan sevərlər tənqid atəşinə tutub.
Lent.az xəbər verir ki, dəhşətli hadisənin diqqət mərkəzində saxlanmasını istəyən pop ulduz sosial media hesabında bu sözləri yazıb:
"Bu qorxunc görüntüləri üzüntüdən izləyə bilmədim. Bu necə bir canilikdir? Bu vəhşətə şahidlik edənlər nə vicdansızdırlar ki, "dayan" demirlər, önünə keçirlər bunun?
İnsanlığımdan bir daha utandım. Heyvanlara işgəncə edən bu canilərin cəzası verilməlidir. Halbuki həmişə deyirik bunları, amma sözüm səlahiyyətli şəxslərədir. Bilsinlər ki, onlar da susduqları üçün bu canilər qədər günahkardırlar".
Bu paylaşımdan sonra bəzi kütlələr Tarkanı hədəf alıblar. Onlara cavab verən ifaçı başqa bir paylaşımında "Söz gümüşdürsə, sükut qızıldır. Mən özümü bilirəm. Məni tanıyanlar da yaxşı bilir, o da mənə bəsdir. Susuram ona görə. Mən susaram, amma mahnılarım rahat dayanmaz", - yazıb.
Qeyd edək ki, bir neçə gün öncə Konyada itləri bel ilə vurub öldürən şəxslər həbs olunub.