Müğənnilər sosial media reketçiliyində: baş rolda Röya!
22 avqust 2025 16:23 (UTC +04:00)

Müğənnilər sosial media reketçiliyində: baş rolda Röya!

Sənətçi, müsiqiçi, müğənni… Dünyada bu sahənin insanları humanitar və ictimai fəaliyyətləti ilə diqqət çəkirlər. Onlar müxtəlif sosial aksiyalarda iştirak edirlər. Qlobal və bəşəri problemlərlə bağlı mesaj verir, söz azadlığı, gendər bərabərliyi kimi dəyərləri qoruyurlar.  

Azərbaycanda isə çox az sənət adamı bu adını çəkdiklərimizin mənasını bilir. Çox təəssüf ki, böyük əksəriyyəti adını belə yanındakılara yazdıran bu adamlarda vizyon, düşüncə məhəlli səviyyədən də aşağıdı.

Bunların ən səviyyəlilərinin öyündüyü musiqi təhsilinin olmasıdır. Lakin musiqi təhsili ilə dünya görüşü, düşüncə tam fərqli məsələlərdir.

Bizim müğənnilərin əksəriyyəti kriminal dünya ilə əlaqələri ilə fəxr edirlər, bu güclə başqalarını hədələyirlər. Bir-birləri haqqında blogerlərə tənqidi xəbərlər hazırlatdırırlar, sosial şəbəkələrdə saxta səhifələr və hesablar yaradıb rəqiblərini, onları tənqid edən jurnalistləri  təhqir etdirirlər. 
Sosial şəbəkə səhifələrindən xəbər səhifələrini bağlatdırmaq üçün istifadə edirlər.

Bunun bir nümunəsini bu günlərdə Lent.az yaşadı.

Xalq artisti Röya "sinəsi açıq" şəkillərini onun öz instaqram səhifəsinə istinadən yaydığı üçün Lent.az-ın instaqram səhifəsini şikayət edərək blokladıb.

Əvvəlcə, bu şikayəti görəndə təəccübləndik. Çünki Röyanın səhifəsində 2 milyon abunəçi göstərir. (Azərbaycanda müğənni və blogerlərin səhifəsindəki izləyici saylarının yalan olduğunu, saxta toplandığını bilirik) Əgər 2 milyonluq səhifədə açıq yayılan şəkillər ora istinadən 178 minlik səhifədə yayılıbsa, bu Röyanı niyə narahat edib? 

İkincisi, axı Röya şəkillərin silinməsi ilə bağlı heç vaxt Lent.az-a müraciət etməyib. Etsə, əlbəttə ki, silinərdi. Biz Röyanın sinəsi ilə tiraj toplamırıq.

Bizə Röyanın sinəsi və ya dalı ilə bağlı (bu yaxınlarda səhnədə dalını şillələməklə gündəmə gəlmişdi) müzakirələr maraqlı deyil. Statusu xalq artisti olan adamın özünü sinəsi ilə təqdim etməsi maraqlı olduğu üçün o şəkillər paylaşılıb. 

Yoxsa ki bizim şou biznesdə açıq sinədən və şillələnən daldan çox heç nə yoxdu. Röyanın bu mənadakı davamçıları lap çoxdu, şəkillərinin xəbər səhifələrində yayılmasından da şad xürrəm olurlar...

Burda bizim diqqətimizi çəkən və hamının da diqqətini çəkməli olan məqam başqadır: Röyakimilərin və olanların instaqramda at oynatmasının gələcək nəticələri. Bir müddət əvvəl "Tik-tok"da belə reketçi dəstələr yaranmışdı, nə hoqqa desən, çıxarırdılar.

Həmin dəstələrin məşhurluqlarından sui-istifadə edərək, gördükləri qara işləri Daxili İşlər Nazirliyi zaman-zaman araşdırdı və ortaya heç də yaxşı nəticələr çıxmadı. Polis orqanlarının keçirdikləri əməliyyatla qara işlərlə məşğul olan xeyli tik toker saxlanıldı, haqlı olaraq barələrində tədbir görüldü.

İndi isə eyni tendensiya instaqramda başlayıb. İnstaqram blogerləri və bu sosial şəbəkədə məşhur olan müğənnilər "sosial şəbəkə reketliyi" ilə məşğul olurlar. Onlar hətta ayrı-ayrı ictimai proseslərdə idarə olunan formada şəbəkələşmiş fəaliyyətlə məşğul olur, adi kriminal hadisələrdən sosial problem yaratmağa çalışırlar. Daha sonra isə bunu sinxron şəkildə tik-toka ötürürlər.

Müğənnilər pullarının bir hissəsini instaqram və tik-tokda saxta səhifələr və profillər yaratmağa xərcləyirlər. Onlar bir neçə əməkdaş işə götürür, onlarla saxta profil yaradır və saxta səhifələr vasitəsilə rəqib həmkarlarını, onları tənqid edənləri hədəf alır, eyni zamanda müəyyən proseslərə ( məsələn, Gəncədə məktəblinin intiharı xəbərinin qətl kimi göstərilməsi prosesi məhz bu cür baş verdi) təsir etməyə çalışırlar. 

Röya da bu prosesdə aktiv iştirak edən müğənnilərdən biridir. Özünü  Kann film festivalında "qırmızı xalçada olan ilk azərbaycanlı" kimi göstərən Röyanın bu yalanını lent.az ifşa edib və buna tənqidi yazı həsr edib. 

Röya açıq sinəsinin, şillələdiyi dalının görüntülərinin yayılmasının dərdini çəkmir, bu yalanının ifşa olunmasının qisasını alır.

Məsələ ondadı ki, bu xalq artisti, ya da onun yanındakılar və pul verənləri bilməlidilər ki, bu ölkədə görülən işləri işıqlandıran, bu ölkəyə qarşı olan hücumlara cavab verən saytlardan biri də lent.az saytıdı, Röyanın sinəsi açıq şəkillərini yaydığı instaqram səhifəsi yox. Məhz bu sadə həqiqətə görə, Röya lent.az səhifəsini şikayət etməməlidir.

Özünə xalq artisti deyən adam bunu dərk edə bilmirsə, ətrafında Şərurlu İsfəndiyarın alimlərdən bir-ikisini saxlasın...

Xatırlayırsızsa, bir müddət əvvəl Azərbaycanın əsas media resurslarına, o cümlədən "APA Group"a daxil olan saytlara kiberhücumlar təşkil edilmişdi. Bu hücumların haradan olunduğu dövlət səviyyəsində araşdırıldı və Rusiya xakerləri tərəfindən edildiyi ortaya çıxdı. Təbii ki, bu məsələ bizə təsir etmədi, çünki adı çəkilən ölkənin bizə qarşı ilk təxribatı deyildi. Rusiyanın məqsədi aydındır, ölkəni informasiya blokadasına salmağa, buna görə də xəbər resurslarını çökdürməyə çalışırdı. Onu qeyd edək ki, bizim resurslara bu cür hücumlar mütəmadi edilir.

Yaxşı, biz Rusiyanı, İranı anladıq, bu dövlətdən ad alan, bu xalqdan pul qazanan Röya niyə? Bu adamlar bunu başa düşmür, yoxsa güc göstərirlər? Başa düşmürlərsə, ancaq dallarını şillələyəndə çəkib yayan mətbuat xidmətləri yox, ağıllı adamlarla əməkdaşlıq etsinlər. Yox, güc göstərirlərsə, o zaman soruşmalıyıq: kimə???

P.S. Röyanın 2 milyondan çox izləyicisi olduğu görünən instaqram səhifəsi hamıya açıqdı. Baxın, incələyin, Vətən Müharibəsi, ya sonrakı proseslərlə bağlı neçə paylaşımı var? Məsələn, Vətən Müharibəsində erməni əsilli porno ulduz Kim Kardaşyanın ermənilərə dəstək paylaşımları, ianə kampaniyaları var idi. Röyanın səhifəsində ona cavab olan bir paylaşım tapa bilmədik. Amma Kim Kardaşyana Röyanın şikayət edib bağlatdırdığı lent.az instaqram səhifəsində cavab verilmişdi. Belə!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 846

Oxşar yazılar