Dünyaca məşhur olan amerikalı aktyor Corc Kluninin həyat yoldaşı siyasi kulislərdə özündən daha çox tanınır.
Amal Kluni britaniyalı hüquqşünasdır, özü də bu gün 45 yaşı olur. O, 3 fevral 1978-ci ildə Beyrutda anadan olub.
Lent.az xarici KİV-ə istinadən bildirir ki, Amal Kluni tanınmış beynəlxalq hüquq, ekstradisiya və insan hüquqları üzrə hüquqşünasdır. O, Beynəlxalq Ədalət Məhkəməsində və Beynəlxalq Cinayət Məhkəməsində çalışıb və Livan üzrə Xüsusi Tribunalda prokurorun baş hüquq məsləhətçisi olub.
Onun müştəriləri arasında WikiLeaks-in yaradıcısı Culian Assanj, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenko və Maldiv Respublikasının keçmiş prezidenti Məhəmməd Nəşid var.
Corc Kluni 2013-cü ildə Amal ilə elə öz evində tanış olur. Həmin zaman valideynləri də evdə idi. Amalı ortaq dostları ora gətirib. Corc Kluni sonralar deyir ki, Amalı görəndə "nəfəsi kəsilib": "O, parlaq, şən, gözəl və mehriban idi".
Bu görüşdən sonra onların ünsiyyəti davam edir və 2014-cü ildə toyları olur. 2017-ci ildə cütlüyün əkizləri dünyaya gəlir: Alexander və Ella.
Evlilik və uşaqların doğulması Amalın karyerasına təsir etmədi. 2021-ci ildə Beynəlxalq Cinayət Məhkəməsi (ICC) onu Darfurdakı Sudan münaqişəsi üzrə xüsusi məsləhətçi təyin edib.
Lent.az bu məşhur cütlüyün fotolarını təqdim edir: